Sentyabrın 6-da Sloveniyada ATƏT-in Milli azlıqlar üzrə Ali Komissarı və Sloveniya Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müxtəlif cəmiyyətlərin inteqrasiyası üzrə Lyublyana Qaydalarının (Lyublyana Qaydaları) 10 illiyi münasibəti ilə beynəlxalq konfrans keçirilib.
Mərkəzdən 525.az-a verilən məlumata görə, konfransda Lyublyana Qaydalarının müzakirəsi, onların ATƏT regionunda milli azlıqların inteqrasiyası sahəsində meydana çıxan çağırışların cavablandırılması istiqamətində tətbiqi və məsələ ilə bağlı müsbət təcrübə mübadiləsi aparılıb. Həmçinin, konfransda Lyublyana Qaydaları barədə maarifləndirmə səviyyəsinin artırılması və sözügedən qaydaların daha geniş implementasiyasına dəstək yollarının müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. Tədbirdə iştirakçı dövlətlərin yüksək səviyyəli rəsmiləri, sahə üzrə ekspertlər, beynəlxalq təşkilatların və elmi dairələrin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Azərbaycanı beynəlxalq konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təmsil edib. Mərkəzin müşaviri Aytən Qəhrəman konfrans iştirakçılarına ölkəmizin multikulturalizm sahəsində həyata keçiridiyi tədbirlər və mövcud müsbət təcrübə barədə geniş məlumat verib.
çap et