525.Az

"Vətən, onun dünəni, bu günü və sabahı bütün varlıqların fövqündədir"


 

"Vətən, onun dünəni, bu günü və sabahı bütün varlıqların fövqündədir"<b style="color:red"></b>

Həmsöhbətimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin fikrincə, onun şüurlu həyatı boyu yaratdığı tək bir kitab var: O kitabın adı BAMF-dır.

 

(Əvvəli qəzetimizin 7 sentyabr tarixli sayında)

 

- Bütün bu təşkilatlarla əməkdaşlıq ilk növbədə ölkəmizə, o sıradan BAMF-a hansı üstünlüklər verir, hansı dividentlər qazandırır?

-  BMT-də tədbirlər keçirməyə, Azərbaycanla bağlı haqq səsimizi dünya ictimaiyyətinə çatdırmağa çalışdıq və çalışırıq. Yüksək beynəlxalq tribunalardan ermənilər tərəfindən hazırlanan qarayaxmalara imkan daxilində cavab verdik. Cenevrədə bir tədbirdən çıxıb Nyu-Yorka gedirdik, onlar reallığı, bizim nələrə qadir olduğumuzu görürdülər.

Yeri gəlmişkən bir faktı da deyim ki, mən 4 il 160 ölkənin jurnalistlərini özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun direktorlar şurasının üzvü olmuşam. Biz o təşkilatın dəstəyi ilə Azərbaycanda "Neft, qaz və media" adlı ciddi bir konfransın keçirilməsinə nail olduq. BMİ-nin iki dəfə Azərbaycana gəlməsi məhz BAMF-ın fəaliyyətinin nəticəsidir. Ölkəmizdə "Neft, qaz və media" konfransının keçirilməsi çox böyük uğur idi. Azərbaycana qarşı aparılan qara piyalara qarşı mübarizədə belə qurumla  sıx əməkdaşlığın, düşünürəm ki, kifayət qədər köməyi olub. Beynəlxalq Sülh Bürosunun Ali Şurasında 19 Şərq ölkəsi üzrə rəhbər olmuşam, tədbirlərdə ölkəmin haqq səsini dünyaya çatdırmağa, Azərbaycanla bağlı problemin gündəmə gəlməsinə ara vermədən çalışmışam. BMT-nin Cenevrə ofisində, Nyu-Yorkda işğal olunmuş ərazilərimizdən bəhs edən "Su müharibəsi", "Güllələnmiş məzarlar" filmlərinin nümayişinə nail olmuşuq. Sərsəng su anbarı ilə bağlı lentə alınan "Su müharibəsi" filmi 30 min insanın qatıldığı məkanda nümayiş edilib. Ümumiyyətlə, BAMF beynəlxalq aləmdə siyahılara yerləşməyəcək sayda çox işlər görüb.

"Əl-Cəzirə" televiziyasında son 10 ildə Azərbaycanla bağlı fəaliyyətin 100 faizində əməyimiz var. 2019-cu ildə pandemiya şərtləri layihələrin icrasına imkan verməsə də, biz "Əl-Cəzirə" ilə birlikdə Azərbaycanla bağlı müştərək beş film ərsəyə gətirdik. Bu filmlərin hər biri 25 dəqiqə müddətində "Əl-Cəzirə"də yayımlandı. 35 gün ərzində bu televiziyada Azərbaycan həqiqətləri gündəmdən düşmədi. Azərbaycanda belə filmlər barmaqla sayılacaq qədər azdır. Hələ Avropadan, Amerikadan, İsraildən, Ərəb ölkələrindən, Pakistandan, postsovet məkanından gələn jurnalistlərlə olan fəaliyyəti demirəm. Bütün bu görüşlərin hər birinin arxasında ölkədə sülhün bərqərar olmasına, vətəndaş cəmiyyətinin inkişafına yönəlik xidmət istəyi və onun uğurlu icrası dayanır.

Bilirsiniz, Xarici İşlər Nazirliyinin saytında qara siyahıya düşən əcnəbi jurnalistlər var. Bizim təşəbbüsümüzlə belə jurnalistlərdən ikisi Litvadan Azərbaycana gəldi. Onlar Ermənistana Dağlıq Qarabağ üzərindən səfər edən jurnalistlər idi. Onlara yanlış davrandıqlarını faktların dili ilə sübut elədik. İki həftə regionda səfərdə olan həmin iki jurnalist həqiqətlə tanışlıqdan sonra Azərbaycan XİN qarşısında səhvlərini etiraf etdilər. Audris Antanaitis ilk dəfə olaraq Azərbaycanda baş verən faciələri Litva auditoriyasına çatdırdı. Radio, televiziyada reportajlar yayımlandı, mətbuatda yazılar dərc edildi.

Belə faktlar çoxdur, hər birini sadalamaq uzun zaman alar. Görülən işlər, əldə edilən uğurlar dövlət mənafeyinə xidmət etməklə bərabər, təbii ki, BAMF-a da dividentlər gətirir.

- Umud müəllim, şəxsi qənaətimə görə,  ölkəmizin davamlı səfərlərdə olan nadir şəxslərindənsiniz. Daim təyyarədə, daim sükan arxasında... Bu səfərlər sizə, bizə, vətənimizə... nə səmərə verir və siz bu səfərlərdən yorulmursunuz ki?

- Təbii ki, mənim də yorulduğum, dinclik axtardığım zamanlar olur. Ən azı mən də canlı insanam. Həm də daha 30 yaşındakı gənc deyiləm ki, günlərlə səngərdəki əsgər kimi yuxusuz qalam. Neyləməli ki, mənim işim daimi səfərlərlə bağlıdır. Bəli, həm də dörd təkər üstündə bölgələrə gedən yolun yolçusuyam. Bu, mənim vəzifəmdir,  borcumdur, fəaliyyətimin xarakteri bunu tələb edir. BAMF beynəlxalq imicli təşkilat olduğu üçün fəaliyyətimiz həm də beynəlxalq aləmlə bağlıdır. Ölkə üçün önəmli olan tədbirlərə qatılmamaq mümkün deyil.

- Hesab edirəm ki, belə bir qurum yaratmaq hər bir insanın arzusu, niyyəti ola bilər. Amma deyir, sən saydığını say, gör fələk nə sayır. Bəziləri düşünür ki, maliyyəm yoxdursa, belə bir işə başlamaq mənasızdır, bir başqası həvəslə başlayır, maliyyə sıxıntısı çəkir, müflis olur, ruhdan düşür, geri çəkilir. Bəs daim fəaliyyətdə olan BAMF davamlı maliyyəni necə nizamlayır? Bir qədər bu barədə danışaq, bəlkə təcrübəniz kimlərəsə yol xəritəsi ola bilər.

- İstənilən işə başlamaq üçün adamda gərək ürək ola. Xalq arasında necə deyirlər, filankəs qurd ürəyi yeyib. Hədəfinin nə olduğunu bilməlisən, maneələri göz önünə almalısan. Cüzi maliyyə ilə sıfırdan başlayıb möcüzələr yaradan insanlar az deyil. Cızdığın yol xəritəsi aydın olmalıdır, hər şeydən öncə öz gücünə inanmalı, sonra ilk addımlarını atmalısan. Həm də cəsarətlə. Bəli, iş qurmağı, rəhbər olmağı, uğur qazanmağı arzulayanlar çoxdur. Amma el arasında deyilən kimi, Allahdan buyruq, ağzıma quyruqla iş olmur. Gərək qolunu yaxşıca çırmalayıb işə şəxsən girişəsən. Zəhmət çəkmədən, tər tökmədən hazır loxma yoxdur. Rus məsəlində deyilmişkən, "müftə pendir siçan tələsində olur". Göydən zənbillə nəyinsə endiyini kim görüb? Böyük layihələrin icrası böyük donorların iştirakı ilə həyata keçirilir. BAMF da ötən üç onillikdə həmin donorlarla iş birliyinə nail olub. Bu gün onlarla çox rahat şəkildə əlaqələr yaradır və əməkdaşlıq edirik. Bizim həyata keçirdiyimiz bütün layihələrin maliyyə əsaslandırmaları olur və biz bunun sayəsində layihələrimizi həyata keçiririk.

- BAMF-ın timsalında dövlətimizin QHT-lərə dəstəyini necə dəyərləndirərdiniz? Daha hansı təklifləriniz var ki, bu proses yaxşıya doğru daha da dərinləşsin?

- Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumlarına dövlət hər zaman dəstək göstərməyə çalışır. Təşkilatların istər qanunvericilik bazasının formalaşdırılmasında, istərsə də maliyyə qaynaqlarının yaradılmasında dövlət öz mümkün dəstəyini əsirgəmir. Biz bilirik ki, vaxtilə QHT-lərə onların ofislə təmin olunmasında, torpaq sahələrinin ayrılmasında müəyyən dəstək verilib. Hesab edirəm ki, hazırda vacib olan məsələlərdən biri dövlət qurumlarının həyata keçirdiyi bir sıra layihələrin icrasının QHT-lərə həvalə edilməsidir. Fikrimcə, bu istiqamətdə hökumət daha çox səy göstərməli və fəaliyyətə keçməlidir. İstər sosial, istər iqtisadi layihələrin QHT-lər tərəfindən icra olunması üçün müəyyən şanslar yaradılmalı və onlara yol açılmalıdır ki, dövlət layihələrinin icrasında birbaşa fəaliyyət göstərə bilsinlər. Belə olan halda QHT-lər özlərinin maddi texniki bazalarını formalaşdıra və inkişaf etdirə bilərlər. Çox təəssüf ki, bəzi insanlarda QHT-lərin maliyyə qazanmaları ilə bağlı yanlış fikirlər formalaşıb. Bu, kökündən səhvdir və Azərbaycan qanunvericiliyində QHT-lərin müxtəlif bizneslə məşğul olmalarına dair  heç bir məhdudiyyət yoxdur. Hər bir QHT-nin maliyyə təminatına ehtiyacı vardır və mütləq şəkildə bu vəsaitlər təşkilatın inkişafına xərclənməlidir.

- Bir çox təşkilatlarda BAMF sizin şəxsinizdə təmsil olunur: orada işiniz nədən ibarətdir, necə çatdırırsınız?

- Hazırda bir sıra təşkilatların, qurumların ictimai şuralarında təmsil olunuram. ANAMA yanında ictimai şuranın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədr müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında ictimai şuranın üzvü, Azərbaycan Dövlət Pedaqoji Universiteti yanında fəaliyyət göstərən ictimai şuranın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini kimi fəaliyyətlərimi qeyd edə bilərəm. Bu sadaladığım vəzifələrə seçilməyimdə öz istəyimdən daha çox ictimai rəyin rolu böyük olub. Mənə etimad göstərilib və mən də buna biganə qalmamışam. Hesab edirəm ki, təmsil olunduğum qurumlarda üzərimə düşən işlərin öhdəsindən layiqincə gəlirəm.

- Bildiyim qədər sizin təşkilatın bir strukturu nəşriyyat olaraq fəaliyyət göstərir. Başqa sözlə, "Avrasiya Press" nəşrlər evi elmi, maarifləndirici, bədii kitablar hazırlayır. Bu sahədə görülən işlər nədən ibarətdir?

- BAMF-ın "Avrasiya Media Şəbəkəsi" "Avrasiya Press" nəşriyyatını, "Avrasiya gündəliyi" internet portalını və "Avrasiya Production" çəkiliş studiyasını özündə birləşdirir. "Avrasiya Press" BAMF-ın xeyli sayda kitablarını nəşr edib, çap məhsullarımız bir çox sərgilərdə nümayiş olunub. Həm yerli, həm də beynəlxalq kitab sərgilərində müəllif kitablarının təqdimatı keçirilib. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə kirillə çap olunan kitabların latın qrafikasına çevrilməsi prosesi başladı. "Avrasiya Press" nəşriyyatı da bu layihəyə qoşuldu və 100-dən çox kitabı yenidən redaktə etdi, kirildən latın qrafikasına çevirdi. Yəni ölkənin hər yerində fəaliyyət göstərən kitabxanaların rəflərində sıralanan kitablarda BAMF-ın və "Avrasiya Press"in adı var. Avropada Xristian Demokratik Partiyasının qurucusu, eyni zamanda Belçikanın keçmiş naziri Alfred Martinsin "Mən mübarizə aparıram, qalib gəlirəm" əsəri də "Avrasiya Press"in məhsuludur. Məhəmməd Yunusun "Kasıbların bankiri" kitabını böyük məmnuniyyətlə tərcümə və nəşr etdik. Bu unikal əsərdə ölkəmiz üçün öyrəniləsi çox şey var. Həmçinin, jurnalistika nəzəriyyəsi ilə bağlı bir çox nəşrlər məhz "Avrasiya Press" tərəfindən işıq üzü görüb. Hazırda üzərində işlədiyimiz önəmli kitab vardır. Sami Əlhacın "Məhbus-345 Quantanamoda 2330 gün" və Heidi Kühün "Canlanan torpaq - minalı ərazilərdən üzümlüklərə" adlı kitabının Azərbaycan dilində çap olunması istiqamətində çalışırıq. Demək olar ki, son tamamlama işlərimizi həyata keçiririk. Yaxın zamanlarda hər iki kitabın təqdimatını edəcəyik. Bizim "Avrasiya Production" studiyamız da fəaliyyət göstərir. Gündəlik yayımlanan reportajlar burada hazırlanır və paylaşılır. Tədbirlərdən, görüşlərdən, layihə daxili fəaliyyətlərdən çəkilən fotoşəkillər və videolar studiyada emal olunur və yüksək keyfiyyətlə hazırlanaraq təyinatı üzrə təqdim edilir.

- Səhv etmirəmsə, fəaliyyətinizin ilk illərində "Hərb və sülh" adlı qəzet də nəşr edirdiniz. Gərək ki, indi onu "Avrasiya gündəliyi" saytı əvəzləyir.

-  Doğrudur, 1993-cü ildə rus dilində "Hərb və sülh" ("Voyna i mir") adlı qəzet buraxdıq. Məqsəd BAMF-ın ideyalarını həmin qəzet vasitəsilə beynəlxalq aləmdə rusdilli əhaliyə çatdırmaq idi. Təəssüflər olsun ki, qəzetin ömrü qısa oldu, mövcud durum bu işi davam etdirməyə imkan vermədi. 1993-cü ildə Qarabağın 7 rayonu işğal olundu. Onların sırasında mənim doğulub boya-başa çatdığım Füzuli rayonu da vardı. Mən qəzetin yalnız bir nüsxəsi ilə Moskvadan Bakıya döndüm. Bakıda Azərbaycan dilində çap etdik. Amma bildiyiniz kimi, ənənə yaşayır, günü bu gün də media bizim əsas fəaliyyət istiqamətimizdir. Təbii ki, "Avrasiya Press" öz işini davam etdirir, layihələrlə bağlı kitablar, kitabçalar, broşurlar nəşr olunur.

BAMF-ın 4 dildə - ingilis, rus, Azərbaycan və ərəb dillərində yayımlanan "Avrasiya gündəliyi" saytı izləyicilər tərəfindən bəyənilir. Bizim saytda BMT-nin Baş katibinin müavininin hazırladığı açıqlamalar yayımlanır, eyni zamanda, dünyanın nüfuzlu jurnalistlərinin, politoloqlarının eksklüziv yazıları, fikirləri oxucu kütləsinə təqdim olunur. Saytımız BAMF-ın əsas missiyaları istiqamətində mütəmadi olaraq yazılar yayımlayır, xəbərlər, reportajlar hazırlayır, konflikt bölgələrindən obyektiv informasiyaların paylaşılmasına dəstək olur və bunları özü üçün prioritet hesab edir.

- Sizcə, hansı dəstəklər olsa, BAMF daha böyük uğurlara imza atar?

-  Azərbaycanda bizim kimi böyük təşkilatlara kiçik qrantların yox, məqsədyönlü layihələrin ayrılması zərurəti vardır. Dünyanın hər yerində bu cür təcrübələr var. Düzdür, həmin layihələrin vəsaiti birbaşa dövlət büdcəsindən ayrılmır. Daha çox müəyyən inkişaf agentlikləri vasitəsilə QHT-lərin fəaliyyətini dəstəkləyən layihələr olur. Məsələn, ABŞ-ın inkişaf agentliyi USAID-i qeyd etmək olar. Bu agentlik yerli QHT-lərin Amerikadan kənarda müxtəlif layihələr həyata keçirmələri üçün dəstək göstərir. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi niyə də milli QHT-lərin ölkədən kənarda həyata keçirə biləcəyi layihələri dəstəkləməsin? Düşünürəm ki, bu istiqamətdə Azərbaycan vətəndaş cəmiyyəti qurumlarına dəstək göstərilməsinə böyük ehtiyac vardır. Həmçinin, qeyd olunası digər məsələ isə təkcə BAMF-ın yox, bütövlükdə bizim media cameəsinin peşəkarlığının artırılmasına ehtiyacın olmasıdır. Biz Qarabağ müharibəsini udduq, amma düşmən məkrli olduğu qədər həm də yaralıdır, ermənilər, onların havadarları qisas havasındadırlar. Azərbaycan media qurumları müvəffəqiyyətdən baş gicəllənməsi keçirməli deyil, başını yumşaq yastığa qoyub rahat yatmalı deyil. Bir daha təkrarlayıram, media nümayəndələri səngərdəki əsgər qədər ayıq-sayıq olmalıdır, düşmən həmləsinə vaxtında və tutarlı cavab verilməlidir. Operativ jurnalist əsgərdir, qələm ən güclü silahdır. Bunu heç zaman unutmaq olmaz.

- 1992-2022. Otuz il ərzində görülən işlərə dair hesabatlar hazırlamısınız. O hesabatlarda boşluqlar görürsünüzmü? Daha nələri etsəydiniz, məmnun qalardınız?

- Bəli, nəinki hər il üçün, hər an, hər dəqiqə, hər saat, hər gün üçün insan özünə hesabat verməlidir. Doğrular, yanlışlar zamanında aydınlaşmalıdır. Növbəti günün uğuru bu gün nə edəcəyimiz, necə çalışacağımızla birbaşa bağlıdır. Bizim beynəlxalq öhdəliklərimiz var. Hər il BMT-yə hesabat verməliyik, hər layihənin dəqiq, doğru hesabatı olmalıdır. İşin mahiyyəti, keyfiyyəti hazırlanan hesabatlarda dəqiqliklə əksini tapmalıdır. Aydınlıq, şəffaflıq əlahiddə dərəcədə vacibdir. İnam, etibar asanlıqla qazanılmır.

Doğrudur, hər il gördüyümüz işlərin ən əhəmiyyətli qismi istiqamətlərimiz üzrə hesabat jurnallarımızda əks olunub. Təbii ki, çoxfunksiyalı, çoxşəbəkəli, geniş coğrafiyalı BAMF kimi bir qurumun gördüyü bütün işlər kitab-dəftərə sığmaz. 30 illik fəaliyyətimizlə bağlı arxiv materiallarının araşdırılması üçün nəinki aylar, hətta mübaliğəsiz deyərdim ki, illər lazımdır. Təbii ki, türk qardaşlarımız demiş, dörd dördlük iş, yəni hər sahədə ideal fəaliyyət imkansızdır. Boşluqlar, çatışmazlıqlar hər zaman var və zaman-zaman təcrübələr qazanıldıqca biz onların yerini doldurmağı bacarırıq. Bəli, daha çox işlər görülə bilərdi, daha böyük uğurlu nəticələr əldə edilərdi. Biz sadəcə öz gücümüz, öz qüvvəmizlə edə biləcəyimiz qədər etdik.

44 günlük müharibə müddətində biz "İcma mina aksiyası" komandamızla Tərtər bölgəsində olduq. Ümumi fəaliyyətlə bağlı işlərimizi də axsatmadan "Əl-Cəzirə" televiziyasının komandası da bizimlə bərabər qaynar həyatın içində idik. Ermənilərin Gəncədə, Bərdədə, Mingəçevirdə, Şəmkirdə törətdikləri cinayətkarlıq, günahsız insanların, məsum körpələrin öldürülməsi, yaralanması, münaqişə zonası ilə heç bir əlaqəsi olmayan dinc şəhərlərin bombardman edilməsi tarixin səhifələrinə qanla yazılırdı. Biz BMT-dən olan nümayəndələrimizin iştirakı ilə baş verən olaylarla bağlı hesabat hazırladıq və həmin hesabat dünya mediasında kütləvi şəkildə yayımlandı.

- BAMF-ın pəncərəsindən baxanda yaxın-uzaq çevrələrdə münaqişələr alovlanan dünyanın gələcəyi necə görünür?

- Cavabıma sualla başlayacam. Biz BAMF adlanan bu qurumu niyə yaratdıq? Niyə təsis  yığıncağını 22 iyulda keçirdik? Bu tarix İkinci Dünya müharibəsinin başlanması tarixi idi. 44 günlük müharibə isə sözün əsl mənasında Vətən müharibəsi idi. Biz informasiyanın doğru, düzgün yayılması, həqiqətin kimin tərəfində olduğunun görünməsi üçün beynəlxalq təşkilatlara - Qızıl Xaç Cəmiyyətinə, BMT qurumlarına  müraciət etdik. Cavabları bu oldu ki, biz siyasətə qarışmırıq. İnanın, mən az qala yalvarırdım, biletlərini alırdım, qarşılamaq, yola salmaq üçün hava limanına gedirdim, Azərbaycana gəlməyi qəbul edən jurnalistləri dərhal bölgəyə çatdırırdım. Ailəm yenə də dəstəyini əsirgəmirdi, həyat yoldaşım onlara yemək hazırlamaq bir yana, paltarlarını belə yuyub ütüləyirdi. Elə həmin gərgin anlarda ideya yarandı, elə bir təşkilat yaransın ki, konflikt zonalarının, jurnalistlərin, xəbər daşıyıcılarının, xalq diplomatlarının səfərlərini təşkil etsin və beləliklə, obyektiv informasiya vaxtında, olduğu kimi beynəlxalq aləmə çatdırılsın. O zamanlar Çeçenistanda, Gürcüstanda, həmçinin, Orta Asiyada özbəklər, qırğızlar, taciklər arasında konfliktlər yaranmışdı. Bütün bu olanlar süni şəkildə alovlandırılır, millətlər, xalqlar arasında nifaq toxumu səpilirdi.

Bir qədər əvvəl də qeyd etdiyim kimi, BAMF-ın ilk təsis yığıncağı Moskvada oldu. Mənim təşəbbüsümlə müxtəlif ölkələrdən olan 22 jurnalist bizim yığıncağa qatılmışdı. İlk bəyanatımızı da Moskvada verdik. Fəaliyyətimiz dövründə konflikt bölgələrinə səfərlərimiz oldu. Çeçenistana, Baltikyanı ölkələrə. Qarabağda baş verənləri öz gözünlə görəndən sonra düşünürsən ki, dünyanın harasında olursa olsun baş verə biləcək konfliktlərə sinə gərmək, onun qarşısını almaq lazımdır. İndi budur, Ukrayna hadisələrini ürək ağrısı ilə müşahidə edirik. Tərəfdaş olduğumuz "Sülhün kökləri" təşkilatı ilə Ukraynada baş verən olaylarla bağlı nələri edə biləcəyimizlə bağlı söhbətlər aparırıq. Dünyanın 60-dan çox ölkəsində minalanmış ərazilər problemi var və min illər sonra da təmizlənməsi çözülə bilməyən problem olaraq qalır. Bu sıraya artıq Ukrayna da daxildir. Nyu-Yorkda mina probleminin qabardılması ilə bağlı bir tədbirimiz gözlənilir. Çox təəssüf ki, dünyanın hegemon dövlətləri baş verən proseslərə öz maraqları çərçivəsindən yanaşırlar. Amma fərqində deyillər ki, bu, külli-bəşəriyyəti nə qədər geriyə salır. Bu qədər silahlara xərclənən vəsaitlər insanların inkişafına, təhsilinə yönəlsəydi, necə böyük bir faydası olardı. Bu gün nə qədər insan ac-susuz, evsiz-eşiksizdir. Niyə bu resurslar onların rifahına yönəldilməsin? Budur əsas problem. Ukraynada konfliktin yaranmasında əsas səbəb dövlətlərin şəxsi maraqlarıdır. İstər Rusiyanın, istər Avropa ölkələrinin, NATO-nun, ABŞ-ın və s. Mən bir daha hər kəsə səslənirəm ki, gücümüz çatsa da, çatmasa da, biz ən azından belə problemlərin həll olunması üçün səssiz qalmalı deyilik.

- Bəs yaxın onilliklərdə dünyanın kiçik parçası olan Azərbaycanın gələcəyini necə görürsünüz?

- Azərbaycan davamlı inkişafda olan bir ölkədir. Son onilliklər ərzində təkcə paytaxt Bakıda deyil, regionlardakı inkişafı görməmək, dəyərləndirməmək korluq olardı. Həm də torpaqları 30 il işğal altında olan, qaçqın-köçkün problemi yaşayan bir ölkə olaraq Azərbaycan dövləti bu ölkənin, bu xalqın nələrə qadir olduğunu sübut elədi. Əgər müharibələr, dağıntılar olmasaydı, Azərbaycanda inkişaf pik həddə çatar, əhalinin yaşayış səviyyəsi qat-qat yüksələrdi.

Gəlin etiraf edək ki, son zamanlar bir çoxları işğal altında olan Qarabağ torpaqlarının qəsbkar düşməndən təmizlənəcəyinə şübhə ilə yanaşırdı. Bu günün reallığı nədir? Böyük itkilər, şəhidlik bahasına da olsa, Azərbaycan Ordusu zəfər çaldı. Mən heç zaman inamımı itirmədim, bu istiqamətdə mücadilə apararkən içimdə xırda bir şübhəyə yer yox idi. Dədə-baba torpaqlarımız artıq bizimdir və mən inanıram ki, ən qısa zamanda Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, müzəffər Milli Ordumuzun ayıq-sayıqlığı, xalqımızın birliyi sayəsində bir qarış belə torpağımız əsarətdə qalmayacaq. Mən ona da inanıram ki, artıq Azərbaycan adlı bir məmləkətin varlığını qəbul edən dünya onun nələrə qadir olduğunu da anlayacaq.

- Bəs ümidlə dolu adam Umud Mirzəyev  BAMF-ın gələcəyini necə görür?

-  BAMF artıq oturuşmuş, mükəmməl idarəetmə strukturu, özünə məxsus tərcümeyi-halı, geniş əlaqələri olan beynəlxalq qurumdur. 1993-cü ildə Moskvada "Radio Mayak"da Modris Auzenş, Yuri Pampeyev, Riçard Lapaitislə birlikdə çıxış edirdik. Radio jurnalisti məndən qərargahımızın harada olduğunu soruşdu. Dedim, Bakıda. Təəccüb qarışıq heyrətlə soruşdu ki, necə yəni Bakıda? Bir qədər də şəstlə təkrarladım, dedim ki, bəli, bizim təşkilatımızın mərkəzi Bakıdadır. Əlavə etdim ki, bu tipli təşkilatların yerini Moskva, London və Parisdə axtarmağın zamanı artıq geridə qalıb. Həyat yanılmadığımı sübut elədi. Mən inanıram ki, BAMF indikindən daha geniş bir quruma çevriləcək və biz öz missiyamızı daha geniş miqyasda həyata keçirəcəyik.

- Siz BAMF-ın sədrisiniz, ölkədə kifayət qədər tanınan ictimai xadimsiniz, bütün bunlarla bərabər, həm də ədəbiyyat insanısınız, şairsiniz, publisistik yazılarınız var. Nəhayət, özünüzə uyğun bir kitab çap etdirəcəksiniz, ya yox? Hələ onu demirəm ki, neçə-neçə istedadlı insanın kitablarının işıq üzü görməyinə dəstək olmusunuz.

- Sualınızın cavabı otuz il əvvəldə qaldı. Bəlkə o zaman ruhundan şeiriyyət yağan gənc Umud Rəhimoğlunun ilk şeirlər kitabının çapdan çıxacağı günü necə həsrətlə gözlədiyini gözlərindən oxuyardınız. Bu günsə hələlik cavabım belədir: Umud Rəhimoğlu otuz ildir eyni kitabı yazır. Onun adı BAMF-dır. Sonra nələr olacağını zaman göstərər.

- Umud müəllim, bu qədər söhbətləşdik, 30 ilin üst-üstə yığılmış suallarına cavab axtardıq. Görünən odur ki, BAMF-ın 30 illik fəaliyyəti, ölkə üçün, insanlar üçün görülən işlərin toplusu 30 kitaba belə sığmaz. Gələcək fəaliyyətinizdə uğurlar diləməzdən əvvəl sizi dinlədikcə beynimdə dolaşan bir sualı səsləndirməkdən ötrü səbirsizlənirəm. Düşünürəm ki, bu qədər böyük missiyanı yerinə yetirən insanın arxasında güclü bir ailə olmalıdır. Yanılmıram ki?

- Heç yanılmırsınız. Əgər ailəmin, həyat yoldaşımın dəstəyi olmasaydı, açığını deyirəm, BAMF da bugünkü BAMF olmazdı. Mənim ən böyük çabalarıma özümdən çox onlar tab gətirib. Söhbətimiz boyunca ara-sıra bu mövzuya toxunduq. İlk fəaliyyət illərində yaşadığımız mənzilimiz bir növ qərəgaha, otelə, yataqxanaya çevrilmişdi. 30 il ərzində elə anlar yaşanıb ki, bəzən xatırladıqca, həyat yoldaşıma, azyaşlı övladlarıma necə əziyyət verdiyimin fərqinə varıram. Amma onlar da qol qoyduğumuz işin Vətənimiz üçün gərəkli olduğuna, çadır düşərgələrində zillət çəkən qohum-əqrəbanın həyatının dəyişəcəyinə inanırdılar. Bəzən 7-8 nəfər əcnəbi jurnalistlə döşəmədə baş-ayaq yatmışıq. Mən öz işimlə ailənin düzənini pozmuşam. Amma bir dəfə də olsun ailəmin narazılıq etdiyini, köks ötürdüyünü, üzlərinin ifadəsinin dəyişdiyini görməmişəm. Onlar bu yükü mənimlə bərabər çəkiblər. Bu 30 ildə gözlə görünən nələrə nail olmuşamsa, daha çox ailəmə borcluyam. BAMF artıq onların da həyatının ayrılmaz parçasıdır. Oğlum Oğuz 6 illik Amerika təhsilindən sonra istənilən ölkədə, yaxud Azərbaycanda ən yüksək postlarda çalışa bilərdi. Buna onun yetəri qədər potensilalı var. Amma o, BAMF-ın ən çətin və mən deyərdim ki, ən axsayan nöqtəsini seçdi, Tərtər ofisində çalışmağa başladı və ən qısa zamanda oradakı yüksəlişi gördük. Böyük qızım Aytəkin də mənim yolumu seçib, sosial sahədə çalışır. Kiçik qızım Aysəba bir az da ağır missiyanı yerinə yetirməli oldu. Evdən, ailədən uzaqda - dünyanın aparıcı media qurumlarından olan "Əl-Cəzirə" televiziyasında məsul işdədir və öz ölkəsini ləyaqətlə təmsil eləyir.

- Nə gözəl, Umud müəllim, demək ki, çəkilən zəhmət hədər getməyib. Şükürlər olsun, yoldaşınız və ailəniz yenə də ən yaxın dəstəkçinizdir. Təşkilatın 30 yaşı münasibətilə biz də sizi ürəkdən təbrik edir və daha böyük uğurlara imza atacağınıza inanırıq.

Rəhilə GÜLGÜN

 





08.09.2022    çap et  çap et