525.Az

Bəlalarımıza bais: Unutqanlıq - Akif Rüstəmov yazır


 

Bəlalarımıza bais: Unutqanlıq - <b style="color:red"> Akif Rüstəmov yazır</b>

Rusiya prezidenti Vladimir Putin deyir ki, tarixi unutmayın. Düz deyir. Tarixi unutmaq keçmişini, mənliyini, kimliyini unutmaqdır. Bəs onda görəsən, niyə bizə ermənilərin başımıza gətirdikləri faciələri unutdurmaq istəyirlər? Mən nə orta məktəbdə, nə də ali məktəbdə 31 Mart soyqırımı barədə müəllimlərimdən bir kəlmə də eşitməmişəm. Yalnız müstəqillik qazandıqdan sonra bilmişəm ki,1918-ci ildə daşnak erməni birləşmələri, Bakıda, Şamaxıda, Qubada, Qarabağda və digər bölgələrdə azərbaycanlıları amansızcasına qətlə yetiriblər. Təkcə Bakıda təxminən 15-20 min azərbaycanlı öldürülüb.

Sovet hakimiyyəti yetmiş ildə bu soyqırımı bizə unutdurdu. Bu unutqanlıq ona gətirib çıxardı ki, keçən əsrin sonlarında bədnam qonşumuz xarici qüvvələrin köməyilə Azərbaycanın Qarabağ  bölgəsini işğal etdi. Milyondan çox soydaşımız ata-baba yurdundan didərgin düşdü, qaçqınlıq həyatı yaşamalı oldu. Həmin dövrdə ermənilərin törətdikləri Xocalı soyqırımı əsrin faciəsinə çevrildi. İndiyədək bu soyqırıma dünya lazımi qiymət verməyib. Xocalı soyqırımını tanıyan 18 ölkə arasında Rusiyanın da adı yoxdur.

Söz yox ki, bu soyqırımda Rusiyanın da əli olub. Bu barədə bəzi mənbələrdə məlumatlar var. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci ildə Münhendə Prezident İlham Əliyevlə debat vaxtı soyqırımın Rusiya tərəfindən törədildiyini demişdi: "Xocalıda azərbaycanlıların qətlinin bizimlə heç bir əlaqəsi yoxdur. Bunu Rusiya ordusunun 366-cı motoatıcı alayı törədib". Onu da bildirək ki, Paşinyan Kremlin qorxusundan yazdığını tələm-tələsik silib. Amma qorxsa da, fakt-faktlığında qalır. Erməni yazıçısı Anna Payatyan Xocalıda, ümumiyyətlə, Qarabağda azərbaycanlılara qarşı törədilən vəhşiliklərə görə bir erməni olduğu üçün çox utanır. Və o, Sarkisyanı, Koçaryanı, Ter-Petrosyanı uşaq qatilləri adlandırır.

Ermənilərin Xocalıda törətdikləri soyqırım haqqında çox yazılıb, çox deyilib. Biz bu yazıda yalnız bir neçə faktı, təkrar da olsa yada salmaq istəyirik.

343 gün erməni əsirliyində olmuş həmyerliyimizin (adını yazmağı lazım bilmədim) ürək dağlayan fikirlərini sakitcə  dinləmək olmur. O, müsahibəsində deyir: "Ermənilər azərbaycanlı əsirləri aparıb erməni qəbirlərinin qarşısında başlarını kəsərək bizə göstərirdilər. Onlar bunu xüsusi qəddarlıqla edirdilər və bundan həzz alırdılar". Başqa bir yazıda isə bildirilirdi ki, əsir götürülmüş qadının qarnını yararaq ora pişiyin balasını qoyub tikirdilər. Bu vəhşiliyi necə unutmaq olar?

Rusiyalı telejurnalist Maksim Şevçenko çox haqlı olaraq qeyd edir ki, nə qədər ki, Xocalı soyqırımının beynəlxalq  səviyyədə tanınmasına nail olmamışıq, bu günü biz hər gün xatırlamalıyıq. Bu, ermənilərin əleyhinə, azərbaycanlıların xeyrinə deyil, bu, nasizmin əleyhinə, insanlığın və ədalətin lehinədir.

Qarabağda 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silən düşməni necə unutmaq olar, necə yaddaşdan silmək olar? Ağdamda olanlar bu şəhəri Xirosima, Naqasaki ilə müqayisə edirlər. Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Ağdam təəssüratı barədə belə deyib: "Ermənilər burada atom bombası partlatmayıblar, onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar. Dağıntıların miqyası insanı dəhşətə gətirir. Hazırda dünyada əyani surətdə vandalizm, nifrət və düşmənçiliyin nəticələrini göstərən belə yer yoxdur. Bu, insanlığa qarşı cinayətdir". Rusiya Dölət Dumasının deputatı Aleksey Juravlyov isə Ağdamda olarkən erməni vəhşiliyini öz gözlərilə görəndən sonra deyib ki, "bütün Sovet İttifaqının tanıdığı şəhər - Ağdam demək olar ki, yoxdur".

Ermənilər bu vandalizmi təkcə Ağdamda deyil, Qarabağın işğal edilmiş digər şəhər və kəndlərində də törədiblər. Azərbaycan Ermənistanın şəhər və kəndlərini belə viran qoysaydı, onlar dünyanı ayağa qaldırardı. Etiraf edək ki, ermənilər "özgə millətləri özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər" (Jemcuynikov, yazıçı). 

İkili standartlar hələ də qüvvədədir

. Ermənilərin vəhşiliyinə göz yumanlar, onlara canı yananlar indi də birlikdə yaşamağı təbliğ edirlər. Bəs ermənilər bizimlə bir yerdə yaşamaq istəyirmi? Bu barədə onlar nə deyir?

Metanse Akopyan, Qarabağ separatçılarının nümayəndəsi: "Biz ağlamamalı və alçalmamalıyıq, düşmənlə (azərbaycanlılarla) bir yerdə yaşamağa və "bir dam altında dinc bir həyata" heç vaxt icazə verməməliyik. Türklər və azərbaycanlılar bizim qəti düşmənlərimizdir və biz hər zaman müqavimət göstərməyə hazır olmalıyıq".

Ara Abramyan, Rusiya Erməniləri İttifaqının sədri: "Biz bütün Qarabağı geri qaytaracağıq. Azərbaycanla çox pis zarafat edəcəyik".

Qarabağ ermənilərinə status vermək gələcək münaqişələrə zəmin yaratmaqdır. Odur ki, heç bir statusdan söhbət getməməlidir. Yaxşı olardı onlar üzüsulu, qansız-qadasız Azərbaycanı tərk edib getsinlər. Yox, Qarabağda yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul edib, respublikanın qayda-qanunlarına tabe olmalıdırlar.

İkinci Qarabağ müharibəsində 44 günə məğlub olan ermənilərin əksəriyyəti məğlubiyyətlə barışmaq istəmir. Və onlara görə müharibə bitməyib, müharibə dayandırılıb. Düşmənin o vaxtkı müdafiə naziri Arşak Karapetyan həyasızcasına deyir ki, biz müharibəni uduzmamışıq, döyüşü uduzmuşuq. Həm müharibəni, həm də döyüşü uduzan düşmənə öz həmyerlisi, həm də hadisələrdən az-çox baş çıxaran siyasi şərhçi Razmik Akopyanın sözlərini xatırlamaq kifayətdir: "Elə etməyin ki, Azərbaycan Ermənistanı xəritədən silsin. Nə Qərb, nə Rusiya, nə də İran bunun qarşısını ala bilər".

Söz yox ki "Qarabağ klanı" erməni hərbçiləri arasında güclü dəstəyə malikdir. Məhz onlar bütün sülh planlarını pozmağa çalışırlar. Təəssüf ki, Rusiya Ermənistanı sülhə məcbur etmir, onu yenidən silahlandırır.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi onun dünyada imicini dəyişdi. İndi Azərbaycan Cənubi Qafqazda ən güclü oyunçudur və bizim hər birimiz onunla fəxr edirik. Ermənistan savaş hissi ilə yaşayırsa, böyük səhv edir və 44 günlük müharibəni yaddan çıxarmamalıdır.

 

 





08.09.2022    çap et  çap et