525.Az

Dilaram Abdurəhmanqızı: "Şuşa, ruhumun gücü, qızıl tacımsan!"


 

Dilaram Abdurəhmanqızı:  "Şuşa, ruhumun gücü, qızıl tacımsan!"<b style="color:red"></b>

Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə özbək mətbuatında bir tanıtım məqaləsi dərc etdirməyi düşündüm. Amma əvvəlcə bilmək istədim ki, qardaş ölkədə klassik sənətkar haqqında indiyə qədər nələr çap olunub. Folklor bilicilərindən, xüsusən Özbəkistan EA Ədəbiyyat, Dil və Folklor İnstitutundan öydəndim ki, Aşıq Ələsgər haqqında heç bir bilgiləri yoxdur. Heyrət etdim! Sonra, cəmi bir ayın içində dosent Sirdərya Otanovanın tərcüməsində "Xak oshiği Aliaskar yakı Ozarbayjon baxshichilik adabiy merosiqa bir nazar" adlı məqaləm Özbəkistan Yazıçılar Birliyinin "Şark yulduzu" jurnalında (2021, №10, səh.111-120) dərc edildi. Bu qayğını - dost və həmkar qayğısını tanınmış özbək şairəsi Dilaram Abdurəhmanqızından gördüm. Dilaram xanım mənə "Azərbaycan yurdu" adlı bir poemasını da göndərdi. Sonra Qarabağın Zəfəri ilə bağlı həyəcanlı məktubunu aldım. Bu isti yay günlərində gözəl özbək qızı haqqında bir yazı hazırlayıb nəşr etməyi özümə mənəvi borc bildim. Yazıma ilk olaraq onun mənə ünvanlandığı məktubla başladım:

 

 

Assalomu aleykum, əziz Ustad - Almaz Apa!    

Ötən ilin - 2020-ci ilin unudulmaz hadisələri təkcə Azərbaycan tarixində deyil, bütün dünyada həqiqətin və böyüklüyün böyük simvolu oldu! Milli və mənəvi dəyərləri bizim xalqımıza çox oxşar olan azərbaycanlıları gənclik illərimizdə oxuduğumuz kitablardan, bədii əsərlərdən, kəndimizdə qonşumuz olaraq, hətta məktəbdə eyni sinifdə oxuyaraq birlikdə böyüdük, onların timsalında Azərbaycanı tanıyaraq böyümüşük.

İllər keçdikcə qardaş Azərbaycan xalqının qəlbindəki ağrılar bizim də qəlbimizdə əks-səda verdi və bu ağrılar söhbətlərimizdə, dualarımızda, yaradıcılıq nümunələrimizdə öz əksini tapdı. Qarabağ mövzusu uzun illər idi ki, sizin kimi, bizim də ürəyimizi titrədirdi, son illərdə oxuduğum informasiyalar və sənədli qeydlər əsasında yazılmış kitablar, dünya mətbuatında dərc olunan xəbərlərin ruhumuza təsiri bizim bir-birimizə nə qədər yaxın olduğumuzu təsdiq etdi.

Qarabağ haqqında çox oxudum: onun sərin dağları, cənnətmisal ab-havası, saf suları, xüsusən də əfsanəvi Şuşa şəhərinin əsrarəngiz gözəlliyi - daşları bir-birinə toxunduqca musiqi səslənir kimi sirr-sehr dolu tərif və təsvirləri məni valeh edib. Şuşa, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli, Laçın, Zəngilanın... təbiəti, möcüzəvi çeşmələri, abi Zəm-Zəm kimi təmiz suları, müqəddəs dağ bölgələrindəki mənzərələr öz doğma yurdumun sərin guşələri kimi gözümün önündə canlandı.

Mən o yerləri oxuduğum kitabların ruhu ilə hiss edirəm, o yerləri Sizinlə birlikdə gəzəcəyimi təsəvvür edirəm, o müqəddəs torpaqları tərif edilən təsvirlər içində ziyarət edirəm, bir sözlə, nəzərimdə o müqəddəs yerləri əvvəllər görmüş kimi səyahət edəcəm. Kökümüz, əcdadımız bir olan millətin övladı kimi, o yerləri sanki bir azərbaycanlı kimi sevirəm. əziz Almaz apa, biz Sizin kimi sədaqətli Vətən övladları timsalında Azərbaycana daha da yaxın olduq, onu daha da çox sevdik, qəlbimizdə sonsuz sevgi ilə getdikcə çox bağlandıq.

Əziz Apacan, Allahım Azərbaycanın səmasını aydın, xalqının bağrı bütün olsun! Qəlbi bütöv olsun! Xeyir-dualarımız sizə yar olsun! Sizi sevirik, Azərbaycan yurdunu, sizləri çox sevirik! Həmişə yaxşı olun.

Hörmətlə: Dilaram xanım

Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi, fəal ictimai xadim Dilaram Abdurəhmanqızı (Murotova Dilorom Abduraxmonovna) Səmərqənd vilayətinin Camboy rayonunda anadan olub. Yaradıcı taleyi zəngin əmək fəaliyyəti içində formalaşıb, təkmilləşib və nəhayət, tam mənada özünüdərkə dolub. 10-dan çox şeir, tərcümə, ictimai-siyasi fəlsəfə və pedaqogika sahəsinə dair kitabların, elmi, kütləvi tədris və metodik vəsaitlərin müəllifidir. Dilaram xanımın tərcümələri əsasında radio verilişləri Özbəkistan Milli Televiziya və Radiosunun qızıl fonduna yazılıb. Şeirləri rus, belorus, Ukrayna, ingilis və digər bir çox dillərə tərcümə olunub. Bir sıra beynəlxalq müsabiqələrin qalibi olub. Ali təhsilini tamamladıqdan sonra - 1994-2007-ci illərdə "Dilaram" kiçik müəssisəsinin (Sarıasiya rayonu), "Əkbər-Dur" özəl müəssisəsinin (Daşkənd şəhəri) direktoru, 2007-2018-ci illərdə Respublika "Ailə" elmi-praktik mərkəzində elmi işçi olub. Eyni zamanda, Özbəkistan Qadınlar Komitəsinin "Elm - tədris-təhsil, mədəniyyət, dini maarifləndirmə və qadınların mənəvi maraqlarının müdafiəsi" şöbəsində fəaliyyət göstərib.

2018-ci ildən bu günə kimi Özbəkistan Yazıçılar Birliyinin "Şark yulduzu" və "Zvezda Vostoka" jurnallarının birgə redaksiyasının məsul katib vəzifəsində çalışmaqla, jurnalların rəsmi internet saytlarının yenidən yaradılması kimi işlərdə də səylərini əsirgəmir. Bu qədər ictimai və təşkilati işlərinin müqabilində, o, elmi yaradıcılığına da vaxt ayıraraq, "Gənclərin şüurunda informasiya təhlükəsizliyinə inamın artırılmasının ictimai-fəlsəfi aspektləri" mövzusunda fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində işləyir. Dilaram Abdurəhmanqızı istedadını və yaradıcılıq axtarışlarını insan təcrübələrinin mahiyyətinin işıqlandırılmasına yönəldib, forma və məzmunca yenilənən ictimai-siyasi proseslər, milli dövlətçilik, dünya ədəbiyyatı ruhuna uyğun gələn bir sıra bədii və elmi əsərləri nəşr olunmuşdu. Bu sıradan "Könül şəfəqləri" (2001), "Sübh təxəyyülü" (2006), "Eşq yağmuru" (2012), "Yasəmən qönçəsi" (2018) kimi şeir topluları nəşr olunub. Tərcümələri "Əbədi həyat əfsanəsi" (2019), "Məhəbbətin adı nədir" (2021), "Bülbül çəmənliyi" (2021), "İtürək" (2021), "Gecə bənövşəsi" (2021), "Dəniz mənim əkizim" (2021) adlı toplularda və bir sıra respublika mətbuatında çap olunub.

Dilaram Abdurəhmanqızının əlimin altında xeyli sayda şeirləri və ya əlyazma şeir toplusu var. Oradan dünyanın minbir mənzərəsini seyr etmək mümkündür. İncə və ruha sığal çəkən poetik nümunələr nəinki müasir özbək, hətta türk xalqları ədəbiyyatının yeni dəst-xəttindən xəbər verir. Bu şeirlər ideya-məzmun və bədii xüsusiyyətlərinə görə, özbəklər demişkən, "ruha yatan qoşuqlardır". İlahi eşqdən, dünyanın səfasından, cəfasından, dərdindən, nəşəsindən, ictimai-siyasi əhəmiyyət kəsb edən lirik notlardan, göyün bağrında xəyallara bükülən arzulardan, asimanı başına götürən durnaların səsindən, göylərin sirli dərinliklərinə boy atan ağaclardan, ruhun muğamlarına dinşək kəsilən səssizlikdən, Səmərqəndin zümrüd yağışlarından... bəhs edən lirik duyğular könülləri sanki öz oylağına çevirib.

Dilaram Abdurəhmanqızının  "Həzrət Nəvaiyə" adlı bir şeir diqqətimi daha çox çəkdi. Bu şeir bir poeziya incisidir. Nəvainin adına layiq poetik etüdlərinə, şairin istedadına və şair təxəyyülünə heyrət etməmək olmur! "Zərrənlə bütün bir varlıqsan, bir damlanla dəryasan", "Ayaq izlərinin naxışı, gözə tutiyə könül", "Söz mülkünün sultanı, peyğəmbərlər pirisən, könül" kimi bənzətmələr şair ömründən naxışlardır.

Dilaram xanımın şeirləri içində incələmək istədiyim bir əsəri də var. Bu, "Azərbaycan yurdu" adlı poemasıdır. "Azərbaycan yurdu" poemasına müəllif  Heydər Əliyevin "Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır!" deyimini epiqraf kimi verib. Behişt misallı, övliyalar məskəni Qarabağın tarixini, dərd dolu ağır günlərini və nəhayət, Vətən sevgisini nəzmə çəkib. Beş bölmədə qruplaşdırdığı bu əsər 35 bənd olmaqla 173 misradır. Bu misraların 28 bəndi beşlik, 7 bəndi isə dördlük şəklindədir. Bütün misralar 11 və 14 hecalıdır. Çox məhəbbət dolu, həm də dərdli dildə yazılıb. Qarabağın gözəlliyinin təsviri lirik bir axıcılıqla ruha dinclik gətirir. Qarabağın bülbülləri, bülbüllər nəvasında muğamın sədası, çeşmələri Zəm-Zəm axarlı, "Azərbaycan yurdunun qədim, tarix beşiyi" olması qüruru poemanın məzmuna ayrı bir rəng qatıb. Ilk bölmədə (7 bənd) Qarabağın gözəlliyi təsvir edilir. hər bəndin sonunda -

Səni babalar, bibilər candan çox sevərdi,

Küçələrə su səpib, reyhan əkib biçərdi.

Cənnəttək qucağında mən çox rahat olardım,

Sənsən cani cahanım, gözəl Dağlıq Qarabağ,

Qürurum, şərəfimsən mənim, Dağlıq Qarabağ!

- son iki misra hər bəndin sonunda təkrarlan 

II bölmədə (8 bənd) gəlin örpəkli gözəl Şuşa vəsf olunur:

Hər ritmi, muğamı, aşıq havası,

Xalq musiqisinin sirli beşiyi,

Eşq çəmənzarının qızıl qapısı,

Şuşa - ruhumun gücü, qızıl tacımsan,

Könlümün məlhəmi, qəlbimin dərmanı,

III bölmədə ( 4 bənd) Qarabağın tarixindən bəhs edilir:

Azərbaycan elimin qədim, tarix beşiyi,

Əziz Qarabağım, bu canım fədadır sənə,

Əcdadlarımdan mirasım, imanımsan, mənə.

IV bölmədə (9 bənd) Xocalı harayına-vayına, 1992-ci il 25-26 fevral tarixinə ithaf olunmuş ağı-mərsiyyədir.

Gülləbaranla od içrə qalanan Xocalım,

Bir gecədə yer ilə yeksan olan Xocalım,

Neçə şəhid, qurbanla viran olan Xocalım,

İnsan oğlu, aç gözünü, nə faciə, qəm bu,

Adəmlik tarixinə yazılan damğadır bu.

V bölmədə (8 bənd) şair sevə-sevə yenidən Qarabağı vəsf edir:

Ey, qədim Qarabağ - səadətimsən!

Qəlbimsən, gözümsən, quş qanadımsan!

Allaha əmanət ol, And yerimsən!

Vətəndən, bil, heç zaman keçmək olmaz!

Poemanın hər bölməsində bir neçə misra və ya bir bəndini təqdim etməklə oxucuda əsərin ideya-məzmunu haqqında dolğun fikir yaratmaq istədim. Çünki bu misraların şərhi yoxdur. Fikir aydın, təsvir obrazlı, vəsf gözəldir. Dilaram Abdurəhmanqızının bu əsərini oxuyan hər kəs elə bilər ki, müəllif dəfələrlə Qarabağda, Şuşada olub, hər qarışını gəzib-dolanıb. Əslində, şairin mütaliəsi zəngin və intuisiyası güclüdür. Görməzə-bilməzə bir könüldən min könülə Qarabağa aşiq olub, canı-könüldən sevərək bağrına basıb. Bağrından qığılcımlanan istək-məhəbbət beləcə sözə çevrilib, incitək misralara, beytlərə, bəndlərə çevrilib.

Qələmə aldığımız bu yazıda Dilaram xanım Abdurəhmanqızını ədəbi yaradıcılığı miqyasında istedadlı özbək şairini Azərbaycan oxucularına tanıtmağa cəhd etsək də, burada onun Azərbaycan sevgisi daha üst qatda göründü. Olsun! Genetik kodlar insanın ağır günündə, dost-qardaş harayına yetişincə öz işini görür! Çox sağ olun,  Azərbaycan, Qarabağ sevdalı özbək qızı! Sizi çox sevdim!

 

 





08.09.2022    çap et  çap et