Azərbaycanın Qarabağ ərazisində aparılan arxeoloji tədqiqatların nəticələri açıqlanıb.
APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib ki, araşdırmalar 2010-2013-cü illərdə Qarabağ düzənliyində, Ağdamın işğal edilməmiş ərazilərində və Ağcabədi rayonunun şimal-qərbində həyata keçirilib.
Onun sözlərinə görə, işlər Qarabağ Neolit-Eneolit ekspedisiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant dəstəyi ilə görülüb və mühüm nəticələr əldə olunub.
İclasda Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Xəqani Alməmmədov sözügedən nəticələr barədə “Qarabağ ərazisində aparılmış yeni arxeoloji tədqiqatlar” adlı məruzə ilə çıxış edib. O bildirib ki, arxeoloji kəşfiyyat təxminən 990 kv. km ərazini əhatə edir: “Ümumən 169 arxeoloji abidə elektron qeydiyyata alınıb və “Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib edilib. Bu fakt Qafqaz arxeologiyası üçün yenilikdir. Abidələrin qeydiyyatı ilə yanaşı 2011-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu ilə birgə Füzuli rayonunun Babı kəndində yerləşən XIII-XIV əsrlərə aid Şeyx Babi türbəsində arxeoloji qazıntı və bərpa-konservasiya işləri aparılıb, nəticədə 2700 kv.m ərazidə xanəgah kompleksi tamamilə qazılaraq üzə çıxarılıb”.
Məruzəçi Qarabağ ərazisində yerləşən erkən oturaq əkinçi-maldar tayfalarına məxsus yaşayış məskənlərində aparılan arxeoloji araşdırmalardan da bəhs edib. Belə ki, ekspedisiya qrupu İsmayılbəytəpə Neolit dövrü yaşayış məskənində 400 kv.m, Leylatəpə mədəniyyətinə aid Fərmantəpə yaşayış yerində isə 100 kv.m ərazidə arxeoloji qazıntı işləri aparıb. Abidənin mədəni təbəqəsinin qalınlığı və stratiqrafiyası müəyyənləşdirilib. Hər iki abidənin xronoloji dövrünün təyini üçün götürülmüş nümunələr analiz məqsədi ilə Yaponiya və İsrailin müvafiq laboratoriyalarına göndərilib.
Elmi məruzə müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
çap et