525.Az

“50 min İT mütəxəssisin Ermənistana köçməsi milli təhlükəsizlik məsələsidir”


 

Ciddi təhlillər, proqnozlaşdırmalar edilməlidir

“50 min İT mütəxəssisin Ermənistana köçməsi milli təhlükəsizlik məsələsidir”<b style="color:red"></b>

Ötən gün 50 000 İT mütəxəssisin qısa bir dövr ərzində Rusiyadan  Ermənistana köç etdiyi haqda yazmışdım. Bu məsələ geniş rezonans doğurdu. Mən bu rəqəmləri Ermənistanın İqtisadiyyat nazirinin çıxışından götürmüşdüm.

Amma dünən bu ölkənin baş naziri Paşinyan da Rusiya prezidentinin iştirakı ilə keçirilən bir tədbirdə bu haqda danışıb.

Qərar qəbul edənlərimizin diqqətinə bir daha çatdırıram ki, bu, ciddi, çox ciddi bir məsələdir.

Baxıram ki bəzi media qurumları baş verənləri və onun nəticələrini təhlil etmək əvəzinə kimlərisə tutub danışdıraraq bu məsələni bəsitləşdirməyə, biznes mühitlə bağlı  ucuz və  pafoslu çıxışlara yer veriblər, Rusiyada vəziyyətin yaxşılaşacağı ilə bu məsələyə son qoyulacağına diqqət çəkiblər.

Düşünürəm ki, bu tip yanaşma olduqca qüsurludur. Burada söhbət düşmən ölkə olan Ermənistana diqqət yetirməkdən və ya aşağılamaqdan, Ermənistanın və Azərbaycanın biznes  mühitinə qiymət verməkdən getmir.

Məsələ tamamilə başqadır.
Düşmən ölkə uzun illər boyu əldə etməyi yalnız arzulaya biləcəyi, heç xəyalına belə gətirməyəcəyi  bir strateji resursu bir anda əldə edib. 
Qısa zamanda 50 minlik yüksək ixsaslı İT mütəxəssis ordusu əldə edib. Bir anda hazır İT şirkətlər, sahibkarlar qazanıblar.

Şübhə etmirəm ki, onlar bu insan reasurslarından yetərincə bəhrələnməyə, dərhal regionda və qlobalda üstünlük qazanmağa çalışacaqlar. Onların elə əvvəldən də dünya bazarına çıxan milyardlıq bir-iki resursları, diasporadan milyonlarla investisiya alan çoxsaylı startapları vardı.

İndi biz nə etməliyik? 
Gözləməliyik ki, düşmən ölkə  qısa bir zamanda dövlət büdcələrini kəskin artırsınlar, çevik və effektiv rəqəmsal sahibkarlıq infrastrukturu qursunlar, özlərinin  nəhəng kadr korpusunu hazırlasınlar, milyardlar gətirən rəqəmsal startaplar yaratsınlar?

Düşünürəm ki, hökumətimiz, qərar qəbul edənlər baş verənlərə ciddi yanaşmalıdır. Ciddi təhlillər, proqnozlaşdırmalar edilməlidir.

Bir daha vurğulamaq istərdim ki, bu 50 000 İT mütəxəssisin Özbəkistana və ya Türkiyəyə getməsi bizim üçün bir ekonomik inkişaf, rəqabət məsələsi ola bilərdi. Amma bu qədər mütəxəssis ordusunun, sahibkarlar və şirkətlərin  qısa zaman kəsiyində düşmən ölkəyə cəmləşməsi, düşünürəm ki , bizim üçün milli təhlükəsizlik məsələsidir.

Nə bilim. Bəlkə də bu məsələnin üzərinə çox gedirəm. 
Amma əminəm ki, onlar bu resurslardan, əllərinə düşən bu  imkandan  istifadə edib bizə, türk dünyasına ancaq problem yaradacaqlar.

Düşünürəm ki, ölkəmizdə rəqəmsal sektorun inkişafı üçün, İT biznesin və İT təhsilin inkişafı üçün, İT eksportun gücləndirilməsi üçün münbit şərait daha da inkişaf etdirilməlidir. Cəlbedici vergi güzəştləri tətbiq edilməlidir.

Bu sahədə bütün maraqlı tərəflər, dövlət, biznes və vətəndaş cəmiyyəti bir araya gəlib köklü dəyişikliklərə start vermək lazımdır.

 





09.09.2022    çap et  çap et