Bu günlərdə paytaxt Bakı daha bir mühüm tədbirə - 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgilərinə ev sahibliyi etdi. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə 6-8 sentyabr tarixlərində baş tutan tədbirdə 30 ölkədən 200-dən çox şirkət iştirak etdi. Pandemiyadan sonra Bakıda ilk dəfə təşkil edilən "ADEX" müasir silah və texnikanın sərgisinin əhəmiyyəti həm də onun Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilməsidir. Sərgidə Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirildi.
Prezident İlham Əliyev sentyabrın 6-da Bakı Expo Mərkəzində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgiləri ilə tanış olub. Dövlət başçısının sərgi iştirakçılarına məktubunda qeyd edilib ki, Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. "Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır".
Prezident vurğulayıb ki, XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir: "Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir".
Xatırladaq ki, sərgidə ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin 179 adda məhsulu təqdim olunub.
İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olub. İlk dəfə İordaniya şirkətləri də sərgiyə qatılıb. Bu il 10-a yaxın ölkə milli stendləri ilə iştirak edib. Qardaş ölkə Türkiyə sərgidə 41 müdafiə sənayesi şirkəti ilə təmsil olunub. Ümumilikdə sərgidə 2 mindən çox silah-sursat və hərbi texnika nümayiş etdirilib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı "525"ə deyib ki, IV Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgiləri bir neçə cəhəti ilə xüsusi əhəmiyyət kəsb edir: "Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, sərgidə nümayiş etdirdiyi məhsullarla Azərbaycan özünün hərbi sənayeyə malik olan ölkələrdən biri olduğunu bir daha təsdiq etmiş oldu".
Onun sözlərinə görə, hərbi sənaye olduqca gəlirli sahə hesab edilməsinə baxmayaraq belə məhsullara aid olan beynəlxalq ticarət konkret dövlətlər və onlara aid şirkətlərin bir növ inhisarında olan sahə hesab edilir: "Çünki hərbi sənayenin yaradılması və istehsal edilən məhsulların bazarda rəqabətqabiliyyətli olmasının təmin edilməsi həddindən artıq böyük miqdarda kapital, ciddi intellektual və yaradıcı keyfiyyətlərə sahib mühəndis və kadr potensialı tələb edir. Azərbaycan son illərdə uğurlu və rəqabətqabiliyyətli hərbi sənaye formalaşdırmağı bacarmaqla artıq bu bazara daxil ola bilib. IV Beynəlxalq Müdafiə "ADEX" sərgisində isə Azərbaycan 21-ci əsrin müharibə standartını yaradan bir ölkə kimi əldə etdiyi tarixi zəfəri təmin edən ən müasir silahlarını nümayiş etdirdi. Ona görə də Azərbaycan pavilyonu dünyanın 30-dan çox ölkəsindən qatılan 200-dək şirkətin və bütün iştirakçıların diqqət mərkəzində oldu. Bu sərgi həm də Azərbaycanın hərbi sənaye üzrə tərəfdaşları və ortaqlarının uğuru hesab edilə bilər. Çünki Türkiyə, İsrail, Pakistan kimi ölkələrlə Azərbaycanın əməkdaşlığı həm dost ölkələri ilə birlikdə müdafiə qabiliyyətimizin möhkəmlənməsinə xidmət edir, həm də müdafiə sənayesi məhsulları kimi strateji bir bazarda iştirakçılıq payımızı artırır".
çap et