525.Az

“Siyasi partiyalar haqqında” yeni qanun zamanın tələbidir”


 

“Siyasi partiyalar haqqında” yeni qanun zamanın tələbidir” <b style="color:red"></b>

 

“Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilib. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edir”.

Bunu 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər: 

“Qeyd edim ki, qanun layihəsinin hazırlanması prosesi demokratik və şəffaf şəkildə təşkil edilib. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Sentyabrın 28-də qanun layihəsinin ilk ictimai dinləmənin keçirilməsi təyin edilib”.

Ceyhun Məmmədovun sözlərinə görə, layihənin hazırlanmasında siyasi partiyaların iştirakı təmin edilib: 
“Bu ilin iyulunda Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət edilib. Ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim etmiş və yeni qanunun hazırlanmasında bu təkliflərdən istifadə olunub. Sənədlərin hazırlanmasına önəmli məqamlardan biri layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsidir. Milli Məclisdə layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Bu eyni zamanda, sözügedən qanunun hazırlanmasına göstərilən diqqətin və həssaslığın göstəricisidir”.

Millət vəkili vurğulayıb ki, Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır. Sentyabrın 28-i keçiriləcək ilkin ictimai dinləmə, həmçinin növbəti ictimai dinləmə zamanı siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə qanun layihəsi daha da təkmilləşdiriləcək. Bu da öz növbəsində qanunun yüksək səviyyədə hazırlanmasına öz töhfəsini verəcək.

Sevinc Qarayeva
 

 





09.09.2022    çap et  çap et