525.Az

"Böyük hərbi zəfərimiz danışıqlar prosesində uğurla davam etdirilir"


 

"RƏSMİ İRƏVAN RAZILAŞMALARI POZMAQ VƏ YA ONLARIN İCRASINI LƏNGİTMƏK TAKTİKASINI SEÇSƏ, BU, ONLARA YENƏ DƏ BAHA BAŞA GƏLƏCƏK"

"Böyük hərbi zəfərimiz danışıqlar prosesində uğurla davam etdirilir"<b style="color:red"></b>

MÜSAHİBİMİZ SİYASİ ELMLƏR ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT,  BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİNİN EKSPERTİ MƏTİN MƏMMƏDLİDİR

 

 

- Mətin müəllim, politoloq olaraq sizin şərhlərinizi tez-tez görürük mətbuatda. Siyası şərhlərinizdən tanışsınız oxuculara. Sizi daha yaxından tanımaq istəyənlər üçün bioqrafiyanızı, həyat yolunuzun ən vacib məqamlarını özünüzdən eşidib oxuculara çatdırmaq istərdik.

- Əvvəla, bu müsahibə təşəbbüsü üçün təmsil etdiyiniz qəzetə öz minnətdarlığımı bildirmək istərdim. "525-ci qəzet" Azərbaycan mətbuatında xüsusi yeri olan və mənim də böyük hörmət bəslədiyim mətbuat orqanlarından biridir. Yeri gəlmişkən, mətbuatda nəşr olunan ilk məqalələrimdən, siyasi təhlil yazılarımdan biri də "525-ci qəzet"də çap olunub. İndi də xatırlayıram, 1999-cu ildə, ATƏT-in İstanbul Sammiti ərəfəsində yazım çap olundu və məhz sammitlə bağlı məqaləmin "525-ci qəzet" kimi nüfuzlu mətbuat orqanında nəşri 4-cü kursda oxuyan tələbə olaraq məni xeyli sevindirmişdi. Bu səbəbdən də hər zaman qəzetinizə münasibətdə doğmalıq hiss etmişəm. Özümlə bağlı qısa olaraq onu deyə bilərəm ki, Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşam, orta təhsilimi də məhz doğma şəhərimizin 28 saylı orta məktəbində almışam. Daha sonra təhsilimi həm bakalavr, həm də magistr olaraq Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində davam etdirmişəm, 2010-cu ildə "Müasir beynəlxalq münasibətlərdə Azərbaycanın milli təhlükəsizliyi" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişəm. Hal-hazırda Bakı Dövlət Universitetinin dosenti olmaqla bərabər, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) də ekspertiyəm. Təhsilim və işimlə əlaqədar olaraq beynəlxalq münasibətlər sahəsi üzrə həm elmi-nəzəri, həm də pedaqoji fəaliyyətlə məşğulam.        

- Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərirsiniz. Bir qədər müəllimlik fəaliyyətiniz haqda danışardınız. Neçə ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz?

- Artıq 13-cü ildir ki, Bakı Dövlət Universitetinin məzunu olduğum fakültəsində, yəni Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində (indi belə adlanır) müəllim kimi fəaliyyət göstərirəm. Bu illər ərzində tədris etdiyim fənlər beynəlxalq münasibətlərin aktual sahələrini, problemlərini əhatə edib. Qeyd edim ki, bu amil də müəllim kimi daha həvəslə pedaqoji fəaliyyətlə məşğul olmağımda ciddi rol oynayıb. Bilirsiz, mənə elə gəlir ki, müəllim peşəsini seçmək ilk növbədə insanın daxili mənəvi tələbatından irəli gəlməlidir. Belə olmazsa, yəni başqa məqsədlərlə, merkantil maraqlarının arxasınca bu peşəyə gələnlərin uğurlu olacağını gözləmək əbəsdir. Təbii ki, burda da müəyyən istisna hallar ola bilər. Ancaq istənilən halda, fikrimcə, müəllim üçün ən zəruri keyfiyyətlərdən biri bildiyini bölüşmək istəyi və o bilgini doğru-düzgün ifadə etmək bacarığıdır. Elmi-nəzəri fəaliyyətdən fərqli olaraq pedaqoqikanın əsas kriteriyalarından biri də məhz budur. Ən əsas da düşünürəm ki, müəllim auditoriyada yalnız quru bilgilər, faktlar verməklə kifayətlənməməlidir, həm də tələbələrinə doğru istiqamət və ilham verməlidir ki, onlarda da fənlə bağlı maraq oyansın. Belə bir məşhur deyim var ki, adi müəllim tərif edir, yaxşı müəllim izah edir, əla müəllim göstərir, dahi müəllim ilham verir. Düşünürəm ki, pedaqoji fəaliyyətlə məşğul olan hər bir müəllim bu düsturu əsas götürərək fəaliyyət göstərməlidir. Konkret olaraq mənim necə müəllim olmağımla bağlı ən obyektiv qiyməti isə fikrimcə, tələbələrim verə bilər.     

- Müəllim kimi bu gün Azərbaycan təhsilini, şəxsən sizin dərs dediyiniz tələbələrlə bağlı ümumi vəziyyəti necə qiymətləndirərdiniz? Yaxşı, sözün əsl mənasında peşəkar mütəxəssislər yetişdirə biləcək səviyyədədirmi Azərbaycan təhsili?

- Təbii ki, dərs dediyim tələbələr də, müəllim olaraq fəaliyyət göstərdiyim tədris ocağı da Azərbaycan təhsilinin bir hissəsidir, bu səbəbdən də təhsilimizdə olan problemlər də, uğurlar və uğursuzluqlar da onlardan yan keçə bilməz. Təəssüf ki, təhsil sistemimizdə hələ də ciddi problemlər qalmaqdadır. Baxmayaraq ki, son illərdə bu sahədə vəziyyətin müsbətə doğru dəyişilməsi üçün ciddi addımlar, islahatlar aparılıb. Fikrimcə, təhsil sistemimizin müasirləşdirilməsi prosesini sürətləndirməliyik, nə qədər tez bu istiqamətdə uğurlara nail olsaq, peşəkər mütəxəssislər yetişdirmək istəklərimiz də əlçatan olacaq.

- Mətin müəllim, siz həm də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşısınız. Mərkəzdəki fəaliyyətiniz barədə nələri qeyd etmək istərdiniz?

- Bəli, ümumi olaraq onu qeyd etmək istərdim ki, eksperti olduğum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dövlətimizin rəsmi beyin mərkəzidir. Mərkəzin əsas məqsədi, missiyası yerləşdiyimiz coğrafiyada, ölkəmiz ətrafında və dünyada baş vermiş və yaxud verməkdə olan vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, həmçinin, Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etməkdir. Konkret olaraq Mərkəzdə işimə gəlincə, onu deyə bilərəm ki, mənə həvalə olunan istiqamət və bölgə üzrə beynəlxalq və daxili proseslərə, hadisələrə dair təhlillər, arayışlar hazırlayıram, tədbirlərdə iştirak edirəm, müxtəlif aktual mövzularda mediaya müsahibələr verirəm və sair. Onu da əlavə edim ki, belə bir mötəbər, dövlətimiz, cəmiyyətimiz üçün lazımlı fəaliyyət göstərən Mərkəzin əməkdaşı olmaqdan xeyli məmnunam və fəaliyyətimlə da çalışıram ki, Mərkəzin işlərinə öz töhfəmi verim. 

- Bu gün Azərbaycanda çox sayda beyin mərkəzi yoxdur. İstər Türkiyənin özündə olsun, istərsə də Avropa ölkələrində daha çox sayda beyin mərkəzləri var. Ancaq Azərbaycanda məhdud saydadır. Sizcə, bu, nədən irəli gəlir?

- Hesab edirəm ki, bu məsələ daha çox obyektiv səbəblərlə bağlıdır. Adlarını qeyd etdiyiniz dövlətlər, xüsusilə də ABŞ, Avropa dövlətləri böyük müstəqillik tarixinə, strateji araşdırmalar sahəsində zəngin ənənələrə malikdir ki, məhz uzun zaman cərayan edən siyasi-sosial proseslərin nəticəsində müstəqil və dövlətə bağlı beyin mərkəzləri formalaşmışdır. Məsələn, ABŞ XVIII əsrin sonlarında yaransa da, orada ilk dövlətə aid beyin mərkəzi XX əsrin 30-cu illərində, prezident Franklin Ruzveltin dövründə formalaşıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bizdə də müxtəlif beyin-tədqiqat mərkəzləri yaranmağa başlayıb. Xüsusilə də, son 15 ildə siyasi-sosial tədqiqatlarla məşğul olan beyin mərkəzinin yaradılması və bu mərkəzin potensialından istifadə edilməsi dövlət siyasətinə çevrilib. Fikrimcə, Qərbdə və digər oturuşmuş dövlətlərdə olduğu kimi, tədricən bizdə də beyin mərkəzlərinin dövlətin siyasi qərarlarının qəbulunda və bütövlükdə, siyasi sistemdə rolu artacaq. Bir vacib nüansı da əlavə etmək istərdim ki, fikrimcə, beyin mərkəzlərinin mövcudluğu məsələsində biz daha çox kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməliyik. Daha dəqiq desək, say çox olmaya bilər, ancaq bu mərkəzlərin gördüyü iş keyfiyyətli, sanballı olmalıdır.    

- Gündəmdə bir sıra aktual məsələlər var ki, siyasi şərhçi, təhlilçi olaraq sizin də bu məsələlərə münasibətinizi bilmək maraqlı olardı. Bu günlərdə Brüsseldə üçtərəfli görüş keçirildi. Bu görüşün ən böyük nəticəsi o oldu ki, tərəflər sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı razılığa gəliblər. Sizin bu məsələ ilə bağlı gözləntiniz nədir? Ermənistan tərəfi göstərilən müddətdə sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı konstruktivlik nümayiş etdirəcək? Əgər əksi olarsa, bu məsələdə də manipulyasiya edərsə, nəticə necə ola bilər?

- Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin 31 avqustda keçirilən 4-cü görüşündə əldə olunan ən vacib nəticə qeyd etdiyiniz kimi, sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı müəyyən razılaşmanın əldə olunmasıdır. Qarşıdakı yaxın müddət ərzində bu məqsədlə hər iki ölkənin xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Ancaq görüşdən sonra Ermənistan hökumətinin ayrı-ayrı rəsmilərinin ziddiyyətli açıqlamaları, davranışları və Ermənistan-Azərbaycan sərhədində gəginliyin artması indiki mərhələdə bu proseslə bağlı nikbinliyimizə mane olur. Bütün bunlara baxmayaraq, Azərbaycan iki ölkə arasında davam edən sülh prosesi ilə bağlı prinsipial mövqeyini davam etdirəcək və rəsmi İrəvan hər zamankı kimi əldə olunmuş razılaşmaları pozmaq və yaxud onların icrasını ləngitmək taktikasını seçsə, bu, onlara yenə də baha başa gələcək. Onu da xatırlatmaq istərdim ki, İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında başlanan sülh prosesində irəliləyişlər məhz ölkəmizin hücum diplomatiyası, qarşı tərəf üzərində hərbi-siyasi təzyiqlərini artırmasından sonra baş verib. Qeyd etdiyim kimi, Ermənistan hökuməti eyni səhvləri təkrarlayacaqsa, nəticə də dəyişməyəcək. Ümumiyyətlə, Ermənistan hökuməti və cəmiyyəti nəhayət anlamalıdır ki, Azərbaycanla münasibətləri normallaşdırmadan o ölkənin işıqlı gələcəyi yoxdur.    

- Bu gün Brüssellə Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı səylər göstərirlər. Həm Brüssel, həm də Moskva prosesi var. Bu proseslərin hansı daha çox nikbinlik vəd edir? Hansı proses daha çox müsbət yönümlüdür?

- Hazırda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında vasitəçilik funksiyasını həyata keçirən iki tərəf var: Rusiya və Avropa İttifaqı. Moskva və Brüsselin vasitəçiliyi ilə həyata keçirilən danışıqların gündəliyinə nəzər saldıqda hər iki platforma arasında bəzi istisnalarla ciddi fərqlərin olmadığını görürük. Post-münaqişə dövründə Rusiya əsas vasitəçilik missiyasını həyata keçirən və bölgədə ciddi təsir imkanları, maraqları olan dövlətdir. Ötən ilin dekabrından isə Avropa İttifaqı sülh danışıqlarına yeni vasitəçi kimi qoşulub və qeyd olunduğu kimi, artıq dörd dəfə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edib. Avropa İttifaqının vasitəçilik təşəbbüsü ilə çıxış etməsinin iki əsas məqsədini belə qeyd edərdim: danışıqlar prosesində Rusiyanın inhisarçılığına son qoymaq və tərəflər arasında problemlərin həllinə töhfə verməklə regionda davamlı sülhə nail olmaq. Yeri gəlmişkən, həm Azərbaycan, həm də Ermənistan Aİ-nin vasitəçilik təşəbbüsünə müsbət yanaşır. Bu da Aİ-nin vasitəçi kimi potensialını artıran məqam kimi dəyərləndirilməlidir. Sadəcə olaraq, Ukrayna müharibəsi fonunda kəskinləşən Rusiya-Qərb münasibətləri hər iki platformada aparılan danışıqların müsbət dinamikasına maneə kimi qiymətləndirilə bilər. Bütövlükdə isə, post-münaqişə dövründə hər iki platformada aparılan danışıqların gündəliyi ölkəmizi qane edir. Sülh gündəliyinin dörd əsas istiqaməti var: iki ölkə arasında ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, nəhayət, humanitar məsələlər (ərazilərin minalardan təmizlənməsi, əsirlərin qaytarılması, maddi-mənəvi irsin qorunması və s.). Son iki ildə Ermənistan diplomatiyasının Qarabağda yaşayan ermənilərin statusu, Minsk Qrupunun fəaliyyətinin bərpa olunması məsələlərinin danışıqlar prosesinə gətirmək cəhdləri uğursuzluqla nəticələnib. Bu amil də əsas verir deyək ki, İkinci Qarabağ müharibəsində təcavüzkar dövlət üzərində əldə etdiyimiz böyük hərbi zəfər danışıqlar prosesində uğurla davam etdirilir.   

- Hazırda dünyada, xüsusilə də Avropada enerji məsələsi aktualdır. Rusiya-Ukrayna məsələsi xüsusilə enerji məsələsini bu gün gündəmə gətirib. Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın da rolu daha da artıb. Siz bu prosesi necə qiymətləndirirsinz? Bu prosesdə Azərbaycanın rolu getdikcə daha da artacaqmı?

- Təbii ki, Rusiya-Qərb münasibətlərinin kəskinləşməsi səbəbindən Avropanın enerji böhranı ilə üzləşməsi ölkəmizin "qoca qitədə" neft-qaz təchizatçısı olaraq rolunu, geostrateji əhəmiyyətini artırır. Məhz Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasının təsdiqi olaraq bu ilin iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıya gələrək dövlət başçımızla enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzaladı. Bu memoranduma görə, 2027-ci ilədək ölkəmiz Avropa İttifaqı ölkələrinə qaz ixracını ikiqat artıracaq. Ölkəmizin Avropaya qaz ixracının artırılması üçünsə ilk növbədə Cənub Qaz Dəhlizinin imkanları genişləndirilməlidir. Cənab Prezidentin İtaliyaya son səfərində bu məqam, həmçinin, zəngin bərpaolunan enerji potensialına malik olmağımız və ümumiyyətlə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu aydın ifadə olundu. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan yalnız neft-qaz təchizatçısı deyil, həm də Mərkəzi Asiyanın zəngin enerji resurslarının Avropaya nəqlində vacib tranzit əhəmiyyətə malikdir.  

- Mətin müəllim, qarşıdan soyuq qış gəlir, bu, Avropanı geriyə hansısa addımlar atmağa məcbur edəcəkmi? Çünki bəzi Avropa ölkələrində artıq insanlar etirazlar edir, müharibə davam edərsə, qışda soyuqdan donma təhlükəsi ilə üz-üzə qalacaqlarını bildirirlər. Bu məsələ barədə düşüncəniz necədir?

- Həqiqətən də Ukraynada davam edən müharibə fonunda Avropa ölkələri ciddi enerji böhranı ilə üzləşiblər. Hazırda Avropanın belə bir böhranla üzləşməsi də, fikrimcə, qitənin aparıcı dövlətlərinin yanlış enerji strategiyalarına görədir. Qitənin Almaniya kimi lider dövlətləri zamanında enerji təchizatında özlərini Rusiyadan bu qədər asılı etməməli idilər. Ən yeni tarixdə baş verən hadisələr də sübut edir ki, Rusiya, bir çox hallarda malik olduğu nəhəng enerji resurslarından geosiyasi məqsədlərini reallaşdırmaq üçün istifadə edib və təəssüf ki, avropalı siyasətçilər bu amilə o qədər də əhəmiyyət verməyib. Nəticədə, belə bir vəziyyət yaranıb. Ancaq mən Ukraynada müharibənin davam edəcəyi təqdirdə Avropada enerji və iqtisadi böhranın dərinləşəcəyi fikirlərini bölüşsəm də, avropalıların sonda geriyə addım atacağı qənaətində deyiləm. Ukraynada Rusiya qarşısında geri çəkilmək Qərb isteblişmentində və geniş ictimai rəyində ciddi təhlükəsizlik təhdidi kimi qəbul edilir və bu səbəbdən də avropalıların hələ uzun müddət müqavimət potensialını qoruyacaqlarını düşünürəm. Bütün bunlarla bərabər, enerji böhranının dərinləşməsi səbəbindən sosial etirazların genişlənməsi də gözləniləndir. 

- Bir qədər də hədəfləriniz, gələcək planlarınız, görməyi nəzərdə tutduğunuz işlər barədə danışardınız.

- Gələcək planlarım, hədəflərimlə bağlı onu deyə bilərəm ki, sahəmizə aid elmi-tədqiqat işlərini genişləndirməyi düşünürəm. Fikrimcə, bu sahədə fəaliyyətimi artırmaqla ölkəmizdə elmin inkişafına az da olsa töhfə verə bilərəm. Beynəlxalq münasibətlər, onun ayrı-ayrı aspektlərinin öyrənilməsi bir elmdir və hesab edirəm ki, cəmiyyətimizin bu sahədə də maariflənməsinə ciddi ehtiyac var. Təbii ki, müəllim kimi də pedaqoji fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Sonda onu da qeyd etmək istərdim ki, əlbəttə ki, gələcək hədəflərimizi, planlarımızı müəyyən etmək öz ixtiyarımızdadır, ancaq taleyimizin də bizə bəzən sürprizlərini əsirgəmədiyini də nəzərə almalıyıq.    

Sevinc QARAYEVA

 





10.09.2022    çap et  çap et