525.Az

ABŞ müharibəyə qoşulacaqmı? - Xaqani Cəfərli yazır


 

ABŞ müharibəyə qoşulacaqmı? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya müxalifətinin bəzi təmsilçiləri iddia edirlər ki, ABŞ Ukrayna müharibəsinə qoşulmaq və Rusiyanın ordusunu tamamilə dağıtmaq üçün bəhanə gözləyir. Mübahisəli, hətta inandırıcı görünməsə də, son iki ayda baş verənlər ABŞ-ın müharibəyə qoşulmaq üçün bəhanə axtardığını, Rusiyanın da bunu hiss edərək Vaşinqtona bəhanə verməməyə çalışdığı qənaətini yaradır. 

Ukraynanın Müstəqillik Günündə, avqustun 24-də ABŞ prezidenti Co Bayden Kiyevə təxminən üç milyard dollar həcmində hərbi yardım paketinin verilməsi haqqında sərəncam imzaldı. Bu, ABŞ-ın Ukraynaya ən böyük birdəfəlik hərbi yardım paketi idi. Ümumilikdə isə ABŞ bu günə kimi Ukraynaya 15,2 milyard dollarlıq hərbi yardım edib. İki gün öncə Almaniyada Ramşteyn formatında 50-yə yaxın ölkənin müdafiə nazirlərinin beşinci görüşündə ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya daha 675 milyon dollar yardım ayırdığını açıqlayıb. Elə həmin gün Kiyevə səfər edən ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun Ukraynanın və onun 18 qonşusunun təhlükəsizliyini gücləndirmək üçün 2,2 milyard dollar ayırmaq niyyətində olduğunu bildirib. Dövlət Departamentinin başçısı deyib ki, 2 milyard dollarlıq yardımın təxminən 1 milyardı Ukraynaya veriləcək, qalanı isə 18 ölkə arasında bölünəcək. ABŞ-dan yardım alacaq ölkələrin arasında Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Gürcüstan, Yunanıstan, Kosovo, Latviya, Litva, Moldova, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, Slovakiya və Sloveniyanın adları keçir. Dövlət katibi Entoni Blinken bildirib ki, bu yardım ABŞ-ın Ukraynanın demokratik, suveren və müstəqil dövlət kimi gələcəyinə, eləcə də Vaşinqtonun regiondakı bütün müttəfiqlərinin və tərəfdaşlarının təhlükəsizliyinə sarsılmaz sadiqliyini nümayiş etdirir.

ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevdə yüksək səviyyəli görüşlər keçirdiyi bir zamanda Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Almaniyada Ramşteyn formatında Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşüb. Həmin vaxt Ukraynanın başqa bir rəsmisi - icmaların və ərazilərin inkişafı naziri Aleksey Çernışev ABŞ-a səfəri çərçivəsində ticarət nazirinin müavini Don Qreyvs ilə bir araya gəlib.

ABŞ-ın Ukraynaya ayırdığı yeni 675 milyon dollarlıq hərbi yardım paketinə HIMARS üçün dəqiq idarə olunan mərmilər, 105 mm-lik haubitsalar, artilleriya sursatları, HARM antiradar raketləri, əsasən ABŞ Silahlı Qüvvələrinin xidmətində olan HMMWV hərbi avtomobilləri, tank əleyhinə raketlər və atıcı silahlar daxildir. Rəsmi məlumatlarda qeyd olunmasa da, mediaya məlum olub ki, ABŞ bu yardım paketi çərçivəsidə Ukraynaya 92 milyon dollar dəyərində 80 kilometrə qədər məsafəni qət edən GPS ilə idarə olunan Excalibur artilleriya mərmiləri də verəcək. Qeyd edək ki, bu günə qədər ABŞ Ukraynaya yalnız 40 kilometrə qədər məsafəni qət edən artilleriya mərmiləri verirdi.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi sədrinin birinci müavini Mixail Zabrodskinin sentyabrın 7-də yayımlanan birgə məqaləsində Ukraynanın uzaqmənzilli raketlərə ehtiyacı olduğu qeyd edilib. Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi hesab edir ki, Krımın azad olunması da müharibənin başa çatması demək olmayacaq. Bu isə o anlama gəlir ki, müharibə Rusiyanın ərazisinə keçəcək. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Valeri Zalujnı və Mixail Zabrodskinin məqaləsində ilk dəfə olaraq Krımda baş verən partlayışların Ukrayna Silahlı Qüvvələrinin işi olduğu etiraf edilir. Bundan əvvəl Ukrayna rəsmiləri Krımda baş verən partlayışlarda iştiraklarını inkar edirdilər. Belə qənaət vardı ki, ABŞ Rusiyanın nüvə silahına əl ata biləcəyindən ehtiyat edərək Ukraynanın Krıma zərbə endirməsinin əleyhinə çıxır. Avqust ayından başlayaraq vəziyyət dəyişdi. İndi isə Ukrayna rəsmiləri hətta Krımın azad olunmasından sonra da müharibənin davam edəcəyindən danışırlar.

ABŞ rəsmilərinə görə isə Qərbin Rusiya ilə müharibədə Ukraynaya yardımı öz bəhrəsini verir. Almaniyada Ramşteyn formatının növbəti iclasında ABŞ müdafiə naziri Lloyd Ostin belə deyib: "İndi biz döyüş meydanında ümumi səylərimizin aşkar uğurunu görürük. Hər gün biz müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiyanın işğalçılıq müharibəsinə müqavimət göstərən Ukraynaya kömək etmək əzmini görürük. Mübarizə gücləndiyi üçün biz də güclənməliyik". Siyasətçilərdən fərqli olaraq daha açıq danışan və Rusiyanın məğlub edilməsinin qatı tərəfdarı olan general Lloyd Ostinin bu çıxışı Moskvaya meydan oxumaq kimi qəbul edilə bilər. Belə görünür ki, Ramşteyn formatında tarixin ən böyük hərbi koalisiyasını yaradan ABŞ müharibənin ilk günlərindən fərqli olaraq indi hərb meydanının genişlənməsindən narahat deyil. Hətta əksinə, müharibənin coğrafiyasının genişlənməsinə savaşa qoşulmaq və Rusiya ordusunu tamamilə dağıtmaq üçün imkan kimi baxır.

Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi və 56 nəfərdən ibarət nümayəndə heyətinin BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməsinə ABŞ-ın viza verməməsi də son iki ayda Vaşinqtonun Moskvaya qarşı növbəti gedişidir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın BMT Baş katibi Antonio Quterresə göndərdiyi məktubda qeyd edilir ki, BMT-nin rəsmi tədbirlərində iştirak etmək üçün son aylar rusiyalı nümayəndələrə ABŞ-a giriş vizaları verilmir. Bunun da nəticəsində Rusiya BMT-nin işində fəal iştirak edə bilmir.

Ukrayna limanlarının blokadasının qaldırılması, Ukrayna taxılının dünya bazarlarına çıxarılması və Zaporojye Atom Elektrik Stansiyası ətrafında gərginliyin azaldılması istiqamətində addımlar atması bu qənaəti yaradır ki, Rusiya ABŞ-ın müharibəyə qoşulmasına bəhanə verməməyə çalışır.

Rusiyada Prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması ilə bağlı açıq təkliflər səslənməyə başlayıb. Rusiya müxalifətinin önəmli simaları isə Putinin Qərblə qarşıdurmanın yumşaldılması və müharibəyə son qoyulması üçün hakimiyyəti yaxın adamlarından birinə ötürməyə hazırlaşdığını iddia edirlər. Bu iddiaların həqiqətə nə qədər uyğun olduğu yaxın həftələrdə aydınlaşacaq.

 





10.09.2022    çap et  çap et