525.Az

Niderland ekzotikası barədə xoş təəssüratlar - Telman Orucov yazır


 

Niderland ekzotikası  barədə xoş təəssüratlar - <b style="color:red"> Telman Orucov yazır</b>

Əvvəli ötən şənbə sayımızda

 

 Saat 7-də Amsterdama çatanda, artıq axşam qəzetləri turist qrupumuzun üzvü olan latışın siyasi sığınacaq istədiyi xəbərini iri başlıqlarla çap etmişdi. Mətbuat hadisəni sensasiya səviyyəsinə qaldırmışdı. Bizi qəbul edən firmanın sahibi bildirdi ki, jurnalistlər zəng vurub bu hadisənin səbəbini öyrənmək istəyirlər. Mən ona bu barədə heç nə danışmamağı məsləhət gördüm və bildirdim ki, qoy onlar mənə müraciət etsinlər. Lakin məni narahat edən olmadı.

Axşam baş və vitse-konsul otelə gəldi və müxtəlif versiyalar irəli sürdülər. Baş konsul cavan və təcrübəsiz bir adam idi, diplomatlıqda da naşı olduğu nəzərə çarpırdı. Birdən Alla Puqaçovanın o vaxtlar dəbdə olan "To li eşşe budet?" mahnısını zümzümə etməyə başladı. Onlar gedəndən sonra mən Aeroflot nümayəndəliyindən yenə də səfirlə əlaqə saxladım. O, söhbət əsnasında sabahısı günü Brüsselə getməyimizə razı olmadığını bildirdi. Belə qərara etiraz etdiyimə görə xahiş etdim ki, onda bizim biletlərimizi noyabrın 6-na dəyişdirməyi təşkil edin ki, biz Moskvaya qayıdaq. Bu cür inamsızlıq şəraitində səfəri davam etdirməyə də ehtiyac yoxdur. Mənim möhkəm mövqeyimi nəzərə alıb, Belçikaya qarşıdakı səfərimizə razılıq verdi. Ancaq onu da əlavə etdi ki, ehtiyatlı olun ki, başqa bir xoşagəlməz hadisə baş verməsin.

Biz avtobusla Brüsselə getdik, şəhərin çox yeri ilə tanış olduq, kral iqamətgahına və parkına, 120 metr hündürlüyündəki Atomiuma tamaşa etdik. Bir-birinə polad borularla birləşən bu tikili kimyəvi element kimi dəmirin molekulunu təsvir edir. Bu qəribə maket 1958-ci ildəki Ümumdünya sərgisi üçün quraşdırılmışdı, elementin atomları kimi hər birinin diametri 18 metrə çatan şarlar təsvir olunurdu. Bu şarlarda restoranlar yerləşirdi, onlar, həmçinin, müxtəlif ekspozisiyalar üçün istifadə edilirdi. Şəhərin baş meydanı olan Qrand-plyas uca qotik üslubundakı binalarla əhatə olunmuşdur. Böyük fransız yazıçısı Viktor Hüqo vaxtilə Qrand-plyasa heyran olduğunu bildirmişdi. Bu mərkəzi məkan gül bayramı vaxtı qiymətli rəngbərəng çiçəklərdən düzəlmiş nəhəg xalça ilə örtülür. Meydanın bir tərəfində kiçik Mansken - pis (İşəyən oğlan uşağı) adlanan və belindən aşağıdakı orqanından su şırıldayan bürünc kiçik uşağın heykəli yerləşir. Rəvayətə görə, Brüsseldə yanğın baş verəndə onu söndürmək mümkün olmurmuş, bu vaxt kiçik bir oğlan cinsi üzvündən buraxdığı sidik şırnağı ilə yanğını söndürə bilmişdi. Ona görə də ona belə heykəl qoyulmuşdur. Adamlar Qrand -plyasdan çox, bu kiçik heykələ tamaşa edir, əllərini ona sürtürdü, guya ki, belə hərarətli münasibət onu sığallayana xoşbəxtlik gətirir.

Brüsselin küçələrində taxta çəlləklərdə əkilən dekorativ ağaclar bir boyda olmaqla, gözəllik mənzərəsi yaradır. Diqqətimizi daha çox cəlb edən isə ağacların çətiri altında əkilmiş gül-çiçəklər idi. Belçikalılar təpələri də yaşıl süni çəmənliklərlə bəzəyirlər. Bu təcrübə Bakıda, Heydər Əliyev prospektində öz əksini tapdı, xeyli məsafədə uzanan çılpaq, göz oxşamayan təpələr süni yaşıllığın hesabına görünüşünü dəyişib, gözəl mənzərə yaratdı.

Brüsseldə Qrand Plyas

 

Belçikada səfərimiz uğurlu oldu, heç bir xoşa gəlməyən hadisə baş vermədi. Və axşam Amsterdama qayıtdıq.

7 noyabrda Sovet xalqının milli bayramı olan Böyük Oktyabr inqilabının ildönümü günündə səfirlikdə təyin olunmuş bayram şənliyində iştirak etmək üçün Haaqaya getdik. Mauritsis muzeyində olduqdan sonra, şəhərdəki Beynəlxalq Məhkəmənin binasına tamaşa etdik. Bu bina ABŞ-ın məşhur polad maqnatı, böyük xeyriyyəçi Endryu Karneqinin vəsaiti hesabına 1903-cü ildə Sülh Məbədi kimi tikilmişdi.

Şəhərin "Qızıl Baş" restoranında Azərbaycan günləri ilə əlaqədar Bakı aşpazları işləyirdi və biz naharı orada etməli idik. Qrup üzvlərinə latışın itməsi pis təsir etdiyinə görə adamları depressiyadan çıxarmaq üçün tapşırmışdım ki, ehtiyat spirtli içkilərini özləri ilə götürsünlər. Restoranda bizi düşbərəyə, kababa və plova qonaq etdilər. Araq, konyak, şərab isə hamının əhval-ruhiyyəsini dəyişdirmişdi, belə atmosferi pozmamaq naminə səfirlə görüşə iki saata qədər gecikdik. Saat 5-də səfirliyin həyətinə çatanda, bizi qarşılayan məsul işçi bildirdi ki, səfir sizə görə günə aid bütün planlarını, təbrikə gələnlərin qəbul vaxtlarını pozmalı olmuşdur, ona görə də müəyyən qədər narazıdır. Bayramla əlaqədar yerli siyasi xadimlər, iş adamları, digər ölkələrin səfirləri adətən onu təbrik etməyə gəlirlər. Onlarla görüşün təxirə salınması isə ciddi protokol pozuntusu kimi qiymətləndirilir.

Səfir V.S.Tolstikov bizi binanın kandarında qarşıladı. Tutqun sifəti narazılığını büruzə verirdi. Bizi iri barın yanına dəvət etdi, orada hər cür içkilər var idi. Səfir bizə "xoş gəlmisiniz" dedi və bayramımızı təbrik etdi. Mən cavab tostu qaldırdım, Sovet torpağında böyük bayramı qeyd etmək imkanı yaratdığına görə minnətdarlığımı bildirdim. Səfirlik eks-ərazi hüququna malikdir, onun ərazisi yerləşdiyi ölkəyə deyil, təmsil etdiyi dövlətə məxsusdur. Sonra o, yenə tost dedi və mən bir qədər geniş cavab nitqi söyləməli oldum. Qrup üzvləri bizə göstərilən diqqətdən və davranışın da layiqli şəkildə olmasından razı qalmışdılar, sifətlərində sevinc hiss olunurdu.

Qəbul başa çatanda, səfir qoluma girib məni kənara çəkdi və məndən "v. kontore  qlubokoqo bureniya"da - "dərin qazma kontorunda" nə vaxtdan işləməyimlə maraqlandı. Vəzifəli şəxslər KQB-ni (DTK-nı) adətən əcnəbilər anlamasın deyə belə adlandırırdılar. Mən orada yox, kənd rayonunda raykom katibi işlədiyimi bildirdim. Axı səfir özü də uzun müddət partiya işçisi olmuşdu, 1970-ci ilə kimi Leninqrad vilayət partiya təşkilatına rəhbərlik etmişdi. Bu vaxt bizə yaxınlaşan Azərbaycan KP Mərkəzi Komitəsi İşlər müdirinin müavini Bahadur Qayıbov sözlərimi təsdiq edib, dedi ki, qrupumuzun rəhbəri Ağdam rayonunda işləyir.

Haaqada Beynəlxalq Məhkəmə binası

Nəhayət, biz səfirliyi tərk edəndə diplomatik korpusun başçısı məni saxladı və bir otağa dəvət etdi. O, pərdələri aşağı saldı, televizoru və radionu işə salıb, onların səsini qaldırdı. Deməli, buranın özü də təhlükəsiz yer deyilmiş, Niderland kəşfiyyat xidməti orqanları səfirlikdəki danışıqlara da qulaq asırmış. Səfir latışın bu ölkədə qalmasına aid suallar verdi. Mən bildirdim ki, onu yaxşı tanımırdım, öz respublikamızdan olanlara isə az-çox bələd idim. Sonra əvvəlki narazılığı da ləğv etmək üçün dedi ki, onsuz da SSRİ-dən gələnlərdən burada ən azı bir-ikisi qalır. Bu yaxınlarda Sovet sirki burada qastrolda idi, 4 nəfər siyasi sığınacaq istədi. Mən əlavə etdim ki, Sovet qrossmeysteri Viktor Korçnoy üç il əvvəl, 1976-cı ildə Amsterdamda olarkən, vətənə qayıtmaqdan imtina etmişdi, hazırda səhv etmirəmsə, İsveçrədə yaşayır. Səfir söhbətdən razı qaldı və məni binanın qapısından mehribanlıqla yola saldı.

 Latışın sərgüzəşti pis virus kimi, qrup üzvlərinin şüurunu tərk etməmişdi. Onun otaq yoldaşı olan digər latış elə həmin gün müraciət etdi ki, otaqda tək yatmağa qorxur, onu oğurlaya bilərlər. Onu başa düşmək olardı, ona görə də tapşırıq verdim ki, hər gecə bir nəfər onun otağında yatsın. Niderlandda, xüsusən Amsterdamda SSRİ-yə qarşı münasibət heç də birmənalı deyildi. Bir az əvvəl SSRİ Ticarət Nümayəndəliyinin binasını yandırmışdılar. "Aeroflot"un ofisində işləyən qadın qorxudan qapını beş yerdən bağlayırdı, mən bunu Ağdamdakı Şahbulaq penitensiar koloniyasında görmüşdüm. Qapıya yaxınlaşmaq da ehtiyatlı olmağı tələb edirdi, ətrafda yaşayanlar itlərinin iri ifraz imkanı üçün qəsdən buranı seçmişdilər və ayağı batırmamaq üçün baletdəki "pa-de-de"ni icra etmək lazım gəlirdi.

 (Ardı var)

 

 





11.09.2022    çap et  çap et