525.Az

İran Albaniyadan nə istəyir?


 

İran Albaniyadan nə istəyir?<b style="color:red"></b>

İranın əksər İslam dövlətləri, müsəlman ölkələri ilə münasibətlərinin gərgin olduğu yenilik deyil. Xüsusilə, Fars körfəzi ölkələri ilə münasibətlərdə həmişə gərginlik müşahidə edilib. Hətta diplomatik münasibətlərin kəsildiyi zamanlar da olub. Fars körfəzi ölkələri ilə İranın münasibətlərindəki gərginliyi qismən də olsa maraq və mənafelərin toqquşması ilə izah etmək mümkün olsa da, Avropada yerləşən Albaniyaya qarşı İranın mövqeyini anlamaq mümkün deyil.

Bir neçə gün öncə Albaniya hökuməti İranla diplomatik əlaqələri dondurduğunu bəyan etdi. Buna səbəb kimi Tehranın göstərişi ilə Albaniya hökumətinin rəqəmsal infrastrukturuna qarşı kütləvi kiberhücumun baş verməsi göstərilir.

Baş nazir Edi Rama bildirib ki, bu il iyul ayının 15-də Albaniyanın dövlət qurumlarının rəqəmsal infrastrukturu güclü kiberhücumla üzləşib. Nəticədə məlumatların oğurlanması baş verib. Albaniyanın yerli mütəxəssisləri tərəfdaş ölkələrin və qurumların mütəxəssislərilə birlikdə heç bir şübhəyə yer qoymadan müəyyən ediblər ki, 15 iyul hücumları hansısa müstəqil kibercinayətkar qrupların hərəkətləri deyil, dövlət təcavüzüdür. Baş nazir bildirib ki, geniş araşdırmalar təsdiq edib ki, Albaniyaya qarşı kiberhücum İran İslam Respublikası tərəfindən təşkil olunub və maliyyələşdirilib, hücumda dörd qrup iştirak edib.

Araşdırma zamanı müəyyən olunub ki, bu dörd komandadan biri əvvəllər İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Kiprə qarşı kiberhücumlarla məşğul olub. Bunu nəzərə alaraq Albaniya Nazirlər Şurası İranla diplomatik əlaqələri dərhal kəsmək qərarına gəlib. Hökumətin qərarı rəsmi nota ilə elan edilib və İran səfirliyindən 24 saat ərzində Albaniya ərazisini, o cümlədən, bütün diplomatik və inzibati əraziləri tərk etmək tələb olunub. Baş nazir Edi Rama bildirib ki, bu, istəmədikləri, lakin məcbur olaraq atdıqları bir addımdır. Baş nazir onu da qeyd edib ki, Albaniyanın strateji müttəfiqləri təhqiqatın nəticələri barədə məlumatlandırılıb və sübutlar onlarla paylaşılıb.

NATO Albaniyanın dövlət qurumlarına İran tərəfindən törədilən irimiqyaslı kiberhücumları pisləyib. Şimali Atlantika Alyansının bununla bağlı yaydığı xüsusi bəyanatda deyilir: "Biz Alyans üzvünün təhlükəsizliyini və sabitliyini pozmağa və zərər vurmağa yönəlmiş bu cür zərərli kiber fəaliyyətləri qətiyyətlə pisləyirik. NATO və Alyansın üzvləri Albaniyanı bu cür vəhşiliklərə qarşı mübarizə aparmaq üçün kibermüdafiə imkanlarını gücləndirməkdə dəstəkləyir". 

 

 





12.09.2022    çap et  çap et