Ümummilli lider Heydər Əliyev dövlətimizin tarixi taleyinin uğurlu və qaim-qədim olmasının millətin daim yüksək mənəvi dəyərlərə söykənməsi ilə mümkün olacağına inanırdı. Bu baxımdan, Ulu öndər Azərbaycanın öz şərəfli tarixi böyu yetişdirdiyi böyük şəxsiyyətlərin irsinin dərk edilməsi, qorunması və təbliği məsələlərinin diqqətdə saxlanılmasına xüsusi fikir verirdi və bu yöndə təbii ki, dahi şair və filosofumuz, dünya nizamçısı Nizami Gəncəvini zamanın fövqündə duran mənəviyyat simvolumuz kimi əsas istinadgah sayırdı.
Gəncənin Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfrans da Ümummilli liderin dahi şairimizin irsinin öyrənilməsi və yayılmasına verdiyi töhfələr haqda idi.
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən, "Ulu Öndər Heydər Əliyevin Nizami Gəncəvi irsinin təbliğində rolu" adlı konfrans Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 881 illiyinə həsr olunub.
Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə güllər düzülüb, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Regional Mədəniyyət İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin, Regional Turizm İnformasiya Mərkəzinin, Gəncə şəhər Gənclər Evinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Kukla Teatrının, Azərbaycan Yazıçılar Birliyinin yerli bölməsinin rəhbərləri, AMEA Gəncə Bölməsinin nizamişünasları, tədqiqatçılar, yazıçılar, incəsənət adamları, ictimaiyyət nümayəndələri, gənclər qatılmışdılar.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxışında Nizami Gəncəvinin doğumunun 881-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin sentyabr ayının sonunadək davam etdiriləcəyini bildirib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısını
n müavini Adil Tağıyev Nizami yurdu qədim Gəncəyə, eləcə də Nizami Gəncəvi irsinə Ulu öndər Heydər Əliyevin diqqət və qayğısının ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini qeyd edib.
Tədbirdə "Dahi mütəfəkkir Nizami Gəncəvinin irsinin təbliğində Ulu öndər Heydər Əliyevin rolu" mövzusunda hazırlanmış videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, alim, şair Bayram Apoyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov öz çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev Nizami Gəncəvi irsinə xüsusi qayğı və diqqət göstərmiş, onun fəaliyyəti ilə dahi şair və mütəfəkkirin yaradıcılığı və bəşəri fəlsəfəsinin tədqiq və təbliği məsələləri dövlət səviyyəsinə qaldırılmışdır.
"İstər Azərbaycanda, istərsə də keçmiş SSRİ məkanında nizamişünaslığın inkişafının yüksək vüsət alması da Ulu öndərin adı ilə bağlıdır. Həmçinin dahi şairin son mənzilinin - məqbərəsinin onun adına və dünya fikir tarixində tutduğu mövqeyə uyğun olaraq, daha möhtəşəm formada yenidən inşa edilməsinin təşəbbüskarı və təşkilatçısı da Heydər Əliyev olub. Məhz onun tövsiyələri əsasında Nizami Məqbərəsi özündə möhtəşəm memarlıq və heykəltəraşlıq nümunələrini, yaşıllıqları, geniş meydanı və digər kompozisiya və qurğuları birləşdirən kompleks halına gəlib" - deyə və AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov bildirib.
Tədbirin gedişində Gəncə şəhərinin incəsənət və musiqi məktəblərinin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Zakir MURADOV, Gəncə
çap et