525.Az

Ermənistan müxalifəti boykotu davam etdirir


 

MÜXALİF DEPUTATLARIN MANDATDAN MƏHRUM EDİLMƏSİNƏ DEKABRDA BAXILACAQ

Ermənistan müxalifəti boykotu davam etdirir<b style="color:red"></b>

Ermənistanda bir müddət əvvəl meydana çıxan "parlament böhranı" davam edir. Hazırda iki müxalifət bloku - "Şərəfim var" və "Ermənistan" parlamentin iclaslarını boykot edirlər. Sentyabrın 12-də Ermənistan parlamentinin növbəti iclası keçirilib, lakin qeyd edilən iki müxalif blokun deputatları iclasa qatılmayıblar.

"Müqavimət hərəkatı"nın koordinatoru, "Ermənistan" blokundan deputat, daşnakların təmsilçisi İşxan Saqatelyan bildirib ki, onlar parlamentin payız sessiyasının iclaslarında iştirak etməyəcəklər. Ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq üçün hərəkat çərçivəsində mübarizə aparmaqda davam edəcəklər.

Parlamenti boykot edən müxalifət əvəzində faktiki olaraq yeni siyasi mübarizə formatı - müxtəlif ictimai-siyasi qüvvələrin iştirakı ilə ictimai müzakirələr elan ediblər. Bu formatda artıq ilk müzakirələr də keçirilib. Saqatelyan parlamentin qarşıda duran ölkə üçün vacib məsələlərin öhdəsindən gəlmək iqtidarında olmadığını vurğulayıb.

"Biz yüz minlərlə vətəndaşımızdan məhz Ermənistanın maraqlarını qorumaq üçün mandat almışıq. İndiki hakimiyyət və onun parlament çoxluğu nəinki ölkənin maraqlarına xidmət etmir, həm də onlara qarşı işləyir, bizim üçün yeni təhlükələr yaradır", - deyən erməni siyasətçi Ermənistanı gəmiyə, onun rəhbərliyini isə qəzaya uğrayan gəmiyə rəhbərlik edən kapitana bənzədib.

Hakimiyyəti müharibəni uduzmaqda ittiham edən Saqatelyan deyb ki, indiki şəraitdə müxalifət qüvvələrinin əsas vəzifəsi yeni hökumətin formalaşdırılması və ölkənin xilası üçün proqramın yaradılması olaraq qalır. Onun sözlərinə görə, "Müqavimət hərəkatı" mövcud vəziyyətdən çıxış yolu ilə bağlı ideyaların müzakirəsi platformasına çevrilib. 

Bu arada Ermənistan parlamentinin sədri Alen Simonyan dekabrda müxalif deputatların mandatdan məhrum edilməsi məsələsinə qayıdacaqlarını söyləyib: "Əminəm ki, onlar həkimlərdən arayış gətirəcəklər və ya hansısa görüşlərə "öz gündəmləri ilə" gələcəklər. Biz konstruktivlik göstərib onları mandatlarından məhrum etmədik. Baxmayaraq ki, Konstitusiya Məhkəməsinə müraciət edib bunu edə bilərdik. Müxalifətin alternativi yoxdur və parlamentə qayıtmalı olacaq".

Xatırladaq ki, bundan əvvəl müxalifət parlamentə qayıtmaq və ya qayıtmamaq məsələsi ilə bağlı aktiv müzakirələr aparıb. Ermənistan mətbuatının yazdığına görə, "Müqavimət hərəkatı" zamanı müxalifət parlamentə yalnız öz gündəliyi ilə qayıdacağını dəfələrlə bəyan etməsinə baxmayaraq, etibarlı mənbələrdən məlumat daxil olub ki, hakim "Vətəndaş müqaviləsi" fraksiyası ilk cəhddən fərqli olaraq yanvar ayına kimi mandatdan məhrumetmə prosesini başa çatdırmaq niyyətindədir. Çünki beynəlxalq birlik, xüsusən də Avropa strukturları artıq buna qarşı çıxmayacaq.

Son günlər sabiq prezident Serj Sarkisyan da öz komandasının üzvləri ilə bu barədə müzakirələr aparıb. Lakin "Şərəfim var" fraksiyasının davranışı daha çox "Ermənistan" blokunun qərarından asılıdır, baxmayaraq ki, Sarkisyanın lideri olduğu Respublika partiyasının deputatları əvvəllər qəti şəkildə bəyan etmişdilər ki, parlamentə qayıtmayacaqlar. Amma küçə mübarizəsindəki uğursuzluqlar müxalifəti yenidən parlamentə qayıtmağa sövq edir: hamı başa düşür ki, bu tribunadan imtina onların fəaliyyətinə pis təsir edəcək.

"Bizə dedilər ki, "Ermənistan" bloku parlamentə qayıtdığını elan etsə, "Şərəfim var" fraksiyasından olan respublikaçı deputatlar da bunu edəcəklər. Yeri gəlmişkən, parlament böhranı yaratmaq üçün siyahıda olanların hamısının mandatdan imtina etməli olduğuna dair proqram da uğursuz oldu. Siyahıdakı növbəti namizədlər öz namizədliyini geri götürmək üçün ərizə təqdim etməlidirlər, lakin blok əmin deyil ki, hazırkı deputatlar istefa verərsə, siyahıdakı növbətilər də eyni addımı atacaq. Bu barədə birbaşa danışmasalar belə, 200 nəfərlik siyahıda bir neçə satqının olacağına şübhələr var", - erməni KİV mənbəyə istinadən yazır.

Xatırladaq ki, "Ermənistan" və "Şərəfim var" müxalif fraksiyaları bu il aprel ayından davamlı aksiyalara başlayıblar və parlamentin iclaslarında iştirak etməyiblər.  "Ermənistan" fraksiyasının nümayəndəsi Armen Rüstəmyan mayın 4-də hökumət saatında baş nazir Nikol Paşinyanın istefası ilə bağlı yazılı tələblərini oxuyub. Bundan sonra müxalifət deputatları iclas zalını tərk ediblər. Hakim fraksiya müxalifətçiləri mandatdan məhrum etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməklə hədələsə də, sonradan bu addımdan əl çəkib. Davamlı aksiyalar ölkədə siyasi böhranın yeni mərhələsinə - parlament böhranına gətirib çıxarıb. İyul ayında hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri toplaşaraq parlamentin iclasını keçiriblər. Onlar səsvermə nəticəsində müvafiq olaraq parlament sədrinin müavini İşxan Saqatelyanı və iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri Vahe Hakopyanın səlahiyyətlərinə xitam veriblər. Bunun ardınca Armen Gevorqyan Ermənistan parlamentinin regional və Avrasiya inteqrasiya komitəsinin sədri vəzifəsindən istefa verdiyini elan edib. Daha sonra deputat Tadevos Avetisyan parlamentin əmək və sosial məsələlər daimi komissiyasının sədr müavini vəzifəsindən, Hayk Mamicanyan xarici əlaqələr daimi komissiyasının sədr müavini vəzifəsindən, Artur Xaçatryan maliyyə krediti və büdcə məsələləri daimi komissiyasının sədr müavini vəzifəsindən istefa veriblər. Müvafiq qaydalara görə, həmin vəzifələrə namizədləri irəli sürmək hüququ müxalifətə məxsusdur və son düzəlişə əsasən hakimiyyət yalnız komissiyaların sədr müavinləri vəzifəsinə namizədlər irəli sürə bilər. Göründüyü kimi, müxalif fraksiyalar parlamentin iclasına qatılmasalar da, hələ ki, yekun imtina qərarını verə bilməyiblər.

 

 

 





12.09.2022    çap et  çap et