525.Az

"ABŞ və Rusiya sülh sazişinin imzalanmasını rəqabət meydanına çevirməyə çalışır"


 

POLİTOLOQ QABİL HÜSEYNLİ: "İKİ ÖLKƏNİN RƏQABƏTİ SÜLHYARATMA PROSESİNDƏ ƏSAS MANELƏRDƏN BİRİNƏ ÇEVRİLƏ BİLƏR"

"ABŞ və Rusiya sülh sazişinin imzalanmasını rəqabət meydanına çevirməyə çalışır"<b style="color:red"></b>

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair ötən ayın sonunda keçirilən 4-cü Brüssel görüşündə bir sıra mühüm razılaşmalar əldə olunsa da, İrəvanın daha sonra atdığı addımlar, verilən rəsmi açıqlamalar qarşı tərəfin əslində sülhə hazır olmadığını göstərir. Erməni rəsmiləri öz havadarlarının köməyi ilə Minsk qrupunu diriltməyə, "status" məsələsini gündəmə gətirməyə çalışırlar. Baxmayaraq ki, qeyd edilən heç bir mövzu sonuncu Brüssel bəyanatında yer almayıb. Bundan başqa, demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri dövlət sərhədində Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Eyni zamanda, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulmuş öhdəliklərin icrasından da boyun qaçırır. Erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb. Kommunikasiya xətlərinin, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də İrəvan vaxt uzatmaqla məşğuldur. Real vəziyyətin belə olduğu halda, baş nazir Nikol Paşinyanın sülhdən, əməkdaşlıqdan danışması sadəcə beynəlxalq ictimai rəydə Ermənistanın müsbət obrazını yaratmağa hesablanıb. Amma İrəvan anlayır ki, ikili oyuna son qoymalıdır. Çünki prosesdə təkcə Rusiya deyil, artıq yaxından iştirak edən Aİ də var.

Bəs İrəvan Brüssel razılaşmalarını yerinə yetirəcəkmi? Növbəti üçtərəfli görüşün keçiriləcəyi noyabr ayına kimi hansı addımlar atıla bilər?

Politoloq Qabil Hüseynli "525"ə deyib ki, bu gün Azərbaycanda hamı Ermənistan siyasi rəhbərliyinin qeyri-ardıcıllığından, mövqeyini tez-tez dəyişməsindən narahatdır. O qeyd edib ki, dördüncü Brüssel görüşündə kifayət qədər razılaşdırılmış mövqelər ortaya çıxdı: "Eyni zamanda, Brüssel Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin simasında bəyan etdi ki, həm sülh müqaviləsinin İşçi Qrupuna, həm də müqavilənin mətninin hazırlanmasına şəxsən nəzarət edəcəklər. Bu prosesin hər hansı təsirə məruz qalmasına imkan verməyəcəklər".

Politoloq xatırladıb ki, Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın İrəvanda özünün deputat qrupu ilə qapalı görüşdə sülh müqaviləsinə sadiq olduqlarını, Azərbaycanın sülh müqaviləsi ilə bağlı beş şərtini yerinə yetirməyə hazır olduqlarını və bu ilin axırınadək sülh müqaviləsinin imzalana biləcəyinə diqqət yetirdiyini yazıb: "İlk baxışdan hər şey normal görünür və prosesin normal axınla, normal addımlarla irəliləyə biləcəyini söyləmək mümkündür. Onu da qeyd edim ki, paralel olaraq sərhədlərin delimitasiyası üzrə İşçi qrup noyabr ayında Brüsseldə görüşəcək. Brüssel görüşündə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı irəliləyişə nail olmaq mümkündür. Çünki bundan əvvəl sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyişlər əldə edilib. Əgər bütün bu işlər normal qaydada getsə, noyabrda Azərbaycan, Ermənistan və Aİ liderlərinin növbəti üçtərəfli görüşü baş tuta bilər. Yəqin ki bu görüş keçiriləcək".

Q.Hüseynliyə görə, narahatlıq doğuran digər bir fakt budur ki, super dövlətlər - ABŞ və Rusiya sülh sazişinin imzalanması məsələsini rəqabət meydanına çevirməyə çalışırlar: "Özü də hər biri soyuq müharibə dövrünün ştamplarından istifadə edərək sülh müqaviləsinin imzalanması məsələsinin məhz onların trafaretləri üzərində baş verməsindən israrlı kimi görünürlər. Bu heç nəyə yaramaz, çünki iki xalqın iradəsini əks etdirən bir qərar olacaq və üçüncü bir dövlətin bu məsələdə öz israrını yeritməyə çalışması, özlərinin strateji maraqlarının yeridilməsi ilə bağlıdır. Son zamanlar bu rəqabət daha açıq formada özünü göstərməyə başlayıb. Rusiya təkid edir ki, onun dediyinə görə, guya sülhyaratma prosesinin başında əvvəlcədən özü dayanıb, sülhyaratma prosesi sülh müqaviləsinin imzalanması ilə onun ərazisində də başa çatmalıdır. ABŞ başqa şərtlər - Minsk qrupu,  "status" məsələsini qabartmaqla  rəvan irəliləyən sülhyaratma prosesinin yolunda süni əngəllər yaratmağa çalışır. ABŞ-ın mövqeyi hazırda Azərbaycanın mövqeyi ilə daban-dabana zidd gəlir. Onun bu məsələdə tutduğu qeyri-konstruktiv mövqe qəti şəkildə qəbuledilməzdir. Eləcə də ABŞ və Rusiyanın bir-birilə rəqabəti də sözsüz ki, sülhyaratma prosesinin gedişinə mane olan əsas cəhətlərdən  birinə çevrilə bilər. Hər halda hər iki dövlətin siyasi liderlərinin, xüsusən də Ermənistanın siyasi liderinin tərəddüdləri olmayacaqsa, axıra qədər Brüsseldə nəzərə alınmış razılaşdırılmış mövqeləri həyata keçirməyə çalışacaqsa, onda bu ilin sonlarına kimi sülh müqaviləsi həqiqətən də imzalana bilər".

 

 





13.09.2022    çap et  çap et