525.Az

"İlkin sonsuzluq diaqnozunda əvvəlcə kişinin yoxlanılması məsləhət görülür"


 

HƏKİM LABORANT EMİLİYA HƏSƏNOVA: "SPERMAQRAMMA ANALİZİNƏ GƏLƏN ŞƏXS CİNSİ PƏHRİZ SAXLAMALIDIR"

"İlkin sonsuzluq diaqnozunda əvvəlcə kişinin yoxlanılması məsləhət görülür"<b style="color:red"></b>

İnsan səhhətində yaranan kiçik problemlərdən tutmuş böyük riskli xəstəliklərə qədər hər birinin dəqiq diaqnozu üçün analizlərin əhmiyyəti əvəzedilməzdir. Zamanında və düzgün təyin edilən laborator diaqnozun xəstəliklərin müalicəsində çox böyük rolu var. Hazırda müasir tibb o qədər inkişaf edib ki, artıq laborator analizlərin minlərlə növü var. Müsahibim həkim-laborant Emiliya Həsənova ilə laborator analizlər barədə danışmışıq.

Qeyd edim ki, "Yaşam" klinikasının laboratoriya şöbəsinin müdiri Emiliya Həsənova ilk tibb təhsilini Tibbi-biologiya fakültəsi üzrə bitirib, daha sonra bir il 14 saylı Tibbi sanitar hissədə internatura keçib. Bundan sonra isə Almaniyanın Mannheim Universitet Klinikasının Kliniki Bio-kimya İnstitutunda ixtisaslaşaraq yenidən Azərbaycana qayıdıb. Artıq 12 ildir bu sahə üzrə peşəkar fəaliyyət göstərir.

 

- Doktor, ümumən laboratoriyada hansı müayinələr aparılır?

- Əvvəla onu qeyd edim ki, müasir laboratoriyalar dünya standartlarına cavab verməlidir. Laboratoriyada bir çox analizlər aparılır. Bunlara bütün bio-kimyəvi analizlər, PCR testlər, hormon analizləri, genetik analizlər, infeksiya və bakterial analizlər, yəni kliniki analizlərin əksəriyyəti aiddir.

- Son dövrlər insanlar hansı xəstəliklərlə əlaqədar olan analizlərə daha çox müraciət edir?

- Belə deyim, müəyyən dövrə aid xəstəliklər də bir neçə cür olur. Misal üçün, fəsil dəyişkənliyi ilə əlaqədar artan xəstəliklər olur ki, bunlarla bağlı analiz müraciətləri daha çox alırıq. Hazırda yaydan payıza doğru getdiyimiz periodik dövrdür və bu zaman biz ən çox allergik və revmatik xəstəliklərlə bağlı analiz diaqnostikaları daha çox aparırıq. Bundan əlavə, müntəzəm olaraq hamilələrlə çalışırıq, sonsuzluğun diaqnostikası və s. kimi prosedurlar həyata keçiririk.

- Emiliya xanım, bəs genetik testlər üzrə də diaqnostika aparırsınızmı və daha çox hansı testlər götürülür?

- Əlbəttə, baxır hansı genetik testlər. İnsanlar bəzən sual edirlər ki, genetikayla bağlı hansı testlər var? İnanın, bu 10-15 cür deyil ki, həkimlər hamısını saysın. Genetika ilə bağlı minlərlə analiz aparılır. Hazırda müasir tibbin imkanları buna icazə verir. Bunların hansı, nə zaman götürülməlidir, o artıq həkimin müayinəsindən sonra bəlli olur.

- Spermaqramma nədir? Bu analiz necə verilməlidir və hansı hallarda götürülür?

- Qeyd edim ki, spermaqramma  kliniki analizdir və onun özünə uyğun genetik analizləri var. Bu analiz, əsasən sonsuzluğun diaqnozu zamanı tələb edilən testdir. Belə deyək, əgər cütlük bir ildir evlidirsə, tərəflər qorunmadan qaydasında gedən cinsi münasibətləri olubsa və buna baxmayaraq uşaqları yoxdursa, bu, artıq ilkin sonsuzluq adlanır. Bu zaman həm qadın, həm kişi yoxlanılmalıdır. Həkimlər əvvəlcə kişinin yoxlanılmasını məsləhət görür. Bu yoxlanış isə spermaqramma testi ilə aparılır. Yaxud da bəzən uşaq anadan olandan sonra onda müxtəlif problemlər, hər hansı xəstəliklər olur. Misal üçün, oğlan uşağıdırsa xayalarda ağrılar olur. Belə hallarda müəyyən hormon müalicələri aparılır və sonra spermaqramma testi verilir ki, müalicənin nə dərəcədə effektli olması müəyyənləşdirilsin. Bir nümunə daha deyim, varikasel deyilən bir diaqnoz var, hansı ki, sırf xayalarda damarların (venaların) genişlənməsidir. Bu xəstəlik zamanı xayalarda ağrılar müşahidə edilir və əməliyyat olunur. Əməliyyatdan əvvəl və sonra spermaqramma testi verilir ki, əməliyyatın təsirinin necə olması bilinsin.

- Bu analizi pasient özü təqdim etməlidir, yoxsa laboratoriya şəraitində götürülməlidir?

- Yox, heç bir halda evdən gətirilməsinə icazə verilmir. Çünki burada bədən temperaturu, hardasa 37 dərəcəyə yaxın olur. Yəni belə deyim, sperma bədən temperaturunda olan bir şeydir. Onu evdən klinikaya gətirənə qədər hardasa 1-2 saat vaxt itə bilər. Bu saat ərzində isə spermanın temperaturu aşağı düşə bilər. Belə olanda bizim baxdığımız nəticə doğru olmaya bilər, çünki biz orada hərəkətliliyi izləyirik. Bildiyiniz kimi, sperma bədən temperaturunda yaşayır. Biz onu pasientdən alandan bir saat sonra artıq yoxlamağa başlayırıq. O zaman ərzində isə biz spermanı inkubasiyaya qoyuruq, buna durulaşma zamanı deyirlər. Hansı ki, sperma qatılıqdan çıxır və müayinə mərhələləri üçün hazır olur.

- Bəs bu test necə götürülür, test zamanı şəxs hər hansısa prosesdən keçməlidirmi?

 - Bəli, bu analizə qədər müəyyən bir prosedur var. Spermaqramma analizinə gələn şəxs pəhriz saxlamalıdır. Doğrudur, pəhriz deyəndə insanlar ancaq qida ilə bağlı məhdudiyyətlər nəzərdə tutur. Ancaq bu analiz də bir qədər fərqlidir. Analizdən əvvəl kişi cinsi pəhriz saxlamalıdır, yəni təqribən 3-5 gün cinsi münasibətdən uzaq durmalı, siqaret və alkoqollu içkilər qəbul etməməli, daha sonra testə gəlməlidir. Sual edə bilərsiniz ki, niyə? Çünki cinsi pəhrizə əməl etməyəndə spermanın miqdarı az ola bilər və diaqnozun qeyri-dəqiqliyinə gətirib çıxarar.

- Bir şəxsdən bu testin götürülməsinə neçə müddətdən bir icazə verilir?

- Elə bir müddət qoyulmayıb ki, nə zaman və neçə dəfə verilsin. Sadəcə qeyd etdiyim kimi, test verilməmişdən öncə şəxs 3-5 gün cinsi münasibətdən uzaq durmalıdır.

- Qadın xəstəliklərinin diaqnostikası üçün hansı analizlərdən istifadə olunur?

- Ümumiyyətlə, mən terapevt deyiləm, laborator diaqnostikəm və suala bu aspektdən yanaşacağam. İlk olaraq baxır qadın nəyə görə müraciət edib, şikayəti nədəndir. Əgər tutalım sonsuzluqla bağlı müayinə nəzərdə tutulursa, yoxlanış zamanı nələrə diqqət etmək lazımdır. İlk olaraq hormonlar yoxlanılır. Burada isə vaxt məsələsi var. Belə deyim, menstruasiya dövrünün 3-cü günündə verilməli olan analizlər var. Hansı ki, bu analizlər başqa vaxt verildikdə nəticə  dəyişikliyi olur və bu da dinamik izləmə zamanı effektiv olmur. Çünki yumurta hüceyrəsinə təsir edən hormonlara baxılır. Bir də menstruasiya dövrünün 19-21-ci günü verilən analizlər var.  Buna isə Progestoron hormonu aiddir. Yəni hər hormonun analiz götürülməsi vaxtı fərqlidir. 3-cü gün verilən hormonlara Estradiol, Prolaktin, FSH, LH və s. Bundan əlavə, qalxanabənzər vəz hormonları və s. Bunlara menstruasiya dövrünün heç bir əlaqəsi yoxdur və istənilən zaman analiz verilə bilər.

- Doktor, qadın yumurtalıqları hüceyrəsinin dondurulması prosesi necə olur və proses laboratoriya ilə əlaqəlidirmi?

- Hazırda qadın yumurta hüceyrəsinin dondurulması prosesinin  Azərbaycanda olub-olmaması haqda dəqiq məlumatım yoxdur. Dünya tibbində belə bir şey var, hansı ki, qadının gənc yaşında yumurta hüceyrəsi yığılır. Şəxs əgər qadındırsa, hüceyrə vaginal yolla yığılır, qız uşağıdırsa, laparoskopik yolla götürülərək dondurulur. Müəyyən zamandan sonra, qadın hardasa 40-45 yaşından sonra ana olmaq istədikdə onlar yenidən süni mayalanma yolu ilə mayalanır və şəxsin bətninə daxil edilir. Yaxud suraqat (daşıyıcı) anaya yerləşdirilir. Qeyd edim ki, eyni formada spermanı da dondurmaq olur. Bu proses kişi hüceyrələri üçün də eyni dərəcədə keçərlidir. Bu prosedur vaxtında ana-ata olmaq istəməyən şəxslərdə və onkoloji xəstəliyi olan şəxslər üçün nəzərdə tutulur. Çünki onkoloji xəstələr sağaldıqda onların hormonları demək olar ki, sıfır vəziyyətinə gəlir. Yəni yumurta hüceyrələri olsa belə, onlar mayalanmırlar. Dondurulmuş hüceyrə isə sonradan süni mayalandırma vasitəsilə mayalandırılıb həmin şəxslərə yerləşdirilə bilir. Qeyd edim ki, bu prosedurun cinsi münasibətə heç bir təsiri yoxdur. Belə deyim, qadın orqanizmində hər ay bir yumurta hüceyrə (dominant foleykul) hazırlanır. Bəzən olur ki, görürsüz hamiləlikdə əkiz uşaq olur. Hüceyrələr dondurulduqda isə növbəti aylar ərzində də eyni proses davam edir, hətta hamiləlik qeydə alınır.

- Bəs qohum evlilikləri nəticəsində çoxlu genetik xəstəliklər müşahidə edilirmi?

- Hamı düşünür ki, qohum evliliyi varsa, uşaq mütləq xəstə olmalıdır.  Belə bir şey yoxdur. Belə deyim, xəstəliklər insana dominant və resessiv genlər vasitəsilə ötürülür. Daşıyıcı xəstəlik deyəndə insanın genində, hər hansı xromosonunda olanlar nəzərdə tutulur. Ən çox müşahidə edilən xəstəliklər talassemiya xəstəliyidir. Buna görə də dövlət tərəfindən belə bir təşəbbüs irəli sürüldü ki, evlilikdən öncə bir sıra analizlər verilsin. Bunlardan ikisi  infeksion analizlərdir  (HİV və Sifilis), digəri isə talassemiya daşıyıcılığını müəyyən edir. Əgər hər iki şəxs daşıyıcıdırsa, uşaqlardan dördündən üçündə xəstə olma ehtimalı var. Ona görə deyirlər ki, qohumlar evlənməsin. Ancaq qohumluğu olmayan iki şəxsdə də bu hal ola bilər. Sadəcə qohumlarda faiz nisbət məsələsi çox olur. Hələ Çarlz Darvin bir məktubunda yazırdı ki, qohum evliliyindən olan uşaqlar ən çox kar, kor, lal olurlar. Əsrlər sonra bu söz öz təsdiqini tapdı. Hazırda genetik xəstəliklər də çoxalıb. Götürək Ftidrix ataksiyası. Bu xəstəliyi araşdırsan görürük ki, qohum evliliyindən yaranması daha çoxdur. Müəyyən bir xromosomda hər hansı fraqmentasiyasının pozulması nəticəsində əmələ gəlir. Digəri Daun sindiromudur. Bu xəstəlik üçün müşahidələr göstərir ki, yalnız 2-3 faiz nisbəti qohumlar arasında evlilikdən yaranır.

- Genetik analizlər ancaq qan vasitəsilə götürülür?

- Xeyr, tərdən götürülən analizlər də var. Ancaq əksər hallarda qan vasitəsilə müəyyənləşir. Əgər uşaq ana bətnində inkişafdan qalıbsa, döl parçalarından da götürülərək analiz edilir.

Afaq RZA

 





13.09.2022    çap et  çap et