525.Az

"Arıçılıqla məşğul olan insanların çoxu ziyalılardır"


 

AZƏRBAYCAN ARIÇILIQ ASSOSİASİYASININ SƏDRİ BƏDRƏDDİN HƏSƏNOV: "ARIÇILIQ TƏSƏRRÜFATINA QOYULAN PULU TEZ ÇIXARMAQ, QAZANC GÖTÜRMƏK OLUR"

"Arıçılıqla məşğul olan insanların çoxu ziyalılardır"<b style="color:red"></b>

Müsahibimiz Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsənovdur.

 

- Bədrəddin müəllim, artıq arıçılıqda məhsul yığımı başa çatıb. Söhbətimizə elə buradan başlamaq istəyərdim. Bu il məhsuldarlıq sizi qane etdimi?

- Deməzdim ki, ili yüksək səviyyədə başa çatdırdıq. Ötən illə müqayisədə məhsuldarlıq müəyyən qədər aşağı oldu.

- Səbəb nə idi?

- Bu, yazın daha çox yağmurlu olması, soyuq keçməsi ilə əlaqədar idi. Arıların yaz inkişafı ləng getdi. Amma sonra temperatur düzəldi və arılarda inkişaf sürətləndi, müəyyən qədər bal toplandı.

- Müəyyən qədər? Yəni?

- 6 min tondan çox bal yığılıb. Hazırda 620 min arı ailəsi, 25 min nəfər arıçı qeydiyyatdadır. Bu il orta məhsuldarlıq, təxminən,10 kiloqram olub, bu da yüksək göstərici deyil. Keçən il bu rəqəm 15 kiloqramın üzərində idi. Təqribi hesablamalarımıza görə, Azərbaycanın hazırda 5 min ton bala ehtiyacı var. Söhbət istehlakçı tələbindən gedir.

- İdxal tələbin ödənməsində nə qədər yardımçı olur?

- Azərbaycana Ukrayna, Rusiya, İran, Türkiyə və Gürcüstandan bal idxalı olunur. Amma müəyyən qədər ixracımız da var. Məsələn, Yaponiya, Ərəb ölkələri, Səudiyyə Ərəbistanına kiçik rəqəmlər də olsa ixracımız var. Bəzi şirkətlərimiz İsraillə danışıqlar aparır. Artıq bizim potensial imkanlarımız genişlənməyə başlayıb.

- İşğaldan azad olunan ərazilərdə istehsal edilmiş balın "Qarabağ" brendi adı altında ixracı məsələsi, ümumiyyətlə həmin ərazilərdə arıçılığın hazırki durumunu necə dəyərləndirirsiniz?

- İşğaldan azad olunan ərazilər arıçılıq üçün olduqca əlverişlidir. Həmin ərazilərdən götürülən balın satışı da yavaş-yavaş başlayıb. Keçən ilkinə baxanda miqdar nisbətən azdır. Nəzərə almaq lazımdır ki, ötən il ora iki min arı ailəsi köçürülmüşdüsə, bu il iyirmi mindən çox arı ailəsi köçürülüb. Gələcək üçün işğaldan azad olunan ərazilərdə 300 min arı ailəsini yerləşdirməyi planlaşdırırıq. Bu, kiçik bir rəqəm deyil. Kifayət qədər bal deməkdir ki,  gələcəkdə biz balımızın yarısını ixrac edəcəyik.  Bir şeyi də deyim ki, Sovetlər dönəmində Laçın, Kəlbəcər balı çox məşhur olub. Bu gün də həmin ərazi arıçılıq üçün əlverişlidir. Ümumilikdə isə Azərbaycanın bütün əraziləri arıçılıq üçün əlverişlidir.

- Balı istehsal ərazisindən savayı həm də bitki adları ilə də təsnifləşdirirlər. Bu təsnifat zamanı nələr nəzərə alınır?

- Məsələn, cökə balı deyirik. Ancaq bu o demək deyil ki, bunun tərkibində ancaq cökədir. Əgər balda cökə ağacının çiçəklərindən toplanmış hissə əlli faizin üstündədirsə, ona cökə balı deyə bilirik. Həmçinin bu, balın dadında, rəngində də özünü göstərir. Yaxud da şabalıd balının rəngi daha tünd və dadı acı olur. Bitkidən asılı olar hər balın öz adı olur.

- Assosiasiya son dövrlərdə hansı işlərlə məşğuldur?

- Bu il avqustun 24-dən 27-nə qədər İstanbul şəhərində Dünya Arıçılarının Simpoziumu keçirildi. Tədbirdə biz də iştirak edib, bal yarışmalarına qatıldıq. Azərbaycan balı 141 ölkə içində bürünc medal alaraq üçüncü oldu. İlk dəfə idi ki, biz belə bir müsabiqəyə qatılırdıq. Mən ilk onluğa düşsək belə, yetər deyə düşünürdüm. Amma bizim adımız medallar sırasında səslənəndə qulağımıza inanmadıq. Çünki daha çox iddialı, güclü ölkələr var idi. Türkiyə, İran kimi milyonlarla arı ailəsi olan ölkələr, Çin kimi dünyanın arıçılıq nəhəngi... - bütün bunlara baxmayaraq biz ilk üçlüyə düşdük. Azərbaycan balı ilk yarışmada bu uğuru qazandı. Düşünürəm ki, növbəti il hətta qızıl medal ala bilərik. Bakıda oktyabrın 1-dən 20-nə qədər  Respublika Arıçılarının sərgi-satış yarmarkası keçiriləcək. Yarmarkaya respublikanın bütün bölgələrindən arıçılar dəvət olunub. Yarmarkaya təqdim olunan ballar əvvəlcə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq, standarta uyğun gələn ballar satışa buraxılacaq. Belə götürsək, ildə bir dəfə respublikanın bütün bölgələrinin arıçılarının balı nümayiş olunacaq. Bu da bir şansdır ki, Azərbaycan alıcısı, əsasən də Bakı şəhərində yaşayanlar bütün bölgələrin ballarını bir arada görə biləcək.

- Balın qiymətində artım var.

- Hə, müəyyən qədər bahalaşıb. Çünki bütün digər qiymətlərdə də artım var. Hazırda balın maya dəyəri daha baha başa gəlir. Arıçılıqda istifadə olunan alətlər, dərmanlar xaricdən gəlir. Bütün ölkələrdə qiymət artımı gedir.  Son on ilin statistikasına baxıram, bütün qiymətlər dəfələrlə qalxdığı halda balın qiyməti demək olar ki, qalxmamışdı. İndi isə müəyyən qədər balın satışında artım müşahidə olunur və olunacaq. Bu, ümumi qiymətlərin artımına bağlıdır, arıçıya bağlı deyil. Deməzdim ki, bahalaşma dəfələrlə olacaq. 10-15, ola bilsin, 20 faiz bahalaşma olsun.

- Bu gün bir azərbaycanlı arıçılıqla hansı səviyyədə dolana bilər?

- Ümumiyyətlə, arıçılığa iki cür yanaşma var: bir var həvəskar arıçılıq, bir də var peşəkar arıçılıq. Həvəskar odur ki, adamın işi var, eyni zamanda, həyətində arı saxlayır. Biri də var, peşəkarcasına buna yanaşır və ailənin bütün dolanışığı arıçılıqdan çıxır. Ölkədəki arıçıların təxminən 30 faizi peşəkar arıçıdır.

Arıçılıq elə bir təsərrüfat sahəsidir ki, qoyulan pulu tez çıxarmaq,  həm də qazanc götürmək olur. Kənd şəraitində bu işlə məşğul olan ailələr digər ailələrdən yaşayış səviyyəsinə görə fərqlənir, yəni daha yaxşı yaşayırlar. Bir də statistik məlumatlara görə, arıçılıqla məşğul olan insanların çoxu ziyalılardır. Bu iş həm fiziki, həm də zehni əmək istəyir. Məsələn, inək saxlayan inəyi xəstələnəndə baytar çağırırsa, arı xəstələnəndə çağıracaq kimsə yoxdur. Arıçı özü anlamalı, bilgili olmalıdır. Mən tez-tez çıxışlarımda bunu deyirəm ki, arı ailəsi fərd halında yaşaya, heç bir uğur əldə edə bilmir, amma arı ailə şəklində uğura imza atır. Bu sanki arıçılara da sirayət edib, onlar arasında daim ünsiyyət var. Əgər sosiallaşma yoxdursa, uğurdan söhbət gedə bilməz. Əgər bir arıçı müəyyən bir metodu tətbiq edib uğur əldə edirsə, digərləri ilə onu paylaşır. Bizim sosial şəbəkələrdə qruplarımız var, tez-tez canlı yayım edir, qazandığımız təcrübəni bölüşürük, hər il beynəlxalq konfrans keçiririk. Astarada yaşayan bir arıçı Qaxda yaşayan arıçının xeyrində-şərində iştirak edir. Digər təsərrüfat sahələrində bu yoxdur. Məsələn, Balakəndə qoyun saxlayan Qubada qoyun saxlayanı tanımır, bizdə isə bu belə deyil. Arıçılıq ünsiyyət, əlaqələr sevən bir təsərrüfat sahəsidir.

- Amma Azərbaycan arıçısı bazarın olmamasından gileylidir.

- Baxın, bütün dünyada ticarət pərakəndədir. Bununla məşğul olan şirkət, firmalar var. Hazırda Azərbaycanda balın alış-satışı ilə məşğul olan bir dövlət qurumu yoxdur. Biz arıçı olaraq ya öz brendimizi yaratmalıyıq, ya da birləşib ümumi bir brend altında bazara çıxmalıyıq. Mən şəxsən hansısa dövlət qurumunun bal almasını gözləmirəm, dövlətin işi bizneslə məşğul olmaq yox, daha çox yönəltmək, idarə etmək, strategiyalar qurmaqdan ibarətdir. Məsələn, dövlət bal yarmarkalarının keçirilməsini təşkil edir. Bu gün Azərbaycanda 620 min arı ailəsi var, hər arı ailəsinə 10 manat subsidiya verilir. Altı milyon iki yüz min manatın arı ailəsinə daxil olduğunu nəzərə alsaq, bu, kiçik rəqəm deyil.  Artıq beşinci ildir ki, bu subsidiya verilir. Biz assosiasiya olaraq çalışacağıq ki, proses növbəti illərdə də davam etsin.

- Bu yaxınlarda Astara və Biləsuvar arıçıları arasında baş verən insidentlə bağlı sizin fikrinizi bilmək istərdim. Bildirilirdi ki, Astaradan gətirilən arılar Biləsuvarın arıçılıq təsərrüfatının yarıdan çoxuna ziyan vurub. Qanun belə hallarda kimdən yanadır?

- Burada məsələyə hər iki tərəfin baxış bucağından yanaşmaq lazımdır. Astara arıçısı kimi məsələyə baxsaq, deyə bilərik ki, Azərbaycanda 2009-cu ildə arıçılıq haqqında Milli Məclisdə qanun qəbul olunub. Orada qeyd olunur ki, arıçı arı ailələrini Azərbaycan ərazisində istənilən yerə apara bilər.

Biləsuvarlı arıçı deyir ki, sənin arıxananın baytarlıq-sanitar pasportu olmalıdır. Yəni sən arılarını bura gətirəndə nəzərə almalısan ki, mənim arılarım sənin arılarından xəstəlik tapmasın. Biləsuvar arıçısı heç vaxt deyə bilməz ki, mənim olduğum yerə niyə gəlmisiniz? Sadəcə onların arasında razılaşma ola bilər ki, arılar arasında məsafə çox da yaxın olmasın.

- El arasında təmiz balı təyin etmək üçün bir sıra üsullardan istifadə olunur. O üsullar nə dərəcədə effektivdir?

- Mən tam səmimiyyətimlə deyirəm ki, elə bir üsul yoxdur. İndi "maşşeniklər" elə bal hazırlayır ki, onun qırılmasını da, boğaz yandırmasını da nəzərə alırlar. Ona görə də bunlara aldanmaq olmaz. Ancaq laboratoriya. İkinci variant isə arıçını tanıyıb ona güvənməkdir. Əgər bir qaşıq qaldırmaqla balın həqiqiliyini təyin etmək olurdusa, milyonluq laboratoriyaları niyə qururdular?

- Ana arılarla bağlı xeyli maraqlı faktlar var. O faktlardan birini də siz deyə bilərsinizmi?

- Hər bir canlının çoxalma instinkti var. Arılar çoxalanda beçə verməklə çoxalır. Hər ailədə bir ana arı olur. Arılar özlərinə bir də əlavə ana arı yetişdirir. Yaşlı ana ailənin bir hissəsini götürüb yeni yuva qurmaq üçün gedir. Gedən zaman yaşlı ana gənc anaya deyir ki, sənin həyat təcrübən azdır, mən məsuliyyəti öz üzərimə götürürəm, sən hazır yuvada qal (gülümsəyir).

- Deməli, gəlin-qaynana münasibəti arılarda başqa cürdür. Amma Bədrəddin müəllim, insanın da arıya oxşar bir sıra cəhətləri var. Məsələn, arı kimi zəhmətkeş adamlar.  Elə sizin kimi. Çobanlıqdan assiosasiya sədrinə qədər uzanan həyat yolu asan olmamalıdır.

- Mənim bu həyatda gördüyüm və görəcəyim işlər var. Onların hamısının planı yazılıb. Həmin işləri bitirəndən sonra yenidən çobanlığa qayıtmaq istəyirəm. Çünki mən uşaqlıqdan çoban olmuşam. Atam, babam, əmilərim - hamımız çoban olmuşuq. Elə bilirəm ki, başqa yol tutmaqla işimə xəyanət etmişəm. İstəyirəm nə vaxtsa bir gün yenidən çobanlığa qayıdım...

Aytac SAHƏD

 





13.09.2022    çap et  çap et