525.Az

Rüstəm Behrudi - 65


 

Rüstəm Behrudi - 65<b style="color:red"></b>

Çağdaş Azərbaycan ədəbiyyatının və Ümumtürk poeziyasının görkəmli simalarından olan şair Rüstəm Behrudinin dünən - sentyabrın 12-də 65 yaşı tamam oldu. Özünəməxsus ruh və üsluba, zəngin, saf və koloritli bədii dilə malik poeziyası Azərbaycanda və Türk dünyasında çox sevilən şairin əsərləri bir çox dillərə çevrilib və müəllifini üstün söz adamı kimi geniş tanıdıb.

Onun poeziyası, ümumən bədii təfəkkürü milliliklə bəşəriliyin, ilahiliklə insaniliyin çox maraqlı vəhdəti, Sözlə Özün təkrarsız birgəliyinin son dərəcə uğurlu təzahürüdür. Şairliklə Ozanlıq, ədibliklə mütəfəkkirlik onun şəxsiyyət və yaradıcılığında bütünlüklə iç-içədir, tam ortaq bir platformadadır. Bütün bunlar deməyə əsas verir ki, R.Behrudi müasir dünya poeziyasında parlaq imza, onun yaradıcılığı ədəbiyyat tarixinin müstəsnalıq kəsb edən səhifəsidir.

Rüstəm Behrudini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, şairə möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları diləyir, bir neçə şeiri oxucuların, ədəbi ictimaiyyətin diqqətinə çatdırırıq.

 

Rüstəm BEHRUDİ

 

Tövbə

 

Nəğmə oxuyuram, söz ilmə-ilmə

Tale toxuyuram ilməsi köz-köz.

Elə toxuyuram dərdimi, Allah,

Bu cür hörümçək də toxuya bilməz.

İlahi, sən mənə bir az səbr ver,

Hisslərin əlindən qopar, çək məni.

Yoxsa ki, tezliklə dəlisov ürək

Bir qəfil ölümə çəkəcək məni.

Məni gözləyən var min ildi bəlkə,

Gözləyə-gözləyə alışır goru.

Döyüş gərəkdisə, qoy varım-gedim

Məni gecikməyin şərindən qoru.

Kim məni qurtarar görən özümdən,

Dərdi-dərdim oldu nədən özgənin.

Mənim bədənimdə kimin ruhudu,

Bəlkə ruh mənimdi, bədən özgənin?

Bəlkə ruh mənimdi-bədən özgənin,

İlahi, ruhuma, boyuma bir bax,

Bu ruhu günahsız dolandırmağa

Div boyda bir bədən gərəkdir ancaq.

Əvvəlin sonu yox, sonun əvvəli,

Bu canım ruhuma qənimdir, nədən?

Bu əllər, bu saçlar, bu göz mənimmi?

Yoxsa özgə ruhu gəzdirir bədən?

Günah içindəyəm ruhum didərgin,

Günahın həmişə - son ucu tövbə

Sözümdən boylanan bu tənhalığım

Ruhumun önündə sonuncu tövbə.

İlahi, sən mənə bir az səbr ver,

Hisslərin əlindən qopar, çək məni.

Yoxsa ki, tezliklə dəlisov ürək

Bir qəfil ölümə çəkəcək məni.

 

Mən qəm yolçusuyam...

 

Mən qəm yolçusuyam, qəm mənə neylər?!

Allah, fikrimdə də yalquzaq kimi...

Məni anlayan yox, məni duyan yox

Başını itirmiş bu yer üzündə.

Bu cür təkliyimdə, tənhalığımda

Mənəm bu dünyanın sonu, əvvəli

Nə axır bilinir, nə də ki əzəl

Oturub bir qərib çölün düzündə.

Elə bu təkliyə, bu tənhalığa

Ürəkdən qurd kimi ulamaq gözəl...

Ulaya-ulaya varıb bir dağa

Ordan da özünü sonsuzluqlara

Dərin bir dərəyə tullamaq gözəl...

Ruhumu günahkar canın əlindən

Birtəhər qurtarıb ulu göylərə

Günahsız tərtəmiz yollamaq gözəl.

Gözəl, vüsallardan ayrılıq gözəl

Gözəl, yaxınlardan uzaqlar gözəl.

Bayraqlı parçalar dursun bir yana

Güllə yarasından çiçəyi açmış

Köynəklik parçadan bayraqlar gözəl.

Sevinci qəm olan ağrısı nəşə

Məni mən eyləyən bu kədər gözəl.

Boylanıb dərdimin pəncərəsindən

Bircə yol adam tək özümə baxdım

İlahi, içimdə gizlənən MƏN-im

Görünən mənimdən nə qədər gözəl.

...Mən qəm yolçusuyam, qəm mənə neylər?!

Könül, yol yoldaşı de yazaq kimi?

Məni anlayan yox, məni duyan yox,

Allah, fikrimdə də yalquzaq kimi...

 

Dağlar duman olmadan

 

Dön, hardasan, dön qayıt,

Ümid - güman olmadan.

Al məni də, dur gedək,

Dağlar duman olmadan.

 

Al məni də, dur gedək,

Bir kimsə bilməyəcək.

Dur, məni bitirəcək,

Bu bədən, can olmadan.

 

Xirqəsiz bir dərvişəm,

Külümə bürünmüşəm.

Halıma bax, ölmüşəm,

Təkkəm viran olmadan.

 

Beşin yarısı - gecə...

Sənsiz gecə - bilməcə.

Qayıt, xəlvət, gizlicə,

Ömür bir an olmadan.

 

Bəzənib dua ilə,

Allah belə, din belə.

Niyə gecikdin belə,

Gəl, ölmüşəm ölmədən.

 

Dön, hardasan, dön qayıt,

Ümid - güman olmadan.

Al məni də, dur gedək,

Dağlar duman olmadan.

 





13.09.2022    çap et  çap et