525.Az

Ermənistanın sülhə vurduğu zərbə


 

TƏXRİBATLARIN MƏQSƏDİ NƏDİR?

Ermənistanın sülhə vurduğu zərbə<b style="color:red"></b>

Ermənistan tərəfi son bir ayda, xüsusilə Brüssel formatında keçirilmiş dördüncü üçtərəfli görüşdən bu yana Azərbaycanla dövlət sərhəddində intensiv olaraq təxribatlara əl atmaqdadır. Qarşı tərəf hər gün razılaşmaları pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Ötən gecə, sentyabrın 12-də isə Ermənistan tərəfi daha geniş təxribata əl atdı. Bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Görünən odur ki, 30 il ərzində Azərbaycan ərazilərini tamamilə minalayan, çox sayda insanın həyatının itirilməsinə, əlil qalmasına səbəb olan ermənilər yenə çirkin niyyətlərindən əl çəkmirlər. Azərbaycan  Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti aparıldığı dövrdə, Ermənistan ərazilərimizə qəsdən mina basdırılması əməllərini davam etdirir. Sözdə sülh müqaviləsi üzərində işlərin aparıldığını deyən İrəvan əməldə əldə edilmiş razılaşmaları pozaraq yenə də sülhyaratma prosesinə zərbə vurur.

Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparan bir zaman, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan sülhə maraqlı olduğunu sözdə deyil, əməldə dəfələrlə nümayiş etdirib. Elə Brüssel görüşündən sonra Azərbaycan saxlanılan 5 ermənini azad etdi.

Bəs İrəvan təxribatları nə zamana kimi davam etdirəcək? Bu ölkə ilə sülhyaratma prosesinin davam etdirilməsinə lüzum qalırmı?

Təqaüddə olan türkiyəli general, Strateji Düşüncə İnstitutunun rəhbəri Güray Alpar "525"ə  deyib ki, 1992-ci ildən Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Qarabağ bölgəsini işğal etdi və həmin ərazi 2020-ci ilə qədər, yəni Azərbaycan  Silahlı Qüvvələrinin 44 günlük müharibədə əldə etdiyi şanlı zəfərə kimi işğalda qaldı: "Bu müddət ərzində problemin həlli üçün yaradılmış ATƏT-in  Minsk qrupu danışıqlar prosesində heç bir həll yolu tapa bilmədi. Son hadisələr, erməni təxribatı bir daha onu göstərir ki, hərb meydanında qazanılan möhtəşəm qələbəni masa arxasında əldən verməmək üçün Azərbaycanın ehtiyatlı davranması lazımdır.  Digər tərəfdən, Azərbaycanın uğurlarına baxmayaraq, sərhəd xəttində erməni qüvvələrinin təxribatları, atışmalar sülh səylərinə əlbəttə ki, zərər verir. Türkiyə Xarici İşlər Nazirliyi  Ermənistana belə təxribatlara görə xəbərdarlıq edib. Ermənistan bu coğrafiyada aqressiv və qisasçı mövqeyi ilə xüsusilə iqtisadi baxımdan böyük  imkanları itirir. Bundan əlavə, əhalisi də azalmaqdadır. illərlə insanların rifahı üçün istifadə edə biləcəyi resursları silahlanmaya xərcləsə də, onların hamısını 44 gündə itirdi".

General hesab edir ki, Ermənistanın regionda  Azərbaycana qarşı hərbi baxımdan uğurlu olması mümkün deyil: "Lakin bu həqiqəti hələ də ermənilərdə görə bilməyənlər və Ermənistanı fəlakətə sürünmək istəyən bəzi qüvvələr var. Bunlar təxribat törədənlərdir. Ermənistan üçün Azərbaycanla sülh istiqamətində tezliklə addım atmaq yeganə yol kimi görünür. Türkiyə ilk gündən Azərbaycanın haqlı tələblərini dəstəkləyir və Azərbaycanın yanındadır. Türkiyə haqqın, doğruluğun, ədalətin tərəfindədir. Bundan başqa, Ermənistanla olan əlaqələri  Azərbaycanla koordinasiya etdiyini də ən üst səviyyədə bəyan edib. Bu səbəbdən Ermənistan da Azərbaycanla münasibətlərində heç bir irəliləyiş əldə etmədən Türkiyə ilə münasibətlərində uğur qazana bilməz".

Deputat Məlahət İbrahimqızı bildirib ki, 2020-ci ildə xalqımızın 44 günlük Vətən müharibəsində Azərbaycanın otuz il işğal altında olan Qarabağ torpaqları Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Milli Ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi ilə azad edildi. Bu müharibədə Ermənistanın rüsvayçı məğlubiyyətinə baxmayaraq bu gün də Azərbaycan və bölgə üçün təhlükə mənbəyidir. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli müqaviləyə baxmayaraq Ermənistanın bugünədək törətdiyi təxribatlar və revanşist qüvvələrin cinayətləri Ermənistanın təcavüzkar mövqeyini bir daha sübut edir.

O deyib ki,  Brüsseldə keçirilən üçtərəfli görüş zamanı bölgədə sülhün və əmin-amanlığın təmin olunması, iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar aparıldı. Sülh müqaviləsinin imzalanması ilə bağlı Prezident İlham Əliyev 5 şərti irəli sürdü. Sonuncu Brüssel görüşündə də həmin 5 şərti Paşinyan qəbul etdi. Lakin daha sonra Paşinyan  Zəngəzur dəhlizi də daxil olmaqla, sərsəm bəyanatlar verdi. O dərk etmir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb, imza atıb.

Deputat bildirib ki, fikirlərinə təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan daim sülh prosesini uzadır: "Onların bu prosesi uzatmaqda məqsədi Zəngəzur dəhlizi ilə bağlıdır. Prezidentin Ermənistan tərəfinə verdiyi təkliflərdən ən əsası da elə Zəngəzur dəhlizinin açılması idi. 31 avqustda Şarl Mişel üçtərəfli görüşün nəticələri ilə bağlı verdiyi bəyanatda kommunikasiyaların açılmasının əhəmiyyətini  vurğuladı".

Deputat əlavə edib ki, ermənilərin yenidən atəşkəsi pozması dözüləsi bir hadisə deyildi. Əsgərlərimiz ordu rəhbərliyinin göstərişi ilə işğalçı Ermənistan tərəfinin sərhədlərimizə qarşı törətdiyi təxribatın qarşısının alınması üçün dəmir yumruq növbəti zərbəsini endirdi. Çox təəssüflə qeyd edim ki, əməliyyat zamanı Şanlı Ordumuzun əsgər və zabitləri şəhid oldu. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Vətən torpağının hər qarışında şəhidlərimizin qanı var".

 





13.09.2022    çap et  çap et