ABŞ dövlət başçısı Vest-Pointdəki hərbi akademiyada ölkə prezidentləri üçün ənənəvi sayılan nitq söyləyib.
O, çıxışında qlobal geosiyasətdə aktual olan bir sıra məqamlara toxunub. Ekspertlərin həmin fikirlərə münasibətləri fərqlidir. Barak Obama isə nitqində Amerikanın xarici siyasətinin yeni prinsiplərindən danışdığını vurğulayıb. Amerika rəhbəri dünyada ciddi dəyişikliklərin müşahidə edildiyini söyləyib. Buna uyğun olaraq, yeni liderlik modelinə ehtiyac yarandığına diqqət çəkib. Həmin əsasda ABŞ üçün aktual olan vacib məqamları ifadə edib.
Qlobal geosiyasətin yeni məqamları: müharibə arxa plana keçir?
Barak Obama danışdı. Dünya onun bu çıxışını maraqla dinləyib. Amerika prezidenti Vest-Pointdə hərbi akademiyada tarixi çıxış edib. Onu ABŞ xarici siyasətinin yeni doktrinası da adlandırırlar. Həqiqətən də prezidentin nitqində rəsmi Vaşinqtonun fəaliyyətinin bir çox prinsipial məqamları əksini tapıb. Ekspertlər B.Obamanın çıxışını "proqram xarakterli nitq" adlandırırlar.
Əvvəlcədən onu deyək ki, Amerika prezidentinin dediklərinə həm ölkə daxilində, həm də xaricdə birmənalı qiymət verilmir. Fərqli fikirlər ifadə edilir (bax: məs., Patrick J. Buchanan. A Foreign Policy to Match Our National Ambivalence / "The American Conservative", 30 may 2014 və Кирилл Белянинов. Барак Обама нашел "золотую середину" / "Коммерсантъ", 29 may 2014).
ABŞ prezidentinin fikirlərini "ibarəli ifadələr ordusu", "Obama ABŞ-ın xarici siyasətinin əl-qolunu bağlayır", "göy niyə yerə düşmür", "qorxaq və zəif çıxış" kimi də dəyərləndirirlər. Bir sıra rusiyalı ekspertlər isə "Barak Obama yeni heç bir şey demədi" qiymətini verirlər (bax: Александр Братерский. Доктрина Обамы / ''Gazeta.ru'', 29 may 2014).
Bütün bunlar normal münasibətdir. Çünki ABŞ prezidenti, əslində, özündən əvvəlki dövlət başçılardan bir qədər fərqli ritorikada danışıb. Onun yanaşması müasir dövrün bir sıra çağırışları və müşahidə edilən problemləri kontekstində maraqlı görünür. Bu çıxış faktiki olaraq ölkənin yeni xarici siyasət kursu yeritməyə başladığını təsdiq edir. Belə bir dönüşün qlobal geosiyasətə hansı təsirləri göstərə biləcəyi məsələsi də aktuallıq kəsb edir. Həmin səbəbdən B.Obamanın nitqində yer almış əsas prinsiplər üzərində geniş dayanmağa ehtiyac vardır.
Amerika prezidentinin çıxışının ana xəttini dünya liderliyini təmin etməyin yeni modelinin axtarışı təşkil edir. Obama açıq bildirir ki, "bizim qarşımızda, sizin hər birinizin qarşısında (hərbi akademiyanın məzunları nəzərdə tutulur – Newtimes.az) duran sual "Amerika dünyaya liderlik edəcəkmi?" sualından ibarət deyil, "bunu biz necə edəcəyik?", sualından ibarətdir" (bax: Remarks by the President at the United States Military Academy Commencement Ceremony / www.whitehouse.gov, 28 may 2014).
Konkret desək, ABŞ-ın dövlət başçısı ölkənin müasir dünyanın geosiyasi, siyasi, iqtisadi, hərbi və mədəni şərtləri çərçivəsində effektiv liderlik modelini təklif edib. Onun bəzən yumşaq, bir sıra məqamlarda isə sərt fikirlər ifadə etməsi əsas olaraq bu məqsədə xidmət edir. Maraqlıdır ki, Çin və ya Rusiyanın sərt addımlarını hazırkı qlobal geosiyasi mühitin tələblərindən irəli gələn hadisə kimi qiymətləndirənlər, nədənsə, B.Obamanın çıxışında "yumşaqlığı" "zəiflik" kimi qələmə verirlər. Yəni Vaşinqtonun xarici siyasətini tənqid etmək normal olduğu kimi, ABŞ-ın dinc üsullara üstünlük verməsi cəhdləri də alqışlanmalıdır. Əgər praktika doğrudan da bunu təsdiqləsə.
Hər bir halda, B.Obama artıq müharibələrin müsbət nəticə vermədiyini söyləyir. Amerika prezidenti general D.Eyzenhauerin 1947-ci ildə müharibə ilə bağlı söylədiyi bir fikrə diqqət yetirməyi təklif edir. O zaman general demişdi: "Müharibə dünyada ən faciəvi axmaqlıqdır. Ona can atmaq, şüurlu surətdə təxribat törətmək bütün bəşəriyyətə qarşı dəhşətli cinayətdir". Belə çıxır ki, Vaşinqton dünya liderliyini təmin etmək üçün müharibədən əsas vasitə kimi istifadə etmək prinsipindən imtina edir. Ancaq bu, ümumiyyətlə, ABŞ-ın hərbi savaşa baş vurmayacağı anlamınamı gəlir? Qətiyyən elə deyil.
Barak Obama çıxışının bir neçə yerində uyğun vəziyyət yarandığı təqdirdə hərbi əməliyyatlara əl atmaq lazım gəldiyini və bu səbəbdən də hərbi akademiyanın məzunlarına müraciət etdiyini vurğulayıb. Burada əsas şərt ABŞ-ın təhlükəsizliyinə birbaşa təhdidin olmasıdır. Lakin bunun müəyyən edilməsinin konkret meyarları haqqında danışılmır. Deməli, Amerikanın təhükəsizliyinə birbaşa təhdid dünyanın istənilən guşəsində meydana gələ bilər. Deməli, Vaşinqton da ora hərbi qüvvə göndərər.
"Müttəfiqlərin səfərbərliyi": yeni strategiyanın əsas prinsipi
Bunun əvəzində ABŞ-ın xarici siyasətində dəyişən vacib məsələ vardır. Amerika öz məqsədinə çatmaq üçün bir neçə qüvvədən istifadə etmək xəttini seçir. Konkret olaraq, o, regionlardakı müttəfiqlərindən daha geniş miqyasda istifadə etməyə çalışacaq. B.Obama bunu belə ifadə edir ki, müxtəlif regionlarda ölkələri öz tərəfinə çəkib, yerlərdə meydana çıxan problemləri onların vasitəsi ilə həll etmək gərəkdir. Bunu o, "tərəfdaşların səfərbərliyi" adlandırır. Misal kimi Birmanı göstərir. Əgər bu ölkədə islahatlar uğurla başa çatsa, ABŞ yeni tərəfdaş qazanır. Prezident həmin kontekstdə fikrini belə yekunlaşdırır: "amerikan liderliyi budur".
Barak Obama bu cür strategiyanın seçilməsinin səbəbləri kimi dünya miqyasında bir sıra proseslərin baş verməsinə işarə edir. Bu aspektdə beynəlxalq terrorun simasını dəyişməsini, qlobal miqyasda iqlim probleminin kəskinləşməsini, bəzi ölkələrin aqressivliyinin artmasını xüsusi vurğulayır. Bütün bunların qarşısını almağın yeganə yolunun Amerika həyat tərzini, demokratik dəyərləri və idarəetmə formasını dünyaya yaymaqdan keçdiyini qeyd edir. Amerika liderliyinin digər mənası məhz bundan ibarətdir.
Belə görünür ki, ABŞ bundan sonra regionlardakı müttəfiqlərini daha geniş miqyasda geosiyasi problemlərin həllinə cəlb etməyə çalışacaq. Amerikan əsgərləri deyil, Vaşinqtona tərəfdaş olan yerli ölkələrin hərbi qüvvələri savaşacaq. Nümunə kimi Ukraynanı göstərmək olar. B.Obama çıxışında bir daha təsdiq edib ki, ora hərbi kontingent yeritmək niyyəti yoxdur. Əvəzində, Şərqi Avropanın müdafiəsini NATO xətti ilə daha da gücləndirib. Bu proses davam edəcək. Eyni taktika Asiya-Sakit okean hövzəsində həyata keçiriləcək.
Amerika prezidenti bu üsula üstünlük verilməsində beynəlxalq terrorun məzmununun dəyişməsini əsas səbəblərdən biri kimi göstərir. Konkret olaraq, "əl-Qaidə" artıq mərkəzləşmiş idarəetməyə malik güclü təşkilat deyil. Onun liderləri sıradan çıxarılır. Lakin bir sıra regionlarda bu qurum təhlükə mənbəyi kimi qalmaqdadır. Bu cür yayğınlıq mümkün təhlükələrə qarşı səmərəli mübarizə yolu seçməyi tələb edir.
Həmin kontekstdə B.Obama beynəlxalq institutların islahatlarını ayrıca vurğulayıb. Məsələ ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətləri tənzimləmə mexanizmləri indi o dərəcədə də səmərəli deyil. Amerika prezidenti əmindir ki, "dünya dəyişibsə, bu arxitektura da (beynəlxalq münasibətləri nizamlama qaydaları – Newtimes.az) dəyişməlidir". Bütün bunlara görə, "...beynəlxalq institutların müasir tələblərə uyğunlaşdırılması Amerikanın lider kimi vacib vəzifələri sırasına aiddir".
ABŞ-ın dövlət başçısının Vest-Pointdəki hərbi akademiyadakı çıxışında ifadə olunan tezislər onu göstərir ki, qlobal geosiyasətdə prinsipial dəyişiklər gözlənilir. Ola bilsin ki, sözdə ifadə edilənlərin konkret praktiki tətbiqi olmasın. Lakin bütövlükdə geosiyasi vəziyyətin dəyişdiyi şübhə doğurmur. Artıq böyük dövlətlər fərqli siyasət yürütməyə məcburdurlar. Bunu konkret olaraq necə həyata keçirmək məsələsində fikir ayrılığı ola bilər.
Onu demək lazımdır ki, bir neçə dövlət dünya liderliyi iddiasında olduğundan mübarizənin kəskin xarakter alacağını proqnozlaşdırmaq mümkündür. Bu da son nəticədə dünyada gərginliyin azalmasına xidmət etməyəcək. Bütün hallarda isə bəşəriyyətin yeni keyfiyyət mərhələsinə keçdiyini deyə bilərik. Barak Obamanın çıxışında həmin məqam özünü aydın göstərirdi.
Newtimes.az
çap et