525.Az

Şuşada şeir günü - Elxan Zal Qaraxanlı yazır


 

Şuşada şeir günü - <b style="color:red"> Elxan Zal Qaraxanlı yazır</b>

Zəngəzura gedən yola Turan yolu dedilər. Şuşa Turan qapısıdır, yəni Qızıl Almaya doğru gedən yolun eşiyi.

Məz Qızıl Alma sevdasında nazlana-nazlana, Şuşada, "Qarabağ" otelinin yeddinci qatından qarşımda açılan panoramı seyr edirəm. Sağımda Saatlı məscidi var, öndə dağlardı, bir də dağlar qədər əzəmətli insanların - Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın və Bülbülün abidələri var.

Bu gecə, duyğulara sığal verən bir gecədir, səmada qoşalaşan Ay və Çulpan öz sevgilərini Şuşanın üzərinə mərhəmət olaraq çiləyir. Çulpana indi bizdə Zöhrə ya Venera deyirlər, amma onun Aypara ilən qoşalaşma məqamı həmişə könlümüzün başındadır. Bu məqam bayraqlarımıza həkk olunub.

Anadil quşlarının səsini eşidirəm. Mən elə bilirdim ki, onlar yalnız Qarayazı meşəsində var olurlar, amma indi burada, azadlığının həzzini yaşayan Şuşada, ömrü boyu könüllərin Qızıl Almasını arayan bir şairi öz əsrarlı nəğmələri ilə salamlayırlar. Ustad Vaqif Səmədoğlu ilə Qarayazı meşəsində keçirdiyimiz günlər düşür yadıma və mənə elə gəlir ki, bu an Qarayazı da, Şuşa da bir nöqtədə bütövləşir.

Şuşa, gözəl Şuşa, sənin başın nələr çəkdi!

Gözlərim önündən yazılar keçir...Kadrlar kimi...

"Mən Şuşanın xarabalıqlarını, dağıdılmış məscidlərini, yandırılmış çoxmənzilli binalarını və ictimai hamamlarını gəzərkən, bu xarabaya çevrilmiş şəhəri məcburən tərk etmiş sakinlərinə, azərbaycanlılara böyük rəğbət hissi ilə yanaşmağa başlayıram. Azərbaycanlılar, inşa etdikləri  yolların və evlərin arxitekturasında xüsusi bir estetika ortaya qoymuşlar. Hər tərəfdə fontanlar, üç teatr, açıq səma altında kinoteatr, bütün şəhər boyu kafelər və parklar, çayxanalar və üç məscid"...

 Bu sətirlər tanınmış Amerika heykəltəraşı, ixtiraçı və yazıçı, erməni əsilli Onnig Kardaşa məxsusdur. Onun ABŞ-da ingilis dilində nəşr olunmuş və "Savage shik" (Vəhşi şik) adlanan  əsərinin əsas özəlliyi odur ki, bu kitab 2001-ci ildə əsirlikdə inləyən və xarabaya çevrilmiş Şuşada bir müddət yaşamış erməni əsilli görkəmli bir insan tərəfindən yazılıb. Məzmununa, mahiyyətinə görə, hələlik nə Azərbaycanda, nə də dünyada bu əsərin alternativi yoxdur, çünki bu kitab əsir Şuşanın, barbarların yağmasına məruz qalmış Şuşanın real tablosu yaradan ilk əsərdir.

...İndi mən. azad Şuşada. "Qarabağ" otelinin yeddinci qatından qarşımda açılan panoramı seyr edərkən, içimdə fərəh duyğuları puçurlanır. Vəhşi günlərdən, Onnig Kardaşın dediyi kimi "Vəhşi şik"dən çox az izlər qalıb.

30 il Şuşa həsrətiylə yaşayan Azərbaycan türkünün yurd həsrətinin qurd baxışları, bir gün xəcalət hissi pərdəsini səncərlərin xəncəriylə yardı, "Vur" əmri verildi, alp ərənlər sancaqları həsrətimizin qalasına sancmaq üçün irəli atıldılar.

Səpdiyimiz toxumlardan cücərən ər oğlu ərlər, "Qarabağsız şeirlərin" Qarabağlı olması üçün getdilər. Şaşqın Şuşanın kövrələ-kövrələ şüşələnməməsi üçün getdilər, "xarıbülbülün" gor qoxumaması üçün getdilər. Yetim qalmış kəndlərin, ormanların, bulaqların, budaqların, budaqlarda zəngulə vuran quşların ismarışı ilə getdilər. Bu ismarış "Savaş ayələri"nin səpdiyi toxumların yetişməsinin müjdəsiydi.

Dən cücərib yetişəndə biçin dövrü başlayır. Yurd həsrətində yuva salmış toxumlardan yetişir türk qövmünün Qızıl Alması. Sən onu arayırsan, sən onu gözləyirsən və vaxtı gələndə Qeybdən bir səs gəlir:

"Ey ər oğlu ər,

 zamanı yetişib, get Almanı dər.

Səkkiz qırlı bəyərənlər, səkkiz qırlı ulduzların qut verdiyi üçrəngli bayraqları yellədə-yellədə "vəslimizin Əslisinə" çatmaq üçün o çölləri, o dağları "qara keşiş" üfunətindən təmizlədi.

...Azərbaycanlılar çox qısa zamanda yenidən süsləndirdilər Şuşanı. Çünki bu şəhərin hər bir azərbaycanlının könlündə xüsusi yeri var. Bunu Şuşaya bir neçə günlüyə səfər etmiş insanların baxışlarında fontan vuran bəxtiyarlıq şövqündən görmək olar. Belə bəxtiyarlıq adətən müqəddəs yerlərə ziyarət edən zəvvarların gözlərində olur. Məncə, Şuşada da bir müqəddəslik aurası var, amma hələ anlaya bilmirəm  bu auranı yaradan hansı əlamətdir, çünki Şuşa dini məkandan daha çox sənət məkanıdır. Burada,  azərbaycanlıların Parnasında, mələk xorunun oxuduğu nəğmələri yalnız ilham pəriləri - Muzalar sifariş edir. Şuşa muzalar məkanıdır, sən onların varlığını bütün canınla, duyğularınla hiss edirsən. Bu səmada, bu havada, ormanlarda, bulaqlarda, Ayın işıq səpişində, gözəllərin yerişində, hər şeydə, hər yanda sevgi var.

Muzalar düşüncələrimə misra tamsındırdılar:

"Yazmaq həvəsini tülpara mindir, sevgi özü bir ayrı dindir". (Tülpar türk mifologiyasının qanadlı atlarıdır, eynilə yunan Peqası kimi). Könlümüz qanadlı ayğır belində sevgi səmasına yol alaraq öz dinini axtarır.

Bəlkə də böylədir, sevginin din olduğu kimi, dinin özü də sevgidir. Sevgisiz nə din, nə də dindar olmaz. Biz Şuşaya bir eşq ziyarətinə gəlmişik.

Burada, Şəhri-Şuşada artıq müqəddəslik mərtəbəsi qazanmağa başlayan yeganə türbədə uyuyan Molla Pənah, sağlığında həm də dini xadim olsa da,  xalq arasında daha çox sevgi muzası Eratonun qulağına pıçıldadığı ecazkar nəğmələri qələmə almasıyla məşhurdur. Əqrəbaları ilə Qazaxdan gəlib Şuşa havasından tamsınan Molla Pənah, Qafqazın ən böyük sevgi və gözəllik şairi oldu. O Şuşada  indiyə kimi hələ heç kimin anlaya bilmədiyi bir həqiqəti dərk etdi...

Buna görə xan sarayında yüksək məqama yetişən kimi, məmləkətin istedadlı adamlarını Qarabağ xanlığına, süslü Şuşaya dəvət elədi və istedad bürcünün səyyarələri Şuşanın ətrafında fırlanmağa başladı...

Mən hər dəfə buraya, qədim əyyamlarda ətrafında dolanan iskit atlarının gülüşlərini xatırlayan bu şəhərə gələndə, ətrafımda Ay ilahəsi Mehri Banunun mövcudluğunu hiss edirəm. İslam və xristianlıqdan öncə camaatımız ona tapınardı, adına məbədlər yapardı. Roma tatixçisi Strabon min illər öncə Ay ilahəsi deyə onun varlığını zikr etmişdi, amma adını yunan mifologiyasındakı Selena kimi göstərmişdi. Əsrlər öncə  Aranda yaşayan qədim türklərin tapındığı Ay ilahəsinin adını mən tarix arxivlərinin tozlu künclərindən tardım və "Unulan ilahələr"in panteonuna daxil etdim. İlahələr belədir, hər dəfə xatırlandıqca, inanc məkanına dönürlər...

Bəlkə də buna görə, indi Şuşada Ay bir ayrı cürədir, o sanki nəhəng bir məbədin talvarından asılmış şam şöləsidir, varlığın dualarına mərhəmət çiləyir.

Hər yanda musiqi, hər yanda şeir var. Şairə bir qədim əhvalat söyləyir muzalar.

Snorri Snouson "Kiçik Edda"sında nəql edir ki, Odin Troyadan ayrılandan sonra Şimala getdi və orada  yaşayan insanlar arasında öz türk qanunlarını qoydu. O Asqardı, Asların şəhərini inşa elədi və insanların təsəvvüründə tanrılıq mərtəbəsinə yüksəldi. Tanrı olmaq yaxşıdır, amma həm də darıxdırıcıdır. Tanrı darıxan yerdə insan nəğməsiz qalar. Bir gün Odin cırtdanların yaratdığı Poezya Şərabı barədə eşidir, bu şərab könüllər üçün əsl məlhəmdir - deyirlər. O Poeziya Şərabını ələ keçirmək qərarına gəlir və bütün tanrılıq bacarıqlarını işə salandan sonra, bu şərabdan iki qurtum içmək icazəsi alır. Odin iki qurtuma şərab dolu bütün çəlləkləri boşaldır və aradan çıxır. Aldadıldıqlarını anlayan vanlar, asların əzəli rəqibləri, onu təqib etməyə başlayırlar. Odin qartala çevrilib uçmağa başlayır, vanlar da öyləcə. Təqibçilərin onu haqladıqlarını görən Odin şərabın bir qədərini arxasından buraxır, bu iksir dünyaya yayılaraq bütün istedadsızların və qafiyəbazların əbədi ilham mənbəyinə çevrilir. Deyirlər, buna görə də onların yaradıcılığında az ya çox, amma həmişə bir üfunət qoxusu var.

Bir müddətdən sonra təqibçilər yenə də Odini haqlayırlar. Asqardın xanı bu dəfə yükünü azaltmaq üçün Poeziya Şərabını ağzından buraxır. Deyilir ki, bu dünyada əsl sənətkar kimi doğulanlar Odinin ağzından buraxdığı bu iksirdən tamsınanlardır. Poeziya Şərabının yerdə qalanı isə Odin Ozr adlı bir qazana boşaldır və onu muzaların öhdəsinə buraxır.

Muzalar söyləyir ki, Odinin "Ozr vayja" (Azərbaycan - E.Z.) adlı məkan üzərində uçduğu zaman, ağzından buraxdığı Poeziya Şərabı dünyanın bütün guşələrinə yayılsa da, torpağına ən çox hopduğu ərazi Şəhri - Şuşadır. Ona görə burada istedadlı adamlar çox doğulur. Burada istedadsız doğulmaq qəbahətdir...

Bax belə bir əhvalat danışır mənə Muzalar və sənələr öncə Muzaların sevimlisi Molla Pənah da Vaqif olub bu söhbətə. Buna görə məmləkətin hər yerindən sanballı adamları Şəhri-Şuşaya toplayıb ki, gəlib Muzalarla təmasda olsunlar və Poeziya Şərabından tamsınsınlar.

"Heyrət, ey büt" - deyirdi muzalar sevimlisi misilsiz Məhəmməd Füzuli. 

Muzalar məskəni Şuşa da bizim heyrət bütümüzdü,  heyrətlər məkanıdır. Burası vəcd vadisidir, hətta  amerikalı Onnik Kardaş, yalanlar iqlimində kimliklərini unutmuş ermənilərin xarabaya və kabusa çevirdiyi bu mistik diyarda heyrətindən vəcdə gəlmişdi:

"Mən onların (Şuşalıların, azərbaycanlıların - E.Z.) evlərinin interyerinin gözəlliyindən çox təsirləndim - onlar divarlarda parlaq qırmızı və yaşıl yaşılvari-sarı rənglərdən çox ustalıqla istifadə ediblər. Bağların bəsit və effektli becərilməsi üsulu, yaşayış binalarının dizaynı, rənglərin sayrışımı və uşaq otaqlarının bəzədilməsi  heyrətamizdir. Bu şəraitdə örtü və divanları təsəvvür etdikcə təxəyyülüm oynayır. Ermənilər bunlarımı barbar sayır?"

"Bu məkan nə vaxtsa mədəni insanların yurdu olub. Azərbaycanlıların irsini Stepanakertdəki abidələrlə müqayisə edin. Mədəniyyət sahəsindəki bu açıq-aşkar qeyri bərabərlik, ermənilərdə nifrət və həsəd hislərini yaratdığını düşünməyə bilmirsən".

Şuşa, gözəl Şuşa, muzalar məskəni! Sənin Poeziya Şərabından tamsınan erməni əsilli amerikalı memar Onnig Kardaş, əsrlər uzunu yalanlar xülyasında özlərini aldadan və dəridən-qabıqdan çıxaraq başqalarını aldatmağa çalışan erməni tayfadaşlarını böyləcə ifşa edir.

...Meşədən, budaqlarda ayaqlarından asılmış anadil quşlarının səsi gəlir, səmada Aypara və Zöhrə yeni bir seviş və savaş dastanı yazmağa başlayırlar, üfüq boyu mələk xorunun zəfər marşı səslənir. Mən bu marşı Şuşa azad olunan gün eşitmişdim.

Göy dağlardan çən çəkilən gün idi...

 





14.09.2022    çap et  çap et