525.Az

Rusiya neftinin qiyməti - Xaqani Cəfərli yazır


 

Rusiya neftinin qiyməti - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ Maliyyə Nazirliyi dekabr ayının 5-dən sonra Rusiya nefti üçün müəyyən olunmuş qiymətin yuxarı həddini keçməyə cəhd edəcək ölkələri və şirkətləri sanksiyalarla hədələyib. Bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Vaşinqtonun Brukinqs İnstitutundakı çıxışı zamanı deyib: "Sənədləri saxtalaşdırmaqla və ya neftin mənşəyini, eləcə də onun real qiymətini gizlətməklə qiymət məhdudiyyətlərindən yayınanlar sanksiyalarla üzləşəcəklər". Nazir müavini Uolli Adeyemo son zamanlar Rusiyaya qarşı sanksiyaları pozanlara sərt xəbərdarlıq etməsi ilə diqqət çəkməyə başlayıb. O, Türkiyənin maliyyə nazirinin müavini Yunus Elitaşa, eləcə də Türkiyənin sənayeçi və iş adamlarının ən böyük təşkilatı olan TÜSİAD-a məktub göndərərək Rusiyanın Türkiyə vasitəsilə sanksiyalardan yan keçməyə çalışa biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. İndi isə nazir müavini Uolli Adeyemo bütün ölkələrə və şirkətlərə xəbərdarlıq edir.

Məlum olduğu kimi, G7 ölkələrinin maliyyə nazirləri sentyabrın 2-də Rusiya neftinin qiymətinə məhdudiyyətlərin qoyulması ilə bağlı razılığa gəldilər. G7 ölkələri tərəfindən təsdiqlənən qiymət limiti Avropa İttifaqının Rusiya neftinə yönəlik embarqosunun şərtlərinə uyğun olacaq. Rusiya neftinə yönələn məhdudiyyətlər dekabrın 5-dən, neft məhsullarına qarşı məhdudiyyətlər isə gələn il fevralın 5-dən tətbiq ediləcək.

Rusiya neftinin qiymətinə gəlincə, bu, Rusiyada neft hasilatının maya dəyərindən yüksək olacaq. Bu qayda isə Rusiya neftinin dəniz yolu ilə daşınması üçün sığorta, broker və digər əlaqəli xidmətlərə məhdudiyyətlərin köməyi ilə həyata keçiriləcək. Rusiya neftin qiymətinin yuxarı həddini tətbiq edəcək ölkələrə neft satmaqdan imtina edəcəyini, onu bazar şərtləri əsasında hərəkət edən ölkələrə ixrac edəcəyini bildirib. Rusiya nefti üçün müəyyən olunmuş qiymətin yuxarı həddini keçmək cəhdlərinə görə ölkələrə və şirkətlərə sanksiyaların tətbiqi ilə bağlı ABŞ maliyyə nazirinin müavininin xəbərdarlığı Moskvanın əl-qolunu daha da bağlayacaq. Rusiyadan neft alan ölkələr, xüsusilə də şirkətlər bundan sonra daha ciddi düşünməli olacaqlar. Bir neçə il öncə Fransanın "BNP Paribas" bankı sanksiyaları pozduğuna görə 8,83 milyard dollar cərimə ödəməklə Vaşinqtonun maliyyə sanksiyasından xilas ola bilmişdi. Əgər o zaman Fransanın "BNP Paribas" bankı günahlarını etiraf edib, 8,83 milyard dollar cərimə ödəməsəydi, daha böyük cəriməyə məruz qalacaqdı. Fransa bankının bu nümunəsi bütün şirkətlər üçün ən ciddi xəbərdarlıqdır. ABŞ-ın Maliyyə Nazirliyinin hədəfinə çevrilən bank və ya şirkətin öz rentabelliyini saxlaması mümkün ola bilməz. Ona görə də şirkətlər Rusiya neftini qadağaların ziddinə baha qiymətə almaqdan çəkinəcəklər.

ABŞ tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı müharibəsini davam etdirməsinin qarşısını almaq üçün Moskvanın gəlirlərini azaldılmasına nail olmağa çalışır. Rusiya büdcəsinin gəlirlərinin çox önəmli hissəsini isə neft və neft məhsullarının ixracından gələn gəlirlər təşkil edir. İndi ABŞ bunun qarşısını almağa çalışır. Rusiyanın neft ixracına tam qadağa qoymaq Qərbin özü üçün də əlavə problemlər yaradır. Buna görə neftin qiymətinin yuxarı həddinin müəyyən edilməsinə qərar verilib. Dünya bazarlarında neftin azalması onun qiymətinin kəskin yüksəlməsinə səbəb olur. Bu isə neft idxal edən ölkələrdə inflyasiya yaradır. Qərb ölkələrindəki yüksək inflyasiyanın əsas səbəbi məhz enerji daşıyıcılarının qiymətinin yüksək olmasıdır. Bu isə seçicilərin mövqeyinə təsir göstərir, Avropa ölkələrində populist və ya ifrat sağçı qüvvələrin iqtidara gəlişi üçün münbit şərait yaranır. Çexiya və Almaniyada da çoxminlik etiraz aksiyası, İtaliyada populist qüvvələrin reytinqinin yüksək olması artıq Vaşinqtonu və Brüsseli ciddi düşünməyə vadar edir.

Qeyd edək ki, Rusiya neftinin qiyməti ilə bağlı məhdudiyyətlərin dekabr ayında tətbiq edilməsi planlaşdırılsa da, artıq neftin qiyməti ucuzlaşmağa başlayıb. Əgər iyun ayında ABŞ-da WTI markalı xam neft bir barelin qiyməti 120 dollar idisə, son günlər 83 dollara qədər ucuzlaşıb. Bu isə ABŞ-da enerji daşıyıcıların qiymətinin ucuzlaşmasına səbəb olub. İyun ayında pərakəndə qazın bir qallonu 5 dollar idisə, son günlər 3,75 dollara düşüb. Bu isə inflyasiyasının zəifləməsilə nəticələnib. İnflyasiyasının zəifləməsi, iş yerlərinin artması və Ukrayna ordusunun uğurlu əks-hücumu prezident Co Baydenin reytinqinin artmasına imkan verib. Konqressə seçkilər ərəfəsində prezidentin reytinqinin artması ABŞ tarixində çox nadir hallarda müşahidə olunur.

Rusiya neftinin qiymətinin yuxarı həddinin müəyyənləşdirilməsi ölkəni yüksək gəlirlərdən məhrum etdiyi kimi, prezident Vladimir Putinin imicinə də çox mənfi təsir göstərəcək. Ukraynaya qarşı müharibənin sonunun görünmədiyi, ağır itkilərlə bağlı məlumatların hər ötən gün artdığı bir zamanda neftin satışı ilə bağlı məhdudiyyətlər Putinə etimadın tamamilə itməsinə gətirib çıxaracaq. Artıq Rusiyada Putinin istefaya göndərilməsi ilə bağlı çağırışlar səslənir. Eyni zamanda, Putinə Ukrayna müharibəsindən Rusiyanın nə qazandığı ilə bağlı suallar ünvanlanır. Putin isə bu suallara əsaslı cavab verə bilmədiyi kimi, istefa çağırışlarının da qarşısını ala bilmir. Bu mənada, neftin qiymətinin yuxarı həddinin tətbiq edilməsi Rusiya cəmiyyətində artan narazılığı daşıracaq son damla ola bilər. 

 





14.09.2022    çap et  çap et