525.Az

Müəllimlərin sertifikasiya imtahanı: maraqlı nəticələr, diqqətçəkən rəylər


 

Müəllimlərin sertifikasiya imtahanı: maraqlı nəticələr, diqqətçəkən rəylər<b style="color:red"></b>

Ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali, orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə keçirilən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi gerçəkləşib. Test imtahanı mərhələsində namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim olunub. Bunlar təlim strategiyası və təlim metodikası olmaq üzrə iki yerə ayrılıb. Təlim strategiyası üzrə: müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edib. Təlim metodikası üzrə isə: fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri mövzuları daxil olub. Hər bir düz cavab bir bal kimi müəyyən edilib. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunub. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılıb. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Sertifikasiyaya dəvət olunanlardan 10944 ibtidai sinif müəllimi, yəni 98 faizi imtahanda iştirak edib. Onlardan 8577 nəfər imtahanda uğur qazanıb. Bu rəqəm imtahan verənlərin 78 faizi deməkdir. Sertifikasiyanın müsahibə mərhələsindən də keçərsə, 5599 müəllim, yəni müəllimlərin 51 faizi maaşının 10 faizi, 2978 nəfər, yəni müəllimlərin 27 faizi maaşının 35 faizi həcmində əlavə alacaq: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərindən sertifikatlaşmaya cəlb edilən müəllimlərin 86 faiz, Elm və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin müəllimlərinin 85 faiz,  Abşeron - Xızı Regional Təhsil İdarəsinə tabe olan məktəblərin müəllimlərinin 80 faiz, Quba-Xaçmaz Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin 71faiz və  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin isə yalnız 56 faiz keçid balını toplayaraq növbəti mərhələyə qədəm qoyublar".

"Hər yaşda bilikli, səriştəli, peşəkar müəllimlərimiz var" deyən E.Əmrullayev sertifikasiyadan keçənlərin yaşa görə nəticələrinin təhlilini də açıqlayıb. Belə məlum olub ki, sertifikasiya imtahanlarında 25-29 yaşlı təhsilverənlərin hamısı uğur qazanıb. 60 yaşını keçənlərin isə 68 faizinin nəticələri uğurludur: "60 yaşdan yuxarı olanlar arasında 51 bal toplayan 184 müəllimimiz var. Onlar da kompüterlə, eyni həyəcanla imtahan veriblər. Yaşına görə onlara fərqli mühit yaratmamışıq. Amma yenə də rəqəmlərin əks olunduğu cədvələ baxsaq, 40-55 yaş arası olanlar bizi daha çox narahat edir. Çünki onlar hələ 20 il təhsil sistemində çalışacaqlar. Hər il orta hesabla 120 uşağın həyatına təsir edəcəklər".

E.Əmrullayevin dediyinə görə, sertifikasiya imtahanlarının nəticələrinin təhlili ilkin də olsa, müəyyən qənaət formalaşdırıb: "Hər halda, gəlinən nəticə onu deməyə əsas verir ki, müəllimlərin 80 faizə qədərinin minimal bilikləri ilə bağlı problemi yoxdur. 10-12 faizinin isə təkmilləşdirilməsinə ehtiyac var.

Təhsilverənlərin sertifikatlaşdırılmasında ikinci mərhələ də artıq start götürüb. Yeni tədris ili başlayanadək sertifikasiyanın müsahibə mərhələsinin də yekunlaşacağı gözlənilir. E.Əmrullayev müsahibələrin bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə üzbəüz olacağını dedi: "Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsinlər".

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov bildirib ki, sertifikatlaşdırılma zamanı əldə edilən nəticələr müəllimlərin gələcək fəaliyyətinə müəyyən mənada təsir edə bilər. Belə ki, sertifikatlaşdırılma zamanı uğur qazanan müəllimlər gələcəkdə metodist kimi vəzifələrə yüksələ bilərlər: "Sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslərə 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı yaradılacaq".

Sertifikasiya imtahanında ən yüksək nəticə, 60 bal toplayan Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Turanə Niftəliyeva deyir ki, 10 ildir ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir: "Pedaqoji fəaliyyətimi 8 il Bakı şəhərində, son 2 ildə isə Sumqayıtda davam etdirirəm. Düşünürəm ki, sertifikasiya imtahanının keçirilməsi müəllimlər üçün vacibdir. Çünki biz müəllimlər hər zaman yeniliklərə açıq olmalı və öz üzərimizdə daim işləməliyik. Hər kəs kimi məsuliyyətdən irəli gələn həyəcan məndə də var idi. Məqsədim ən yüksək nəticə olan 60 balı toplamaq idi. Sualları gördükdən sonra əmin oldum ki, 60 balı toplamaq mümkünsüz deyil. Suallar öncədən bildirildiyi kimi, ibtidai təhsil səviyyəsində, çərçivə sənədinə uyğun idi. Hətta uğur qazanmağım üçün imtahana ayrılmış vaxtın yarısı kifayət etdi. Uğur qazanan hər bir həmkarımı təbrik edirəm. Sumqayıt müəllimlərinin kifayət qədər yüksək nəticə qazanması şəhərimizin təhsilinin gücünü bir daha sübut edir".

Maksimum nəticə göstərən müəllimlərdən biri Günay Əhmədova isə Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində çalışır. 17 ildir ki, ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. G.Əhmədovanın sözlərinə görə, imtahana hazırlaşarkən hədəfi 60 bal toplamaq olub. O, daha çox ixtisas fənləri deyil, kurikulum üzərində çalışdığını və sertifikasiya imtahanını uğurla keçdiyini söyləyib.

Sumqayıt şəhəri üzrə müəllimlərin sertifikasiyası imtahanından 60 bal yığan müəllimlərdən biri də Şəfəq Məmmədovadır. Dörd nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olan Ş.Məmmədova qeyd edir ki, özü də orta təhsilini 4 nömrəli məktəbdə alıb və 1996-cı ildən elə həmin məktəbin ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir: "27 illik iş təcrübəm var və imtahana hazırlaşarkən hədəfim 60 bal yığmaq olub. İstəyimə nail oldum. Müəllim hər zaman öz üzərində çalışmalı, biliklərini artırmalıdır".

Bakı şəhəri 26 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Xanımana Məlikova 56 bal toplayıb.  61 yaşlı müəllim deyir ki, yaşına görə onu sertifikasiyaya dəvət etməsəydilər, özü könüllü iştirak etməyi düşünüb: "1993-cü ildən 26 nömrəli tam orta məktəbdə çalışıram. "Sağlam təhsil" layihəsi başlayanda məktəbimiz namizədliyimi irəli sürdü. Bacarığımı qiymətləndirməsələr, bunu etməzdilər. İsrarlıyam, hədəfimə çatmadan rahatlıq tapa bilmirəm. İndi də düşünürəm ki, keşkə daha bir şansım olsaydı, təkrar imtahan verərdim. Bu imtahana 60 bal toplamaq məqsədilə getmişdim. Səhvlərimi özümə bağışlaya bilmirəm".

X.Məlikova diaqnostik qiymətləndirmədə də yüksək nəticə göstərib: "Adından göründüyü kimi, diaqnostik qiymətləndirmə idi. Heç bir əlavə hazırlıq keçmədən gedib 54 bal toplamışdım".

Amma sertifikasiyaya hazırlıq üçün öz üzərində əlavə işləyib: "Öz üzərində daim işləyən müəllim olsam da, sertifikasiyanın keçiriləcəyi barədə eşidəndən əlavə materiallar oxuyuram. Daha çətin olacağını düşünürdüm. Ona görə də daha mürəkkəb suallar üzərində işləyir, daha çətin mövzularla bağlı ədəbiyyat oxuyurdum. 60 bal toplaya bilərdim".

İmtahanda uğur qazanan daha bir müəllim - Aynurə Bəşirova Qobu qəsəbə 2 nömrəli tam orta məktəbdə 28 ildir  ki, çalışır: "Məktəbimizdə çox savadlı müəllimlər var. Əminəm ki, məndən daha yüksək nəticə əldə edənlər olacaq".

54 bal toplayaraq uğura imza atan Aynurə Bəşirova yüksək nəticəni öz üzərində işləməyi ilə əsaslandırır: "Öz üzərimdə daim işləyirəm. Təhsildə tətbiq edilən hər yenilikdən xəbərdar olmağa çalışıram. Bilmədiyim olmasın deyə çox oxuyuram. Bir müəllim olaraq bilməməyim mənim eyibim olar, deyə düşünürəm".

Aynurə müəllim 2 variant arasında qaldığı suallarda yanlışlığa yol verdiyini düşünür: "Hesab edirəm ki, səhvlərim kurikuluma aid sualların cavablarındadır. İnanıram ki, müəllimlərin çoxu bu sualların öhdəsindən uğurla gələcək". 46 yaşlı A.Bəşirova deyir ki, 58 bal toplayacağını düşünürmüş: "Diaqnostik qiymətləndirmədə də yaxşı nəticə göstərmişdim. 48 bal o vaxt ibtidai sinif müəllimləri arasında ən yüksək nəticələrdən biri idi. İndiyədək niyə MİQ imtahanlarına qatılıb özümü yoxlamadığıma təəssüflənirəm. İş yerimi dəyişdirmək fikrim olmayıb deyə imtahanlara da qatılmağı düşünməmişəm. Sertifikasiyanın olmağı yaxşıdır ki, bilik və bacarıqlarımızı özümüzün də ölçmək, müəyyənləşdirmək imkanımız oldu".

Sevinc QARAYEVA

 





14.09.2022    çap et  çap et