525.Az

Sosial medianı bloklamaq lazımdırmı? - Osman Gündüz yazır


 

Sosial medianı bloklamaq lazımdırmı? - <b style="color:red">Osman Gündüz yazır</b>

Bəzən belə çağırışlar olur ki, sosial media ölkə ərazisində bloklansın. İndiki anda hökumətin sosial medianı bloklaması nə dərəcədə doğru olardı?

Düşünürük ki, indiki halda bunun üçün elə də zərurət yoxdur. Çünki müşahidələr və apardığımız monitorinqlər göstərir ki, hazırda azərbaycandilli sosial media məkanında əvvəlki dövrlərlə müqayisədə müsbətə doğru xeyli fərq var. 

Artıq sosial media istifadəçiləri hərbi xarakterli, düşmən üçün faydalı ola biləcək, həmçinin ruh düşkünlüyü, ajiotaj və çaşqınlıq yarada biləcək məlumatları, videoları demək olar ki, paylaşmırlar və ya çox az paylaşırlar.

Paylaşanlar da həmin an ictimai qınaqla üzləşirlər. Müşahidələr göstərir ki, hansısa şübhəli və qeyri-dəqiq paylaşımla rastlaşanlar da dərhal onun mənbəyini, təsdiqini soruşurlar, rəsmi mənbə axtarırlar.

Görünən odur ki, azərbaycandilli sosial media istifafəçilərin formalaşdırdığı ictimai mühit,  informasiya mühiti olduqca faydalıdır.
Bu mühitdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində  Ali Baş Komandana və Orduya dəstək, dövlətçilik xətti, milli həmrəylik, Azərbaycan həqiqətlərinin dünyaya  çatdırılması üstünlük təşkil edir.

Yəni Azərbaycan sosial mediası bir ictimai platforma olaraq son illərdə xeyli inkişaf edib.

Odur ki, fikrimcə indiki anda dövlət qurumları və rəsmilər tərəfindən rəsmi informasiyaların yayılması intevsivliyini artırmaq və sosial mediadan effektiv istifadə, xüsusən də xarici auditoriyaya yönəlik effektiv  fəaliyyət üzərində düşünmək daha doğru olardı.

Əlbəttə rəsmi informasiyalar adətən gec açıqlanır və ya bəzən açıqlanmır. İndiki anda hökumətin daha çevik və effektiv formada rəsmi  informasiyalara əlçatanlığı təmin etməsi doğru olardı.

Rəsmi informasiyalara əlçatanlıq olmadığı halda isə adi istifadəçilərə tövsiyəmiz o ola bilər ki, onlar rəsmi mənbədən əlavə güvənli hesab olunacaq media qurumların, jurnalistlərin və blogerlərin, ictimai şəxslərin də sosial hesablarını izləməklə faktlatı , məlumatları dəqiqləşdirə bilərlər.

Dəqiqləşdirilməmiş məlumatların indiki anda yenidən paylaşımını etmək isə doğru olmazdı.

P.S. "TikTok"la bağlı bizim fikirlərimiz məlumdur. Uşaqlar üçün zərərli tərəfləri çoxdur. Gələcəkdə bu məsələyə baxıla bilər və uşaqlar üçün onun  məhdudlaşdırılması məntiqli olardı.

Amma indiki anda "TikTok"dan da "bir damcı da" olsa, Azərbaycan maraqları üçün  faydalanmaq doğru olardı.

 





14.09.2022    çap et  çap et