525.Az

Hadi Rəcəbli: "Elə bil canları çıxır..."


 

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin "525"ə müsahibəsi

Hadi Rəcəbli: "Elə bil canları çıxır..."<b style="color:red"></b>

-Hadi müəllim, artıq növbəti yay tətili, yay istirahəti mövsümü başlamaqdadır. Xüsusilə, orta məktəblərdə oxuyan şagirdlərin yay tətili özünə start verməkdədir. Bu baxımdan, heç şübhəsiz uşaqların yay tətilinin səmərəli təşkili məsələsi önəmli məsələlərdəndir. Hətta, bildiyimiz qədər parlamentdə bununla bağlı müvafiq qanun layihəsi üzərində işlənilməkdədir. Ona görə bilmək istərdik ki, həm bu məsələ, həm bütövlükdə uşaqların bu ya digər hüquqlarının təmini məsələsi yerdədir, bu istiqamətdə daha hansı addımların atılması gözlənilir?

- Uşaq hüquqlarının təmin olunması Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin prioritet istiqamətlərindədir bu yöndə kifayət qədər nmüsbət addımlar atlıb, müsbət nəticələr, uğurlar əldə edilib. Bu istiqamətdə parlament öz tərəfindən lazım olan bütün addımları atıb atmaqdadır, mükəmməl qanunvericilik bazamız, təcrübəmiz ortadadır. Eyni zamanda, bu istiqamətdə fəaliyyətimizdən geri qalmır, fəaliyyətimizə ara vermirik. Bildiyiniz kimi, parlament tərəfindən " Uşaqların istirahətinin asudə vaxtının səmərəli təşkil edilməsi haqqında" qanun layihəsi üzərində işlənilir. Biz parlamentin növbəti sessiyalarından birində bu sənədin müzakirəsini qəbulunu nəzərdə tuturuq. Çünki belə bir qanuna çox böyük ehtiyac var. Bu, cəmiyyətdən gələn bir sosial sifarişdir. Eyni zamanda, dövlətimizin yeritdiyi siyasət nəticəsində, şəxsən ölkə Prezidenti İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarla valideynini itirmiş, valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün çoxlu həyati vacib məsələlər həll olunub. Məsələn, keçən il instituta, ali təhsil ocaqlarına ödənişli əsaslarla girən valideynsiz uşaqlar təhsil haqqından azad olundular, dövlət büdcəsi hesabına onların təhsil haqqı ödənməyə başlandı. Bundan sonra 5-dən çox uşağı olan ailələrə xüsusi əlavə müavinətlər verildi, həmçinin, "Uşaqların məcburi dispanserizasiyası haqqında" qanun qəbul olundu. Bunların hamısı da ona yönəldi ki, bizim uşaqlarımızın güzəranı yaxşı olsun, uşaqlarımızın gələcəyi üçün yaxşı şərait yaransın. Amma gəlin başqa məqamlara da fikir verək...

-Söhbət hansı məqamlardan gedir?

- Məsələn, bu gün bizim imkanlı ailələrin uşaqları da var, nisbətən imkanı az olan ailələrin uşaqları var. Mən bu gün ona çox sevinirəm ki, Gənclər İdman Nazirliyi ötən il hardasa 15-20 min uşağın istirahətini, yay istirahətini təşkil etdi. Amma imkanlı ailələrin uşaqları isə atası ilə, anası ilə qoşuldular xarici ölkələrə istirahətə getdilər, məsələn, bilim Dubaya getdilər, bilim Fransaya, ya da harasa getdilər. Ancaq indi görün təsəvvür edin ki, imkanlı ailələrin, imkanlı uşaqların valideynləri özləri artıq müraciət edirlər ki, mənim uşağım düşərgəyə getsin. Valideyn düşünür ki, övladı düşərgədə uşaqlarla, tay-tuşlarla bir yerdə olsun, ünsiyyət görsün, ekstrimal şərait olsun, səhərlər durub idmana qaçsın, axşamlar da himn oxusun, dostları ilə mübahisə etsin, dostları ilə şahmat oynasın, dostları ilə futbol oynasın sairə. Bax, bunun çoxunu bugünləri artıq valideynlər özləri başa düşürlər. Niyə görə? Ona görə ki, evdə iki uşaq var - bir oğlan, bir qız çox zaman da onlar arasında bir anlaşma, bir ünsiyyət mühiti yaranmır. Eyni zamanda, valideynləri uşağı qırağa çıxmağa qoymurlar, onları dərsdən, məktəbdən bəzən xüsusi ayrılmış maşın, sürücü gətirir evə, yaxud, uşaq məktəbdə dərsini keçdi, dərsdən sonra valideyn onu evə gətirdi, hər şey bitir, yəni, valideyn, xüsusilə, ata uşağı evdə qoyur, qaçıb çıxır gedir işinin dalınca. Bu, düzgün deyil. Ona görə uşağın cəmiyyətə inteqrasiyası üçün bax bu elementlər- onların öz həmyaşıdları ilə birgə təmasda, ünsiyyətdə, düşərgərdə olması lazımdır. Bəzən bir çoxları bunu qiymətləndirə bilmir, amma ağıllı valideynlər bunu başa düşürlər, qiymətləndirirlər. Görürsən ki, hətta, yığılırlar 10 uşaq bir yerdə nəsə tədbir fikirləşirlər, uşaqlar özləri həmin tədbiri keçirirlər.

- Ancaq o da var ki, Azərbaycanda ümumən yay tətilini, istirahəti daha səmərəli yüksək təşkil etmək maddi cəhətdən çox zaman mümkün olmur, olursa da, çox az olur ya effektli olmur. Yəni, istirahət məkanlarımızda həddindən artıq bahaçılıq baş alıb gedir bəzən ortabab imkana malik olan insanlar da nisbətən sərfəli olan başqa ölkələrin istirahət məkanlarına, xarici ölkələrə üz tutmaq məcburiyyətində qalırlar. Ona görə bu məsələdə yenidən nələrinsə edilməsi, düşünülməsi zamanı artıq çatmayıbmı?

-Təbii ki, burada düşündürən məsələlər yox deyil. Bəlkə müqayisə bir qədər yerinə düşmür, siz baxın, Rusiya Krımla bağlı hansı addımlar atdı, ora istirahətə gəlmək istəyənlər üçün yolun qiymətini aşağı saldı, orada yaşamaq üçün qiymətləri aşağı saldı. Yəni, bizdə bu məsələ üzərində yenidən düşünmək olar qeyd edim ki, bu istiqamətdə zaman-zaman müəyyən addımlar atılır özünün müsbət nəticələrini verir. Əvvəlki illərlə müqayisədə bu yöndə çoxlu müsbət göstəricilər var, yüksələn rəqəmlər var. Amma eyni zamanda qiymətin artmasının bəzi səbəbləri var. Məsələn, səbəbin biri nədir? Bizim turist obyektlərimizin böyük əksəriyyəti ildə qədər isləyir? 60 gün. Çox işləyəndə 100 gün. Antalyada qədər işləyir? 150 gün, 120 gün ən pis halda. Belə olan təqdirdə, əlbəttə, o daha səmərəlidir. Ona görə bizdə artıq qış turizmi, qış tətili istirahəti inkişaf etdirilməlidir. Mən hətta, başqa şey fikirləşirəm, məsələn, gələn il Azərbaycanda Olimpiya ilidir. Dünya ölkələrində Olimpiya ili olanda necə edirlər? Olimpiya illərində şəhərdə maşını, sıxlığı, gediş-gəlişi azaltmaq üçün adamları məzuniyyətə göndərirlər. May ayından başlayaraq hamısını məzuniyyətə göndərirlər, şəhərdən, paytaxtdan ölkənin başqa ərazilərinə, istirahət guşələrinə - kənara çıxarırlar. Hesab edirəm ki, bizdə artıq bu müsbət təcrübədən yararlanmaq vaxtıdır. Bununla belə, xaricə gedənlərin böyük əksəriyyəti sanki bəhsəbəhsdədirlər. Yəni, filankəs Dubaya getdi, mən gedirəm, filankəs Antalyaya getdi, mən niyə getməyim...İnanın Qəbələdə olan şərait, "Relax"da olan şərait, Qubada tikilən, Qusarda tikilən otellər dünyanın heç yerində yoxdur. Ən müasir, ən yüksək səviyyədə otellər, istirahət mərkəzləridir. Əlbəttə, qiymət istər-istəməz ona uyğun olur. Möhtərəm Prezidentimiz göstəriş verib ki, o daha yüksək olmasın, bir az aşağı ulduzlu mehmanxanalar tikilsin. Əlbəttə, belə mehmanxanalar da var, lakin bahalı otellər var. Məsələn, "Qafqaz" otelləri var, qiymətləri yüksəkdir, amma orada olan şərait həmçinin yüksəkdir, əladır. Var başqa tip otellər, bir az qiyməti aşağıdır. Yəni, bu haqda da düşünmək vaxtıdır ki, elə otellər tikilsin ki, sadə otellər olsun, ora böyük xərc çəkilməsin, eyni zamanda qiymətlər ucuz olsun, adamlar üçün uyğun olsun. Ancaq məsələ yenə fırlanıb gəlir istirahət mədəniyyəti məsələsinin üstünə. Neçə illərdir, bu məsələdən danışırıq, ancaq bəzi insanlar hələ bunu-istirahət mədəniyyətinin demək olduğunu anlamır ya anlamaq istəmirlər. Hər şeyə pul tapırlar, amma həmin pullardan bir qədər kənara qoyub onu istirahətlərini təşkil etmək üçün ayırmırlar, buna sanki canları çıxır.

Yadınızdadırsa, sovetlər dövründə "Mayovka"lar var idi. "Mayovkaya" insanların hamısı gedərdi, bir növ adət olmuşdu "Mayovka". İndi heç fikirləşən var ki, "Mayovka" nədir? 2-si mayda hamısı gedərdilər, şəhərdən kənara çıxardılar, təmiz havada oturardılar, kabab bişirərdilər, yəni, bu, bir hal almışdı. Yəni demək istəyirəm ki, insanların özlərindən çox şey asılıdır. Onlar özləri istirahət mədəniyyəti haqqında düşünməlidirlər...

Kamil HƏMZƏOĞLU

 





12.06.2014    çap et  çap et