525.Az

Reallıq hissini itirəndə


 

Reallıq hissini itirəndə<b style="color:red"></b>

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Qərbin Kiyevə genişmiqyaslı yardımı və Rusiyaya qarşı misli görünməmiş sanksiyalarına baxmayaraq, "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə nail olunacaq. ABŞ və onun tərəfdaşlarını Ukraynaya silah yardımı etməklə müharibəni uzatmağa çalışmaqda günahlandıran Patruşev əlavə edib ki, Vaşinqton kritik infrastruktur obyektlərinin yerləşməsilə bağlı məlumatları Ukrayna ordusuna ötürür.

Belə görünür ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin müharibə meydanında baş verənlərdən xəbəri yoxdur.

Ukraynadakı hərb meydanında isə Rusiya ordusu faciə ilə üzləşib. Ukrayna Silahlı Qüvvələrinin sentyabrın ilk günündən etibarən Xerson, Xarkov və Donetsk istiqamətlərində başlayan əks hücumu Rusiya ordusu üçün faciəyə çevrilib. Ukrayna ordusu sentyabrın ilk yarısı ərazində Rusiya ordusunun son beş ay ərzində ələ keçirdiyi ərzidən çox torpaq azad edib. Belə demək olar ki, Rusiya ordusunun 150 gün ərzində qazandığı uğurları Ukrayna ordusu 15 gün ərzində qazanıb. Bu isə Rusiya ordusunun ağır itkilərlə üzləşməsinə səbəb olub. Rusiya ordusu işğal etdiyi əraziləri sürətlə tərk etmək məcburiyyətində qaldığı üçün yüzlərlə tank və yük maşını, eləcə də tonlarla sursat Ukrayna ordusunun əlinə keçib. Elə bir ağır vəziyyət yaranıb ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, BMT Təhlükəsizlik Şurasında məsələ qaldıracaqlar ki, Ukrayna ələ keçirdiyi Rusiya tanklarını, artilleriyasını, zirehli transportyorlarını, hava hücumundan müdafiə sistemlərini, radar stansiyalarını və Xarkov vilayətində qanunsuz olaraq ələ keçirilən yüzlərlə ton sursatı geri qaytarsın. Rusiyanın düşdüyü bu vəziyyət artıq tragikomediyadır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə nail olunacağından bəhs edir.

Ukrayna ordusunun sürətli əks-hücumu beynəlxalq ictimai rəyə çox ciddi təsir edir.  Qərb mediası Ukraynanın uğurunu "heyrətləndirici" adlandırıb. Alman mətbuatı Olaf Şoltsu Ukraynaya silah göndərilməsini sürətləndirməyə çağırır. Britaniyanın nüfuzlu "The Guardian" qəzeti Ukraynanın əks-hücum əməliyyatını "beş gündə hər şeyi dəyişdi" kimi şərh edib. Ümuni rəy bundan ibarətdir ki, Ukrayna Silahlı Qüvvələri 70 kilometrə qədər irəliləyişə nail olub. Eyni zamanda, beynəlxalq media Rusiya ordusunun geri çəkilməsini "fəlakətli qaçış" kimi dəyərləndirir. Bütün bunların fonunda isə Rusiya iqtidarında əsas söz sahiblərindən biri olan Nikolay Patruşev "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə nail olunacağı haqqında açıqlama verməkdən çəkinmir. Məlum olduğu kimi, Rusiya Ukraynaya qarşı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır və müharibə ifadəsinin qəti əleyhinə çıxır. Hətta "xüsusi hərbi əməliyyat"ı müharibə adlandırmaq inzibati, bəzi hallarda cinayət məsuliyyəti yaradır. Buna görə mətbuat Rusiya ordusunun işğal etdiyi torpaqları ataraq qaçmasını da "xüsusi hərbi geri çəkilmə" adlandırmağa başlayıb.

Ukrayna ordusu Xarkov vilayətində Balakleya, İzyum və Kupyansk kimi strateji əhəmiyyətli bölgələri Rusiya işğalından azad edib. Kreml təmsilçiləri isə baş verənləri "qoşunların köçürülməsi əməliyyatı" adlandırır. Qarşıda Rusiyanı Xerson faciəsi gözləyir. Rusiya rəsmiləri reallıq hissini itirərək "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə çatacağından bəhs edirlər.

 

 





15.09.2022    çap et  çap et