525.Az

Ermənistan təxribatların nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır


 

AZƏRBAYCAN ORDUSU ÖZ MÖVQELƏRİNİ BEYNƏLXALQ HÜQUQA UYĞUN OLARAQ QORUYUB

Ermənistan təxribatların nəticəsini  görməli və bu cəhdlərə son qoymalıdır<b style="color:red"></b>

Sentyabrın 12-13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ümumiyyətlə, son  bir ayda Ermənistan tərəfindən intensiv olaraq təxribatlara əl atılıb. Ermənistanın növbəti genişmiqyaslı təxribatı bu ölkənin ardıcıl xarakter  daşıyan avantüraları və təxribatlarının nəticəsidir. Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokdakı Şərq İqtisadi Forumunda çıxışında faktiki olaraq bu avantüranı anons etmişdi.

Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ordumuz mövqelərini hədəf götürən Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv etdi.

Azərbaycan Ordusu ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada biləcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə əldə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb. Ona görə də keçirilən əməliyyat miqyasına görə kiçik olub, lokal xarakter daşıyıb və hədəflərə nail olunub.

Ordumuz ərazidə bütün əsas nəqliyyat-kommunikasiya nöqtələrinə nəzarət edir. İlk növbədə Ermənistanın Azərbaycanla sərhəddə - Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Onlar Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırdı. Onun bərpasına bundan sonra ən azı 4-5 il vaxt lazımdır.

Əməliyyat yüksək peşəkarlıqla həyata keçirilib, əsas hədəflərə nail olunub.

Təxribata cavab nəticəsində Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur. Azərbaycan tərəfi də itki verib. Lakin şəhidlərimizin qisası artıqlaması ilə alınıb. Ermənistan hərbi avantüraların, təxribatların nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Çünki cavab kəskin olacaq və daha böyük itkilərə məruz qalacaq.

Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda  hərbi obyekti və onlarla postu məhv edilib. Ermənistanda yüzlərlə yaralı var. Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi.

Ümumiyyətlə, son zamanlar Ermənistan ciddi cəhdlə revanşa,  yeni hərbi əməliyyatlara, hücuma  hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə, bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.

Tanınmış türkiyəli hərbi ekspert Abdullah Ağar Ermənistanın törətdiyi son təxribatla bağlı "525"ə danışıb. Onun sözlərinə görə,  Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətini həzm edə bilmir və əldə edimiş razılaşmaları, o cümlədən, 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərini pozur.

Hərbi ekspert düşünür ki, Azərbaycan Ordusunun hazırkı durumda son dərəcə diqqətli davranması vacibdir. Sadəcə Azərbaycan Ordusunun deyil, dövlətinin də: “Məsələnin yeni formalaşmış enerji geosiyasəti ilə bağlı ola biləcəyini də görməyimiz lazımdır. Azərbaycanın təşəbbüslərindən faydalananlar da daxil olmaqla, bir çoxları ölkənin inkişafından, onun beynəlxalq nüfuzunun artmasından son dərəcədə narahat olurlar. Buna görə də bu mərhələdən sonra da Azərbaycan Ordusu Ermənistan ordusu ilə qarşı-qarşıya qala bilər. Son hadisələr də bunu göstərir. Çünki qarşı tərəf olduqca aqressiv və  təcavüzkar münasibəti davam etdirir". Ekspertə görə, əgər düşmənin savaşma əzmini və iradəsini qırmaq mümkün olsa, bu, sülhə aparacaq: "Amma savaşma əzmini, ehtiraslarını qırmasanız, düşmən nə qədər zəifləsə belə, daha da aqressivləşərək təcavüzünü davam etdirə bilər. Ona görə də dediyim kimi, önəmli olan bu əzmi və iradəni qırmaqdır.

Müharibənin öyrətdiyi bir gerçəklik var. Bu gerçəklik Avropa İttifaqını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazla bağlı təşəbbüs irəli sürməyə sövq etdi".

A.Ağar əlavə edib ki, işimiz asan deyil, amma önəmli təşəbbüslərlə bərabər gələcəyə addımlaya bilərik. Bu mənada Türkiyə və Azərbaycanın iş birliyi böyük önəm kəsb edir.

Onun fikrincə, məsələnin kökündə Ermənistanın sadəcə Qarabağa deyil, Azərbaycanın sərhədlərinə də təcavüz etməsi dayanır: "Məsələ sadəcə Qarabağla bağlı deyil. Burda söhbət rusların əlindəki xəritələr də başda olmaqla bu xəritələrə əməl edilməməsi, sərhəddə  davamlı olaraq təxribatlar törətmək olub. İrəvan öhdəliklərinə əməl etmir, rus hərbçilərin olduğu Azərbaycan ərazilərində demoqrafik və topoqrafik intriqalar həyata keçirirlər".

Ekspert vurğulayıb ki, Ermənistan tərəfi müttəfiqlərinə Azərbaycanla bağlı qərəzli şəkildə məlumatlar verərək mütəmadi olaraq onları Azərbaycana qarşı təhrik edir: "Düşmən tərəfin son təxribatlarında belə Azərbaycan Ordusu yenə təcavüzkar ölkənin aqressiv münasibətinə baxmayaraq, öz mövqelərini beynəlxalq hüquq normalarına uyğun olaraq qoruyub. Azərbaycan təcavüzkar  aqressiv bir ölkənin ordusu ilə üz-üzədir. Təxribat törədirlər, cavab alanda ağlaşmağa, yalvarmağa başlayırlar. Yəni  "həm suçlu, həm güclüyəm"  deyirlər. Problemin kökü burdan qaynaqlanır. İrəvan  müharibədən dayanması üçün imza atdığı bəyanatlardan irəli gələn öhdəlikləri yerinə yetirmir. Belə olanda Azərbaycan da təbii olaraq haqlı mövqeyini müdafiə edir".

 

 





15.09.2022    çap et  çap et