525.Az

"Əsrin ilk onilliyində musiqi sahəsində boşluq yarandı,


 

ONA GÖRƏ DƏ İNDİKİ GƏNC NƏSİL ANCAQ MUSİQİLİ MEYXANA DİNLƏMƏLİ OLUR"

"Əsrin ilk onilliyində musiqi sahəsində boşluq yarandı,<b style="color:red"></b>

Deyirlər, musiqi ruhun qidasıdır. Gündəlik həyatımızda, yəqin ki, çoxlarımız bu fikrin təsdiqini tapmışıq. Bəzən yolda gedərkən, işdə olarkən, dostlarımızla söhbətləşərkən hardansa musiqi səsləri eşidir və istər-istəməz dayanmalı, əlimizi saxlamalı, sözümüzü yarımçıq qoymalı oluruq. O səs uzun müddətdən bəri axtardığımız hüzur mənbəyi kimi gəlir bizə. Belə səs sahibləri, gənc istedadlar çoxdur. Məxfirət Hüseynova ilə Məhərrəmli Əlişanov da o gənclərdəndir. Onları cəmi bir dəfə, təsadüfən dinləmişdim. Amma elə həmin qarşılaşma gənc ifaçıları müşahidə etməyim üçün kifayət oldu. Üzlərindəki təbəssümə baxıb əmin oldum ki, onlar gördükləri işdən - müxtəlif restoranlarda canlı mahnılar ifa etməkdən, həqiqətən, zövq alırlar. Odur ki, onlarla görüşüb musiqiyə onlan sevgiləri barədə söhbətləşdim.

 

 

- Necə oldu ki, praktik formada ifaçılığa başladınız?

- Məxfirə Hüseynova: Uşaqlıqdan musiqiyə həvəsim olub. Orta məktəbin birinci sinifində oxuyandan bəri, demək olar, bütün tədbirlərdə çıxış edirdim. Çoxlu mahnı bilirdim. Həvəskar formada ifa edirdim. Amma o zaman haçansa bu işlə peşəkar formada məşğul olacağım ağlıma gəlməzdi. Baxmayaraq ki, musiqiyə maraq mənə irsən keçib, babam tanınmış muğam ifaçısı olub. Daim onu dinləyirdim. Mənim ən böyük arzum isə ingilis dili müəllimi olmaq idi. 2013-cü ildə bu ixtisasa qəbul olundum. Amma demək olar, musiqi ilə məşğul olurdum. Vaxtımın böyük hissəsi musiqi ilə keçirdi. Bunun əsas səbəbkarı isə mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli idi. Nailə xanmla tanışlığım 2014-cü ildən başlayıb. Həmin vaxt Ümummilli lider Heydər Əliyevin 91 illiyi ilə bağlı respublika səviyyəsində müsabiqə keçirilirdi. Mən də qoşulmuşdum. Nailə xanım əvvəl mənə dedi ki, sənin yerin səhv düşüb, musiqi müəllimliyi ixtisasını seçməli idin. Sonradan fikrini dəyişdi. Bildirdi ki, ingilis dili müəllimliyi ixtisasına yiyələndikdən sonra da musiqi ilə məşğul ola bilərəm. Valideynlərimlə görüşdü. Fikrini onlarla da bölüşdü. Beləliklə, artıq 5 ildir, yəni 2017-ci ildən professional şəkildə praktik ifaçılıqla məşğulam.

- Məhərrəməli Əlişanov: O zamanlar mən Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Həmkarlar İtifaqının sədri idim. Təşəbbüsümlə "ADPU-nun səs"i layihəsinə start verildi. Məxfirət xanım da o layihədə iştirak etdi, qaliblərdən biri oldu. Bundan sonra tədricən kollektivimiz formalaşdı. "Sun rise" qrupunu yaratdıq, bir sıra uğurlara imza atdıq. Nailə xanım həmin vaxt da bizə əlindən gələn qədər dəstək verirdi. Koronavirus pandemiyasından sonra isə ikimiz, demək olar ki, tandem yaratdıq.

- Əlbəttə, asan sahə yoxdur. Bəs sizin işinizin çətin tərəfləri nələrdir?

- Məxfirə Hüseynova: Deyirlər, elin gözü tərəzidir. İşimizin ən məsuliyyətli tərəfi insanların qarşısında çıxış etməkdir. Əksəriyyətini tanımırıq, çoxunun üzünü ilk dəfə görürük. Amma ifa etdiyimiz məkanlarda bütün müştərilərin zövqünü oxşamağa çalışırıq. Bunun üçün təkcə ifamıza deyil, geyimimizə, davranışlarımıza da diqqət etməli oluruq.

- Məhərrəməli Əlişanov: Ən vacib məqamlardan biri isə repertuardır. Məxfirət xanım haqlı olaraq deyir ki, biz tanımadığımız insanların zövqlərini oxşamağa çalışırıq. Əlbəttə, zövqlər müxtəlifdir. Hər kəs bir janrda mahnını sevir. Gərək bütün seçimlərə hörmətlə yanaşasan. Buna baxmayaraq, biz bayağı ifalardan mümkün qədər uzaq qalmağa çalışırıq.

- Bildiyimə görə, kifayət qədər sevilirsiniz. Sizcə, bunun sirri nədədir? Tandeminiz nə ilə fərqlənir?

- Məhərrəməli Əlişanov: Əslində, elə də çox yol qət etməmişik. Amma hər şey təməldən asılıdır. Görünür, müəllimimiz Nailə xanımın da dəstəyi ilə təməlimiz möhkəm olub. Həm də konkret arzumuz, məqsədimiz var. Biz, doğrudan da, ən yaxşı olmağa çalışırıq. İkinci bir tərəfdən isə repertuarımıza xüsusi diqqət edir, ənənələrimizi yaşatmağa çalışırıq. Üzeyir Hacıbəyovu, Bülbülü.., onların irsini unutmaq olmaz.

- Çətinlikləri sadaladınız, bəs sizi yorulmağa qoymayan nədir?

- Məhərrəməli Əlişanov: Sevgi. Ümumiyyətlə, hər şeyin kökündə sevgi dayanır. Sevgisiz nəyəsə nail olmaq mümkün deyil.

- Məxfirə Hüseynova: Doğrudan da, işimizi çox sevirik. Bu, artıq həyat tərzimizə çevrilib. Hətta bir gün ifa etməyəndə səhnə üçün darıxırıq (gülür).

- Etiraf etmək lazımdır ki, ifaçılar kifayət qədərdir. Amma onların heç də hamısının ixtisası məşğul olduqları sahəyə uyğun deyil. Sizcə, ifaçı üçün musiqiçilik ixtisasına yiyələnmək nə qədər önəmlidir?

- Məxfirə Hüseynova: İlk növbədə onu deyim ki, oxuduğun mahnını hiss etmək lazımdır. Bunu bacarmırsansa, yaxşı ifaçı olmağın çox çətindir. İkinci bir tərəfdən, Nailə xanım həmişə deyirdi ki, peşəkar ifaçı səsini özünə tabe etdirməyi bacarmalıdır. Bunu isə ancaq müəllimlə, xüsusi hazırlıq nəticəsində öyrənmək mümkündür. Həmçinin, düzgün nəfəs almanın özü də məşqlər tələb edir. Əslində, incəliklər çoxdur. Və bu incəliklər ifaçının musiqi təhsili almağını zərurətə çevirir.

- Məhərrəməli Əlişanov: Məxfirət xanımın dediklərinə onu əlavə edim ki, istək, sevgi də çox mühüm məsələdir. Bir çox insanın yaxşı səsi var. Bu, fitri istedaddır. Ancaq bəzən insanlar Allahın onlara verdiyi vergidən istifadə etmək istəmirlər. Fikrimcə, səsin varsa, mütləq onu qorumalı, inkişaf etdirməli, üstündə işləməlisən. Yəni peşəkarlardan dəstək almalısan. Təəssüf ki, başqa cür düşünənlər də var.

- Xüsusilə son vaxtlar bulvarda, yeraltı keçidlərdə müxtəlif musiqi alətləri vasitəsilə ifa edən gənclərə rast gəlirik. Bu tendensiyaya münasibətiniz necədir?

- Məhərrəməli Əlişanov: Normaldır. Ümumiyyətlə, bəzi gənclərdə musiqiyə hədsiz həvəs var. Müəyyən hallarda onlar daxillərindəki musiqi atəşini söndürmək üçün həvəskar formada ifa edirlər. Bəziləri isə bunu maddiyyat üçün edirlər. Hər ikisi normaldır.

- Belə gənclərə məsləhət verdiyiniz, onlarla öz təcrübənizi bölüşdüyünüz olubmu?

- Məhərrəməli Əlişanov: Küçə ifaçıları ilə adətən təsadüfən, yol gedərkən rastlaşırıq. Onları tanımırıq, xarakterlərinə bələd deyilik. Ona görə bəzi hallarda həmin gəncləri bir müddət kənardan müşahidə edirəm. Öz-özümə düşünürəm: görəsən, fikrimi desəm, hansı reaksiya ilə qarşılaşaram? Bəli, dediyiniz kimi, elə gənclər olub ki, onlara yaxınlaşıb, ifaları ilə bağlı münasibətimi bildirmişəm. Amma gərək bunu da dostyana deyəsən ki, qaş düzəltmək istədiyin yerdə, göz çıxarmayasan. Çünki bircə söz gəncləri həvəsdən sala, onlarda ruh düşkünlüyü yarada da bilər.

- Necə düşünürsünüz, son dövrlərdə musiqinin hansı janrına tələbat daha çoxdur?

- Məxfirə Hüseynova: Düşünürəm ki, musiqili meyxanalara maraq daha çoxdur. Hər halda biz bu tendensiyanı əyani formada müşahidə edə bilirik.

- Məhərrəməli Əlişanov: 2000-ci ilin əvvəllərindən etibarən mahnı janrının yaradıcıları Tofiq Quliyev, Emin Sabitoğlu və başqaları dünyalarını dəyişdilər. Beləliklə, hətta indi də musiqimiz belə demək mümkünsə, keşikçisiz qalıb. 2008-ci ildən etibarən yeni simalar musiqi səhnəsinə daxil oldu. Meyxana maraqlı janrdır. Amma musiqi ilə meyxananın "sintezinə" münasibətim birmənalı deyil. Musiqili meyxananın sevilməyinin, kütləviliyinin bir neçə səbəbi var: ritm, ərəb xalqlarına xas ahəng və s. Həm də insanlar belə musiqiləri daha tez qəbul edirlər. Dediyim kimi, XXI əsrin ilk onilliyində musiqi sahəsində boşluq yarandı. İndi böyüyən uşaqlar, gənc nəsil də ancaq musiqili meyxananı dinləməli olurlar. Çünki alternativ yoxdur. Bu məqam adını çəkdiyimiz janrların daha da kütləviləşməsinə səbəb olur. Hətta musiqi məktəbində təhsil alan uşaq belə, öz-özünə düşünür ki, yəqin, müəllimimin dedikləri səhvdir.

- Son zamanlar bəzi mahnılar məhz sözlərinə görə müzakirələrə səbəb olur, ifaçılar tənqid edilir. Mahnının ictimai rəyə təsirində sözlər hansı rolu oynayır?

- Məxfirə Hüseynova: Bu, çox ciddi məsələdir. Elə mahnılar var ki, fəlsəfəsi, funksiyası ilə sözləri uyğun deyil. Məsələn, "Ad günü" mahnısı buna misaldır. Mahnının adı "Ad günü" olsa da, sözləri sevgilisindən ayrılmış birinin doğum gününü yalnız keçirməsindən bəhs edir. Bu mahnı 5-6 yaşlı uşağın doğum günündə ifa edilir. Görünür, reklamdan, təbliğatdan çox şey asılıdır. Ümumiyyətlə, mahnının adı "qapı"dır. "Qapı"nın o tərəfində olanlar isə adətən dinləyicələri maraqlandırmır. Onlara lazım olan elə "qapı"dır.

- Bu mənfi tendensiyaları necə dəyişmək olar?

- Məhərrəməli Əlişanov: Bəstəkarlar, nəzəriyyəçilər təbliğat aparmalıdırlar. Bayağılığa qarşı müqavimət olmalıdır. Bu gün tanınan ifaçıların bir çoxunun reklamı güclüdür. Əgər reklam olmasa, onlar tanınmaz. Deməli, rəqabət aparılmalıdır. Əsl sənətçilər üçün də reklam ayırılmalı, onlara da meydan verilməlidir.

- İkiniz də musiqi təhsili almısınız. Əminəm ki, tələbə yoldaşlarınızdan cəmi bir neçəsi bu pilləyədək gəlib çata biliblər. Bu uğurunuzu nə ilə əlaqələndirirsiniz?

- Məxfirə Hüseynova: Bütün ixtisaslarda olduğu kimi, bizdə də təsadüfən bura düşənlər var idi. Yəni tələbə yoldaşlarımızın heç də hamısı musiqini sevmirdi. Onlara sadəcə diplom lazım idi. Bəzi tələbə yoldaşlarım isə hazırda müəllim kimi çalışır.

- Məhərrəməli Əlişanov: Valideynlərin münasibətindən də çox şey asılıdır. Elə gənc var ki, həqiqətən, musiqiyə həvəsi var. İstedada da malikdirlər. Amma ata-anaları onlara mane olur, övladlarının müəllim, həkim, prokuror... olmalarını istəyirlər. Bəzən də maddiyyat məsələsi əsas kimi göstərilir. Lakin bu, bəhanədir. Həqiqi sevgi olan yerdə hər şey, o cümlədən də, maddiyyat ikinci planda dayanır.

- Siz həm də orta məktəbdə musiqi müəllimisiniz. Bu gün məktəblərdə musiqi fənninə münasibət necədir?

- Məhərrəməli Əlişanov: Təəssüf ki, arzuolunan səviyyədə deyil. Musiqiyə, rəsmə, idmana ikinci dərəcəli fənn kimi yanaşılır. Halbuki hər bir ölkə dünyada məhz mədəniyyəti, o cümlədən, musiqisi ilə tanınır. Bundan başqa, bəziləri yanlış olaraq düşünür ki, musiqi dərsi ancaq mahnı oxumaqdan ibarətdir. Əsla belə deyil. Şagirdlərə həm də müxtəlif mahnıların tarixi, bəstəkarların həyatı barədə məlumat vermək lazımdır. Ümumiyyətlə, professional musiqi ədəbiyyat üzərində qurulub. Nizamini, Nəsimini, Füzulini tanmayan nə yaxşı ifaçı olar, nə də musuqi müəllimi.

- Musiqi müəllimi olmağın çətinliyi nədən ibarətdir?

- Məhərrəməli Əlişanov: Mütləq ruha inteqrasiya etmək lazımdır. Ancaq bu yolla şagirdin qəlbinə yol tapmaq olar. Təsadüfi olaraq demirlər ki, musiqi ruhu qidasıdır. Əgər riyaziyyat müəllimi nəyisə yazaraq izah edirsə, biz bunu ruha toxunaraq edirik.

- Gələcək planlarınız nələrdir?

- Məxfirə Hüseynova: Planlarımız, ideyalarımız çoxdur. Yəqin ki, zamanla açıqlayacağıq. Xüsusilə uşaqlarla bağlı layihələr üzərində düşünürük. Və bayaq da dediyimiz kimi, böyük Üzeyir Hacıbəyov və  digər klassik sənətkarlarımızın irsini qorumağa çalışırıq.

Kənan NOVRUZOV

 





15.09.2022    çap et  çap et