525.Az

Ermənistanın terrorçu xisləti: mülki əhali hədəfə alınır


 

Ermənistanın terrorçu xisləti: mülki əhali hədəfə alınır<b style="color:red"></b>

Ermənistan tərəfi bir neçə gün əvvəl Azərbaycanla dövlət sərhədində başlatdığı genişmiqyaslı təxribatda mülki insanları da hədəf alıb.  Bu ölkənin silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Həkim Ruslan Əzizov mətbuata açıqlamasında deyib ki, Asim Musayev sol bud nahiyəsindən odlu silah yaralanması diaqnozu ilə xəstəxanaya gətirilib. İlkin dəyərləndirmə zamanı onun aşağı ətrafında ciddi qan dövranı pozğunluğu, sinir toxumasının zədələnməsi aşkar olunub. Xəstəyə ilkin tibbi yardım göstərilib və dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini, dinc insanları hədəf alması  onlara qarşı terror, soyqırımı  həyata keçirməsi birinci dəfə deyil. Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri heç bir günahı olmayan, silahsız mülki insanlara qarşı amansız terror həyata keçirib, onlara işgəncələr verib.

Elə Xocalı soyqırımı, 44 günlük müharibədə döyüş meydanından kənarda yerləşən şəhərlərimizin - Gəncənin, Bərdənin, Mingəçevirin  və s. raket atəşinə tutulması dediklərimizə sübutdur. Bu qətliamlar bütün dünyanın gözü qarşısında baş verdi. Hansı ki, beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Təəssüf ki,  Ermənistanın beynəlxalq hüquqa, konvensiyalara bu cür saymazyana münasibətinə  beynəlxalq təşkilatlar göz yumur.

44 günlük müharibədə Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən dinc şəhərlərimizi hədəfə alması nəticəsində 100 nəfərə yaxın dinc sakin həlak olub, 400 nəfər isə yaralanıb.  Həlak olan  dinc sakinlər arasında körpələr, uşaqlar, qadınlar, ahıl şəxslər olub.

Ermənistanın mülki əhalini atəşə tutması onun terrorçu və antiinsani mahiyyətini göstərir. Ermənistanın terrorçu mahiyyəti yalnız Azərbaycan üçün deyil, bölgə üçün təhlükə yaradır. Müharibədən sonra Azərbaycanın sülh müqaviləsinin imzalanması,  sülhyaratma prosesinin intensivləşdirilməsi, kommunikasiyaların blokdan çıxarılması, sərhədlərin delimitasiyası və s. bağlı təkliflərinə  İrəvanın sərgilədiyi yanaşma, prosesin uzadılması cəhdləri bu ölkənin sülh istəmədiyini, qisasçılıq, revanşizmi davam etdirdiyini açıq şəkildə göstərdi. Uğurlu qiymətləndirilən Brüssel görüşündən sonra Ermənistanın təxribatları onun yalnız sözdə sülh dediyini, əməldə terror, təxribat xislətini davam etdirdiyini sübuta yetirir. İrəvan təxribatları davam etdirəcəksə, daha ağır cavab alacaq. İndi əlbəttə ki, normallaşma prosesində vasitəçi olan tərəflər həqiqətən də  vəziyyətin gərginləşməsini istəmirlərsə, duruma ədalətli qiymət verib, İrəvana sülh üçün təzyiq göstərməlidirlər. Əks halda Cənubi Qafqaz öz sabitliyinə qovuşa bilməyəcək.

 

 





15.09.2022    çap et  çap et