Mədəniyyətin digər sahələri ilə yanaşı, fotoqrafiyanın da inkişafını qarşıya məqsəd qoymuş Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi gənc fotoqraflara daim öz dəstəyini nümayiş etdirmək və onların potensialını üzə çıxartmaq üçün davamlı layihələr həyata keçirir.
İdarədən 525.az-a verilən məlumata görə, bu sahədə növbəti layihə öz milli koloritinə və təkrarolunmaz gözəlliyinə görə dünyanın tanınmış şəhərləri içərisində layiqli yer tutmuş Bakının qədim və zəngin tarixinin qeyri-adi rakursdan təqdim edilməsi, həmçinin mədəni irsinin qorunması və təbliğ olunması məqsədilə keçirilmiş "Bakı: qeyri-adi foto" adlı fotomüsabiqədir.
Müsabiqə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə cari ilin mart-may aylarında keçirilib. Müsabiqənin məqsədi fotoqrafiya vasitəsilə doğma şəhərimizin müasirliyi ilə tarixilik baxımından yeniləndiyinin göstərilməsi, fotoqrafiya sənətinin incəsənətin yaradıcı növü kimi təbliğ olunması, eyni zamanda, yeni istedadların cəmiyyətə təqdim edilməsidir.
Müsabiqənin qaliblərini beş nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib. Müsabiqədə, ümumilikdə, 41 nəfər iştirakçının fotolarına baxılıb. Münsiflər heyəti bütün texniki şərtlərə, lazımi parametrlərə və mövzuya uyğun olan 20 nəfər iştirakçının 50 fotosunu seçib. Bunların içərisindən 3 nəfər qalibə fəxri fərman və pul mükafatları, 5 nəfərə isə həvəsləndirici mükafatlar veriləcək.
Müsabiqənin yekun nəticələri iyunun 13-də Müasir İncəsənət Mərkəzində keçiriləcək təqdimat mərasimində açıqlanacaq.
Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət kataloq hazırlanacaq və ilin sonunadək Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrdə qaliblərin işlərindən ibarət səyyar fotosərgilər təşkil ediləcək.
S.ABDULLAYEVA
çap et