Səməd Vurğunun ev-muzeyində bir qrup alim və ədəbiyyat xadiminə 2014-cü il üçün "Səməd Vurğun mükafatı"nın təqdim olunmasına həsr edilmiş mərasim keçirilib. Əvvəlcə tədbir iştirakçıları muzeyin ekspozisiyası, Vurğun ailəsinin görkəmli üzvləri Xavər və Aybəniz Vəkilovaların, Yusif Səmədoğlunun burada yaradılmış guşələri ilə tanış olublar. Tədbir böyük şairin iş otağında davam etdirilib.
Səməd Vurğunun ev-muzeyinin direktoru, şairin nəvəsi Aygün Vəkilova dövlətimizin başçısının müvafiq sərəncamı ilə muzeyin əsaslı təmir edildiyini söyləmiş, dahi şairin xatirəsinə göstərdiyi hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Muzeyin şöbə müdiri, filologiya elmləri doktoru, vurğunşünas alim Aslan Qurbansoy vurğulayıb ki, Səməd Vurğun mükafatının təsis edilməsinin məqsədi ədəbi irsimizin öyrənilməsi, ədəbiyyat tariximizin araşdırılması və böyük şairin poeziyasının incəliklərinin üzə çıxarılmasıdır.
Sonra filologiya elmləri doktorları İsmayıl Məmmədov, Fəridə Ləman, Salatın Əhmədli, muzeyin baş mühafizəçisi Xanım Şadlinskaya və Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurova 2014-cü il üçün Səməd Vurğun Mükafatı təqdim olunub.
Mükafat alan qələm sahibləri Səməd Vurğun yaradıcılığına ümumxalq məhəbbətindən söhbət açıb, şairin adını daşıyan bu şərəfli mükafata layiq görülmələrindən qürur duyduqlarını bildiriblər.
S.ABDULLAYEVA
çap et