Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin yekun konserti olub.
Konsertdən əvvəl mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, müsabiqənin münsiflər heyətinin sədri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ramiz Quliyev tədbirin əhəmiyyətindən danışıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün sahələrlə yanaşı, mədəniyyətimizin və incəsənətimizin inkişafına da daim böyük diqqət və qayğı göstərib. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin, incəsənətimizin inkişafı və dünyada təbliği istiqamətlərində irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük zəhməti sayəsində muğam, aşıq və tar ifaçılıq sənətlərimiz UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib: " Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə cari ilin aprel-may aylarında keçirilmiş müsabiqənin əsas məqsədi Azərbaycanda musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi olub. Müsabiqə 2 turdan ibarət olmaqla tar, kamança, qanun, qarmon, saz, balaban ixtisaslarında təhsil alan uşaqlar və gənclər arasında 3 yaş qrupu (birinci qrup 10-12 yaş, ikinci qrup 13-15 yaş, üçüncü qrup 16-18 yaş) üzrə keçirilib. Bu musiqi yarışmasında iştirak etmək üçün 600-dən çox şagird sənəd verib".
Müsabiqənin birinci turu aprelin 14-dən mayın 6-dək zonalar üzrə olmaqla Mingəçevir, Goranboy, Şəki, Xaçmaz, Ağcabədi, Şirvan, Ceyranbatan və Bakıda keçirilib.
Müsabiqədə Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin, Azərbaycan Milli Konservatoriyasının, onun tərkibindəki Respublika İncəsənət Gimnaziyasının, eləcə də musiqi kollecinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin, musiqi kolleclərinin, Qafqaz Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan şagird və tələbələri iştirak ediblər.
İfaçılar müsabiqənin əsasnaməsinə uyğun olaraq, birinci turda etüd, Azərbaycan və dünya bəstəkarlarının pyeslərini, həmçinin saz və aşıq havalarını, ikinci turda isə irihəcmli əsər, muğam, ənənəvi saz və aşıq havalarını ifa ediblər. Müsabiqə çərçivəsində müvafiq ixtisaslar üzrə ustad dərsləri də keçirilib.
Münsiflər heyətinin tərkibində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar artist Elşad Cabbarov, dosenti Mübariz Əliyev, baş müəllimi Məlahət Əliyeva təmsil olunublar. Birinci turda müvəffəqiyyətlə iştirak etmiş 150 şagird və tələbə ikinci tura buraxılıb. Müsabiqənin ikinci turu matın 14-dən 16-dək Bakı şəhərindəki Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbində keçirilib.
Mərasimdə müsabiqənin ikinci turunda uğur qazanmış şagirdlərə və tələbələrə Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif mükafatları təqdim edilib. Tədbir qaliblərin ifasında konsertlə davam edib.
S.ABDULLAYEVA
çap et