525.Az

“Polis, ordu silahını atıb qaçır”


 

İraq Türkmən Cəbhəsinin üzvü, millət vəkili Aydın Marufla müsahibəni təqdim edirik

“Polis, ordu silahını atıb qaçır”<b style="color:red"></b> - Aydın bəy, hazırda bölgədə vəziyyət necədir?
 
- Hazırda İraqın şimalında, sünnilərin və türkmənlərin yaşadığı bölgələrdə vəziyyət gərgin olaraq qalmaqdadır. Bölgədə yaşayan türkmənlər yaranmış vəziyyətdən dolayı çox narahatdırlar. Türkmənlərin özlərini qorumaq üçün heç bir gücü, silahlı qrupları belə yoxdur. Belə olan təqdirdə isə narahatlıq təbiidir. Narahatlıq ancaq Mosulla bağlı deyil. Kərkük ətrafında da, cənub bölgələrində də vəziyyətə yaxşı demək olmaz. Bir sözlə, vəziyyət çox qarışıqdır.
 
- İŞİD terror təşkilatının İraq üçün bu səviyyədə təhlükə yaradacağı gözlənilirdimi? Ordu, polis İŞİD-in qarşısında niyə geri çəkilir?
 
- İŞİD terror təşkilatının təhlükəsi hər zaman var idi. Bildiyiniz kimi, bu təşkilat 2003-cü ildən sonra yaradılıb və sünni hərəkat kimi tanınır. Bir müddət Suriyada fəaliyyət göstərib. İndi isə əsasən sünni bölgələrində aktivdirlər. Təsəvvür edin, hər hansı bir silahlı qrup 2 milyonluq şəhərə daxil olur. Ölkənin polisi, ordusu ya bölgəni tərk edir, silahlarını atıb qaçır və yaxud da bunlara təslim olur. Məsələnin ən faciəvi tərəfi budur. Əsas təhlükə burdan qaynaqlanır. Biz bunu başa düşməkdə çətinlik çəkirik. Polis, ordu dövlətin varlığını, bayrağının qorumalıdır. Ancaq bu gün bu ordu, bu polis ölkəni qoruya bilmir. Artıq sizin də bildiyiniz kimi, Mosul İŞİD-in nəzarətindədir. Tikrit də eyni şəkildə. Türkiyənin Baş konsulluğuna da hücum ediblər. Bu təşkilatın konkret məqsədi təzyiq etməkdir. Bölgədə hökmranlıq etmək istəyirlər. Tal Afar bölgəsindən ötrü çox narahatıq. Orda da vəziyyətin necə olacağı bilinmir.
 
- Bəs Ərbildə vəziyyət necədir, Ərbilə hər hansı bir hücum gözlənilirmi?
 
- Ərbildə vəziyyət normaldır. Səssizlik hökm sürür. Tikritdə, Kərkükdə hərəkətlənmə var. Bu bölgələrdə də türkmənlər yaşayır. Türkmənlər özlərini müdafiə edə bilmədiyi üçün onlara qarşı asanlıqla silahlı hücumlar təşkil olunur. Türkmənlərə əziyyət verirlər. Bu gün Mosuldan, Kərkükdən minlərlə türkmən Ərbilə və digər bölgələrə axın edir. Hamısı bu siyasətin, daha doğrusu siyasətsizliyin nəticəsində baş verir. Türkmənlərə sahib çıxan bir qüvvə yoxdur. Silahlı gücümüz yoxdur. Biz bundan narahatıq. Ərbildə hazırda səssizlik hakimdir. Mosulla Ərbil arasında məsafə təxminən 80 kilometrə yaxındır. Bu səbəbdən də Ərbilə hər hansı hücumun olması normal qarşılanmalıdır. Bu məsələni də xüsusi qeyd etmək istəyirəm ki, Mosuldakı əhali İŞİD-in qorxusundan yox, məhz İraq ordusunun terrorçulara qarşı bir tədbir görmədiyi üçün evlərini tərk edib qaçır.
 
- Mosul valisi hələ də Ərbildədir? Valiylə görüşmüsünüzmü?
 
- Mosul valisi Ərbildədir, lakin mən onunla görüşməmişəm. Hazırda biz bölgə millət vəkilləri olaraq Mosul ətrafına gedirik. Mosul İl Məclisində olacağıq. Həmin əraziyə isə kürd peşmərgələri nəzarət edir.
 
- İŞİD-dən kiminləsə görüşmək planınız varm?
 
- İŞİD-lə görüşməyəcəyik. Mosul İl Məclisində görüş keçirəcəyik. Bölgədəki İraq əsgərləriylə, kürd peşmərgələriylə görüşüb, onlara mənəvi dəstəyimizi çatdıracağıq.
 
- Girov saxlanılan Türkiyə Baş konsulluğu əməkdaşlarının vəziyyəti necədir?
 
- Dünən gecədən vəziyyətlərinin yaxşı olduğu deyilir. Ancaq bundan sonra nə olacağı barədə heç kim dəqiq bir söz demir.
 
- İraq parlamentinin sabah toplanıb fövqəladə vəziyyət elan etməsi gözlənilir. Fövqəladə vəziyyət olunacaqmı?
 
- Bəli, İraq parlamenti sabah toplanacaq. Baş nazir Nuri əl-Maliki iqtidarı fövqəladə vəziyyət elan etmək istəyir. Ancaq parlament buna dəstək verə bilməz. Əgər belə bir qərar qəbul edilsə, bu Malikini diktatorluğa sürükləyəcək. 

Lent.az
 





12.06.2014    çap et  çap et