Aqrar sektorda davamlı inkişafının əsas amillərindən biri torpağın qida tərkibinin yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına xidmət edən gübrə və digər bioloji-kimyəvi maddələrin düzgün və vaxtında istifadəsi məsələsidir. Bu baxımdan, son dövrlərdə təsərrüfatların istehsala müsbət təsir edə biləcək bütün zəruri preparatlarla təchizatına xüsusi fikir verilir.
Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə payızlıq əkin üçün fermerlərin güzəştli şərtlərlə gübrələr ilə təmin olunması prosesinə başlanılması də bu məqsədə xidmət edir. Aqroservis ASC-nin Göygöl-Daşkəsən bölməsinin anbarlarında müşahidə edilən fəallıq da bölgələrdə bu işin geniş miqyas aldığından xəbər verir.
Sözügedən qurumun yerli bölməsindən bildirilib ki, təsərrüfatların ehtiyacını ödəmək məqsədilə, Göygöl rayonundakı bu anbarlara payızlıq əkinə görə bu günədək 80 tona yaxın payızlıq gübrə gətirilib və bu proses davam edəcək.
Hazırda istehsalçıların tələbatına daha çox yarayan payızlıq ammofos gübrəsi sahələrə şumaltı üsulla verilir. Bu, torpağın qidalandırılması məqsədləri ilə yanaşı, ziyanvericilərlə mübarizədə də mühüm rol oynayır. Fermerlər sadəcə, məntəqələrə gəlməklə, həm kartla, həm də nağd ödəmə ilə güzəştli şərtlərlə məhdudiyyətsiz miqdarda gübrə əldə edə bilirlər. Həmçinin, uzaq kəndlərdə yaşayan təsərrüfatçılar üçün gübrələrin səyyar satışı da təşkil olunur.
İstər yaz əkini zamanı, istər də indiki payız mövsümündə fermerlərə gübrələrin qiymətində 70 faizədək güzəşt edilir ki, bu da istehsalın stimullaşdırılması üçün böyük amildir. Göygöl rayonu üzrə artıq ümumən 4 min hektaradək sahədə payızlıq şum işləri həyata keçirilib.
Zakir Muradov, Gəncə-Göygöl
çap et