525.Az

Sülh istəməyən Ermənistan “nicat” axtarışında


 

PAŞİNYAN KTMT-yə MÜRACİƏTLƏ ÖZÜNÜ BİR DAHA GÜLÜNC VƏZİYYƏTİNƏ QOYDU

Sülh istəməyən  Ermənistan “nicat” axtarışında<b style="color:red"></b>

Sentyabrın 12-də gecə saatlarından başlayaraq  Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədimizin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi İrəvanın sülhə hazır olmadığını bir daha nümayiş etdirdi. Ermənistan torpaqlarımızı işğalda saxladığı 30 ilə yaxın müddət ərzində sülh danışıqları ilə bağlı imitasiyanı bu gün də davam etdirməyə çalışır. Təcavüzkar ölkənin rəhbərliyi özünü sülhyaratma prosesində maraqlı tərəf kimi göstərir, amma müəyyən razılaşmaların əldə edilməsi ilə başa çatan görüşlərdən sonra onları yerinə yetirməmək üçün təxribata əl atır. Məsələn, elə avqustun 31-də baş tutmuş sonuncu Brüssel görüşündən sonra İrəvan eyni cür hərəkət etdi. Brüssel formatında sayca dördüncü olan danışıqlar müsbət aurada keçdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqlanan bəyanatında tərəflərin bir sıra məsələlərdə, ən əsası isə sülh müqaviləsi mətninin hazırlanmasında razılığa gəldikləri məlum oldu. Sülh müqaviləsi ilə bağlı bir ay ərzində hər iki ölkənin xarici işlər nazirlərinin görüşü də razılaşdırılmışdı. Azərbaycanın görüşdən dərhal sonra saxlanılan  beş erməni  hərbçini  azad etməsi onun humanist mövqeyini, sülhə  sadiqliyini yenidən təsdiqlədi. Ermənistanın genişmiqyaslı təxribata niyə əl atması indi hər kəsdə sual yaradır. Bununla bağlı müxtəlif versiyalar, qənaətlər paylaşılır. Əsas fikir isə ona fokuslanıb ki, İrəvan sülh istəmir, buna görə də öz destruktiv, terrorçu fəaliyyətini davam etdirir.

Son bir ayda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, Brüssel görüşündən sonra sərhəddə təxribatların daha da genişlənməsi İrəvanın revanşa, hərbi əməliyyatlara hazırlaşdığını söyləməyə əsas verirdi. Baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında "Hamı bilirdi ki, müharibə olacaq" fikri ilə bunu bir daha təsdiqlədi.

Azərbaycan Ordusu qarşı tərəfin təxribatının qarşısını qətiyyətlə aldı, 7 saat davam edən əməliyyatla düşmənə sarsıdıcı zərbə vurdu. Nəticədə Ermənistan ciddi itkilərə məruz qaldı. Təəssüf ki, Azərbaycan Ordusu da itki verdi. İstənilən döyüşdən itkisiz çıxmaq mümkün deyil. Sülhdən imtina edən təcavüzkarın ölkəmizə ərazi iddialarının qarşısını başqa yolla almaq mümkün deyil.

Yeddi saatlıq döyüşdə ilk növbədə Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edilib. Azərbaycan ərazilərinin təhlükəsizliyinə təhdid yaradan bu obyektləri bərpa etmək üçün Ermənistana külli-miqdarda vəsait və ən azı 4-5 il zaman lazımdır.

Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. İrəvan-Qafan yolu Ordumuzun nəzarəti altındadır. Ermənistan Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcək.

Ermənistanın xeyli sayda hərbi texnikası, iki "S-300" kompleksinin atıcı qurğusu, radiolokasiya stansiyası, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu hərbi obyekti və onlarla döyüş məntəqəsi məhv edilib. Ermənistanda yüzlərlə yaralı var. İstənilən halda Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan bir neçə dəfə çoxdur.

Milli Məclisin deputatı Cavanşir Feyziyev hesab edir ki, 44 günlük müharibənin başa çatmasından keçən təxminən 2 il ərzində vaxtaşırı Azərbaycanla həmsərhəd ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən silahlı təxribatlar törədilir. Adətən, bu hadisələri Ermənistandakı revanşist qüvvələrin sərhəddə sabitliyi pozmaq və bununla da iki ölkə arasında sülhün bərpasına mane olmaq üçün səmərəsiz cəhdlər kimi dəyərləndiririk: "Lakin sentyabrın 12-dən 13-nə keçən gecə baş verən hadisələr göstərir ki, bu, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən planlaşdırılan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin himayəsi altında həyata keçirilən sülh prosesini, eləcə də 44 günlük müharibənin sonunda qəbul olunmuş 3 tərəfli bəyanata imza atmış Rusiyanın vasitəçilik səylərini pozmağa yönəlmiş məkrli bir təxribat addımıdır. Belə geniş miqyaslı bir təxribat əməlinin Rusiyanın Ukrayna cəbhəsində əvvəllər ələ keçirdiyi mövqelərini itirdiyi günlərdə baş verməsi də gözdən qaçırılmamalıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya və Avropa İttifaqının iştirakı ilə əvvəllər qəbul edilmiş bütün üçtərəfli bəyanatlar çərçivəsində Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmalar Ermənistanı o qədər də qane etmir. Buna görə də Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç olmasa bir hissəsini yerinə yetirməkdən imtina etməyin yollarını axtarır. Elə bu məqsədlə də vaxtaşırı sərhədyanı ərazilərdə, bəzən hətta ölkəmizin daxilində, ermənilərin yığcam məskunlaşdığı Qarabağ ərazisində 10  noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə zidd olaraq hələ də separatçı rejimin xidmətində qalan Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilir və gərginlik yaradılır".

Deputata görə, digər bir səbəb hazırda aparılan sülhyaratma proseslərində ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirak etməməsi ilə bağlıdır: "Əvvəllər bu münaqişənin həlli üzərində monopoliya hüququnu uzun müddət öz əlində saxlamış və əslində münaqişənin həllinə yox, dondurulmasına çalışmış Minsk qrupunun iki həmsədri müharibədən sonra regionda yaranmış yeni reallıqlar fonunda hazırkı proseslərdən kənarda qalıb və bölgədə baş verən hadisələrə fəal təsir göstərmək imkanlarını itirib. 30 il ərzində Minsk qrupunun həmsədrləri olmuş ABŞ və Fransa mövcud vəziyyətlə barışmaq istəmir və hər hansı bir şəkildə bölgədə sülh yaradılması prosesində iştirak etmək və sonda əldə oluna biləcək uğurlu nəticəni öz aktivlərinə yazmağa çalışırlar. Ermənistan hakimiyyəti də bu işdə onlara yardımçı olmaq məqsədilə bölgədə vaxtaşırı təxribatlar törədir, guya münaqişənin tam başa çatmadığı və Minsk qrupunun bu proseslərdə iştirakına ehtiyac olduğunu nümayiş etdirmək istəyir. Bununla da Ermənistan həmişə olduğu kimi, bölgədən kənar güc mərkəzlərinin bölgəyə müdaxiləsi üçün əlverişli şərait yaradır və belə bir müdaxiləni təmin etmək üçün alət rolunu oynayır".

 

 





16.09.2022    çap et  çap et