525.Az

Media və müharibənin siması - Şəfəq Mehralıyeva


 

Media və müharibənin siması - <b style="color:red"> Şəfəq Mehralıyeva</b>

İzlədiyimiz görüntülər gündəlik həyatımıza necə təsir edir?

Bu mövzu həmişə media sahəsinin qaynar mübahisələrinə səbəb olsa da, müharibə günlərində bütün cəmiyyət üçün həyati vacib əhəmiyyət kəsb edir.

Görüntü və ictimai reaksiya arasında əlaqəni hələ yunan filosofları müzakirə edirdilər. Platon eramızdan əvvəl "Respublika" əsərində yazırdı ki, incəsənət (nəzərə alaraq ki, o günlərin mediası ictimai tamaşalar idi) maarifləndirici və ilhamlandırıcı məqsəd daşımalıdır. Məsələn, şeytanı tərifləyən səhnələrdə sadə xalq ikinci mənanı görməyə və bunu həqiqət kimi qəbul edə bilər. Platonun tələbəsi Ərəstun (Aristotel) isə, hesab edirdi ki, tamaşalar insan həyatını olduğu kimi göstərməlidir və bir az da əyləncə qatmalıdır. Müharibə işıqlandırılmasına gəldikdə isə media və söz azadlığının aparıcı qüvvə olduğu ABŞ-da daim mühafizəkar yanaşma sərgilənirdi. Xüsusilə, görüntülər nəzarətdə saxlanılırdı. Pentaqon bunu özü etməklə yanaşı, digər rəsmi kanallar vasitəsi ilə də mediaya təzyiq göstərib müəyyən işıqlandırma siyasəti tətbiq etməyə çalışırdı. Ən həssas məsələlər həlak olan hərbçilərlə bağlı görüntülər, İraq və Əfqanıstandan qayıdan veteranlar arasında narkotikə qurşanma və özünəqəsd hadisələrinin işıqlandırılması idi. Burada amerikan mediası Konstitusiyanın söz azadlığı maddəsinin verdiyi hüquq və ictimaiyyətə nəyin çatdırılması-göstərilməsinin münasib olduğu arasında etik seçim etməli idi. Və maraqlıdır ki, bu vəziyyət hər iki siyasi düşərgə hakimiyyətə gələndə yaranırdı. Məsələn, Barak Obama 2009-cu ildə hakimiyyətə gələndən sonra öz siyasi sələfi Corc Buşun müharibədən gətirilən amerikan əsgərlərinin cənazə kadrlarının yayımına qoyduğu qadağanı aradan götürdü. Lakin sonra özü Amerika hərbçilərinin məhbuslara qarşı qanunsuz hərəkətlərini əks edən məlumatın yayılmasının qarşısını aldı, çünki dünyada antiamerikan fikrinin formalaşmasından ehtiyatlandı. Eyni şəkildə, Osama bin Ladeni aradan götürən donanma qüvvələrinin onun cəsədini və dənizdə hara atıldığını göstərən görüntünün yayılmasına icazə vermədi, çünki Amerikaya qarşı yeni terror dalğasından çəkinirdi.

Amerika siyasi hakimiyyəti hər zaman müharibə günlərində əməkdaşlıq göstərmədiyinə görə media ilə çətin bir dönəmə girir.

Lakin bu məsələlərə diqqət çəkən təkcə hakimiyyət deyil, ictimaiyyətin özüdür. Məsələn, ABC kanalının məşhur aparıcısı Ted Koppel axşam xəbərlərində İraqda həlak olan hərbçilərin adlarını bir-bir oxumağa qərar verəndə, yerli telekanalların sahibi "Sinclair Broadcasting Group" bu proqramı yayımlamayacağını bəyan etmişdi. Onlar ABC-nin "Amerikanın müharibədə səylərinə zərbə vuracaq" addımını dəstəkləməyəcəklərini deyir və bildirirdilər ki, müharibə haqda media işıqlandırılması təkcə onun qurbanlarını deyil, digər tərəflərini də nəzərə almalıdır. Çünki müharibə milli təhlükəsizlik məsələsidir və kompleks şəklində nəzərdən keçirilməlidir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son təxribatının nəticəsində həlak olan şəhidlərimizlə bağlı ənənəvi və sosial media işıqlandırılmasını izləyərkən, bu qənaətə gəlirəm ki, müharibə günlərində bizim də işıqlandırma ilə bağlı konkret siyasətə ehtiyacımız var. Müharibə kollektiv kimliyimizin qoşulduğu prosesidir. Xüsusilə, nəzərə alaraq ki, indiki halda bu müharibəni nə hakimiyyət, nə müxalifət, nə də ayrı-ayrı ictimai qruplar başlayıb və yaxud ona görə günahkardır. Otuz illik səbrdən sonra Azərbaycan işğalçını sülhə məcbur edərək ərazisindən qovur. Ölkənin suverenliyinin və təhlükəsizliyinin bərqərar olması hər bir azərbaycanlı vətəndaşın birbaşa marağıdır. Ona görə də, müharibə günlərində ənənəvi medianın ümumi siyasi xətdə riayət etməsi, sosial mediada isə ictimaiyyətin səbr nümayiş etdirməsi çox vacibdir.

Xatırlayıram ki, ADA-da dərslərimizin birində etik məsələləri müzakirə edərkən - bu, yenə qızğın döyüşlər gedən vaxta təsadüf edirdi - tələbələrdən biri soruşdu:

- Siz bizə medianın həqiqət carçısı və ədalət vəkili olduğunu aşılayırsınız. Amma mən dünən qonşumun şəhid olmuş oğlunun dəfn mərasimində onun anasına yaxınlaşan kameranın deyilən sözləri verməyəcəyini eşitdim.

- Nə demişdir ki?

- Şəhidin anası deyirdi ki, gözünüzə girsin bu Vətən, bu torpaq, mənim oğlumu qaytarın. Jurnalist də dedi ki, bunu çəkməyin, verməyəcəyik.

- Səncə, şəhidin anası həmin anda başqa bir şey deyə bilərdimi?

- Yox. Elə itkidən sonra yox.

- Bəs səncə, o, gələcəkdə bunu başqa cür qiymətləndirə bilərmi?

- Yəqin ki. Axı onun oğlu qəhrəman oldu.

- Təsəvvür elə ki, ən yaralı, emosional anında səndən xəbər düzəltmək üçün istifadə edirlər. Və sonra, bu, dayanmadan yayılır. İnternetin, tarixin bir parçasına çevrilir. Sən sonra - soyuqqanlı vaxtında özünü necə hiss edərsən?

- Sui istifadə olunmuş.

- Bundan başqa, biz, media barədə danışarkən deyirik ki, jurnalistlər ictimai marağı qorumalıdır. Səncə, həmin anda sən ictimai marağı nə ilə qoruya bilərsən - davam edən müharibədə bir ananın qanlı yarasını qaşımaqla, yoxsa ictimaiyyəti ruhlandırmaqla? Nədir ictimai maraq?

- Müharibənin bitməsi.

Zənnimcə, tələbəmin gəldiyi sonuncu qənaət tam doğru idi. Ölkədə müharibə günlərində media işıqlandırılması müharibənin bitməsinə yönəlməlidir. Biz buna nə sosial mediada yaratdığımız isterika, nə göz yaşlarında boğulan şəhidlərin ailə üzvlərinin ağzına dirədiyimiz mikrofonlar və onların hisslərinə tamamilə etinasızcasına yanaşıb başlıq düzəltmək səylərimizlə, nə də hərbi məqsədləri təhlükəyə ataraq operativlik adı altında yarımçıq işlərimizlə nail oluruq.

Şəhidlər ürəyimizi dağlayır. Bunu biri-birinizə individual yazın, bir yerə toplaşın, birlikdə ağlayın, birlikdə göynəyin. Amma bunu sosial media meqafonundan istifadə edib şişirtməyin.

Müharibədir! İtkilərimiz var və olacaq! Sülh müqaviləsini məcbur imzalatdıqdan sonra da belə qurbanlarımız davam edəcək. Çünki ərazilərimizdə yüz minlərlə mina var. Və gəlin unutmayaq: biz, yalançı və etibarsız xalqla qonşuyuq - hər şey gözləmək olar.

Biz, nəyin bahasında olur olsun, qələbəyə birlikdə getməliyik. Burada medianın bizə göstərdiyi isə bizi kökləyən ən birinci vasitədir.

Material müəllifin Feysbuk səhifəsindən götürülüb.

 

 





16.09.2022    çap et  çap et