525.Az

Müharibə təhrikçiləri - Orxan Aras yazır


 

Müharibə təhrikçiləri -<b style="color:red"> Orxan Aras yazır</b>

Hələ heç iyirmi yaşını bitirməyən gənclərin vaxtsız ölümləri, anaların göylərə yüksələn fəryadları, ataların üzündə donmuş ömür... hansımızı dəli etmir ki? Qəlbində bir az mərhəmət olan insan bu mənasız savaşlara necə duyğusuz qala bilər?

Amma bu cür müharibələrdən, ölümlərdən bəhrələnən, hətta müharibəyə səbəb olan zehniyyətlər hələ də işləməkdə və yeni ölümlərə zəmin yaratmaqda davam edir.

Azərbaycan-Ermənistan münaqişəsi xəbəri eşidilən kimi Amerika və Avropa mediası cəbhədəymiş kimi qərəzli xəbərlər yaymağa başladı. Almaniyanın ən çox baxılan xəbər proqramının - "Tagesschau" müxbiri Silvia Stöber "Kölgədə döyüş" adlı xəbər və şərhində ziddiyyətdən ziddiyyətə keçir. Xəbərin əvvəlində Azərbaycanı ittiham edərkən yazır: "Azərbaycan hərbi gücünü sınamaq istəyirdi, lakin beynəlxalq təzyiqlərə görə geri çəkilməli oldu".

Həmin məqalədə müəllif özü ilə ziddiyyət təşkil edərək yazır ki, müharibəni ilk kimin başlatdığı məlum deyil və araşdırılacaq.

Almaniyada da çox oxunan "Die Welt" qəzetində "Pavel Lokşin"in dərc etdiyi xəbərdə bu müharibənin də Putinin müharibəsi olduğu yazıldıqdan sonra erməni tərəfinin cəmi 49 itkisi qeyd olunur. Xəbərlərdə həyatını itirən Azərbaycan əsgərləri ilə bağlı bir sətir belə yer almır.

Avstriyanın ORF xəbər agentliyinin xəbərinin başlığı da müharibənin hara çəkiləcəyini açıq şəkildə ortaya qoyur: "Azərbaycan yaranmış vəziyyətdən yararlanırmı?"

"The Guardian" regiondakı münaqişələrə bir qədər sakit yanaşdığı halda, Fransanın "Le Monde" qəzeti Azərbaycanla Ermənistan arasında münaqişənin Rusiya tərəfindən törədilə biləcəyini vurğulayır. Əksər Avropa qəzetləri həm Qərbi çətin vəziyyətə salmaq, həm də Ukraynadan diqqəti bu bölgəyə çəkmək üçün Putinin bölgədəki münaqişələri qızışdırdığı iddiası ilə bağlı yazılar və şərhlər yazıb.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays isə müharibə xəbəri yayılan kimi hansı tərəfdə olduğunu açıqlamaqdan çəkinməyib. "Azərbaycanın Ermənistan torpaqlarını bombaladığı və Ermənistanın infrastrukturuna xeyli ziyan vurduğuna dair kifayət qədər dəlillər gördük" deyərək, yeni münaqişələri alovlandır.

Bəli, Avropa və Amerikanın qəzet və televiziya kanallarında eyni üslubda qərəzli və təxribat xarakterli xəbərlər yayılmaqda davam edir. Avropa və Amerika mediası və siyasəti əvvəldən hadisələrə ədalətlə yanaşmaq istəmirdi. Biz müharibədən, qandan qidalanan, hər hadisəyə qərəzsizlikdən çox qərəzlə yanaşan bir zehniyyətlə qarşı-qarşıyayıq.

Təbii ki, regionda Rusiya kimi güclərlə birlikdə bu iki ölkə arasındakı münaqişədən başqa dövlətlər də yararlanmaq istəyir. Qərb isə artıq öz tərəfini müəyyən edib.

Təəssüf ki, Qərbdə irqçilik, ayrı-seçkilik və qərəzlilik tam sürətlə davam edir. Aydındır ki, Birinci və İkinci Dünya müharibələrindən heç kim dərs almadı. Ancaq pandemiya və ondan sonra başlayan Ukrayna-Rusiya müharibəsi ilə onsuz da çətin günlər yaşayan dünya yeni müharibələr, xəstəliklər və ekoloji fəlakətlərlə necə mübarizə aparacağını hesablamalıdır. Hər kəs bu oyunu diqqətlə izləməli, müharibə qızışdıranlara və silah tacirlərinə heç vaxt imkan verilməməlidir.

 

 

 





16.09.2022    çap et  çap et