525.Az

"Sırf pula görə bu sahəyə gəlirlərsə, peşman olacaqlar" - Ceyhun Rzayev


 

TELEAPARICI CEYHUN RZAYEV: “İLK MÜSAHİBİM ELZA SEYİDCAHAN OLUB”

"Sırf pula görə bu sahəyə gəlirlərsə, peşman olacaqlar" -<b style="color:red"> Ceyhun Rzayev</b>

Televiziya tamaşaçıları onu daha çox məşhur idman proqramlarının aparıcısı kimi tanıyır. O, eyni zamanda, sosial şəbəkələrdə də xeyli aktivdir. Söhbət ATV kanalında yayımlanan "Futbolumuz" verilişinin aparıcısı Ceyhun Rzayevdən gedir. Onunla görüşüb, şərhçiliyin sirləri, idman mediasının bugünkü durumu, problemləri haqda danışdıq. Bir çox başqa mətləblərə də toxunduq.

***

- Ceyhun bəy, bu sahəni istəyərək seçmisiniz?

- Uşaqlıqdan idmana, ən çox da futbola böyük həvəsim var idi. Sovet dövründə böyümüşəm və o zamanlar Sovet televiziyası nə yayımlasa, zövqlə baxardıq. Hokkey, tennis, gimnastika, basketbol oyunlarını həvəslə izləyərdim. Təbii ki, aralarında ən sevimlisi futbol idi. Bir az şablon səslənsə belə, həmin vaxtlar nə internet, nə müxtəlif televiziya kanalları var idi. Tək əyləncəmiz futbol olub. Yeri gəlmişkən, 7 il 44 saylı, 1 il 35 saylı məktəbdə, sonra isə Türk liseyində oxumuşam. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Beynəlxalq Universitetinin (ABU) jurnalistika fakültəsinə daxil olub və 2003-cü ildə oranı bitirmişəm. Hələ məktəb illərində evə gələndə ilk işimiz əl-üzümüzü yuyub, nahar edib həyətə düşmək idi. Bir də axşam olanda valideynlərimiz evə çağırardılar. Futbolçu olmağı da arzulamışam. Alınmadığına görə jurnalistikanı seçmişəm. Arzum idman jurnalisti olmaq idi və çox şükürlər olsun ki, məqsədimə çatdım.  

Jurnalistikaya gəlişim “Futbol+” qəzetinə təsadüf edir. Tələbə olarkən 6 ay orada işləmişəm. Adətən müsahibələrəgöndərirdilər. Bir az qəribə gələ bilər, ilk müsahibim Elza Seyidcahan olub. Televiziyaya gəlincə, 2005-ci ildən busahədəyəm. Karyeramda üç kanalda işləmişəm. 2 il ANS TV-də çalışmışam. Orada televiziyanın incəliklərini öyrənmişəm. 14 ildən çox Xəzər TV-də fəaliyyət göstərmişəm. Bu ilin yanvarında isə 15 illik dostum, ATV kanalında yayımlanan “Futbolumuz” verilişinin layihə rəhbəri Emin Abbasovdan mənə eyniadlı verilişi aparmaq təklifi gəldi. Yanvardan bu yana “Futbolumuz”dayam. 

- Futbolçu olmamağınıza səbəb nə oldu?

- 13 yaşım vardı. Məhəllədə futbol oynadığım zaman Qurban adlı qonşumuz oyunumu bəyənmişdi. Qurban futbolməktəblərinin birində futbolla məşğul olurdu. Mənə dedi ki, çox texnikalısan, səndən yaxşı futbolçu olar. Gəl, səni aparım bizim məşqçinin yanına. Mən də razılaşdım. Məni məşqçi ilə tanış elədi, istedadlı olduğumu və futbola gəlməyimi söylədi. Müəllim əvvəlcə adımı soruşdu, sonra isə kənarda top çiləməyi tapşırdı. Hər kəs məşq edir, mən isə top çiləyirdim. 10-15 dəqiqə sonra müəllimə yaxınlaşıb başqa nə etməli olduğumu soruşdum. Divarla “paslaşmamı” tapşırdı. Baxdım ki, müəllim mənə fikir vermir. Məşq bitdi, evə dönərkən Qurbana dedim ki, əgər futbol belədirsə, mən bir də futbola gəlməyəcəm. Yəni futbol məşqim bir gündən ibarət olub.

- Aparıcılıq və şərhçilikdə uğurlu olmaq üçün hansı xüsusiyyətlər önəmlidir? 

- Açığı, çox az oyun şərh etdiyimə görə özümü şərhçi saymıram. Yəni püxtələşmiş şərhçi deyiləm. Bəlkə çox oyun şərh etsəydim, yaxşılardın biri ola bilərdim. Məncə, şərhçilik aparıcılıqdan daha çətindir. Çünki şərhçi 90 dəqiqə dayanmadan danışır və milyonların diqqəti onda olur. Şərhçi oyun zamanı cümləni yanlış qura, hansısa ifadəni yersiz işlədə bilər. Bu səbəbdən,məncə, şərhçilik daha çətin sahədir. Şərhçi ilk növbədə Azərbaycan dilində səlist danışmalıdır, şərh etdiyi oyunla bağlı hissiyyatı güclü olmalıdır. Ad çəkməyəcəm, hərdən görürəm ki, oyun başlayarkən bəzi şərhçilər özünü çoxbilmiş göstərmək istəyir və ilk dəqiqələrdə artıq komandaların düzülüş sistemini yanlış deyir. Ən azından tələsmək lazım deyil, bir az gözləmək gərəkdir. Çünki futbol elədir ki, hücuma keçən zaman düzülüş bir cür, müdafiə zamanı isə başqa cür görünür. 2-3 dəqiqə gözlədikdən sonra isə komandanın hansı taktika ilə oynadığını rahat bildirmək olar. Səs tembri və ləhcənin bu sahədə çox böyük önəmi var. Özümü misal göstərərdim. Azərbaycanda yaşlı qadınlar nadir hallarda futbol izləyir. Marketdə və yaxud başqa ictimai yerlərdə həmin qadınlar: “Siz televiziyada işləyirsiniz? Səsinizdən tanıdım”, deyərək reaksiya verirlər. Yəni səs yaddaqalan amildir. Ləhcə isə ümumiyyətlə olmamalıdır. Bəzən gənc yoldaşlar televiziyaya gəlir və deyirlər ki, mənim ləhcə problemim var. Onu necə aradan qaldırım? Onlardan evdə də bu tərzdə danışıb-danışmadıqlarını soruşuram. Cavabları müsbət olduqda, artıq bu problemi aradan qaldıra bilməyəcəklərini deyirəm. Şərhçi olmaq istəyən kəs gündəlik həyatda da ləhcə ilə danışmamalıdır. 

Onu da qeyd edim ki, idman şərhçisi və ya aparıcısı olmaq üçün bu sahə ilə bağlı ali təhsil almaq o qədər də vacib deyil. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu da şərhçi və aparıcı ola bilər,Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbəsi də. Əgər bir şəxsdə istedad, səs tembri, savad varsa, Azərbaycan dilini yaxşı bilirsə, hansı ali məktəbi bitirməyindən asılı olmayaraq, aparıcı və şərhçi işləyə bilər.

- Ölkəmizdə aparıcılıq və şərhçilik digər ölkələrə görə hansı səviyyədədir?

- Maliyyədən çox şey asılıdır. Rusiyanın “Matç TV” kanalını tez-tez izləyirəm və onların çox gözəl studiya qrafikaları var. Məsələn, duet şəkilində veriliş aparılan zaman qadın və kişinin geyimləri belə biri-birinə çox uyğun olur. Deyək ki, qadın çəhrayı paltar geyinibsə, kişi aparıcının geyindiyi ağ rəngli pencəkdə olan aksessuarlarda çəhrayı ton olur və bu, özü bir peşəkarlıqdır. Təbii ki, bu işdə savad amili də çox önəmlidir. Ancaq tək savadla da iş bitmir. Misal gətirim, çox savadlı bir insan Azərbaycan telekanallarına gələcək və görəcək ki, burada böyük məvacib yoxdur. Artıq o, burada çox çalışmayıb, televiziyaya tramplin kimi baxacaq. Bu, tək idmana aid deyil, başqa sahənin jurnalistləri də gəlib bir neçə il televiziyada işlədikdən sonra hansısa dövlət qurumuna, nazirliyə mətbuat katibi və yaxud başqa bir strukturda vəzifəyə gedirlər. Çünki televiziyada maaş olduqca aşağıdır və əsas problem də budur.  

- Futbolda əsasən ispan, ərəb və ingilis şərhçilər emosionallıqları ilə daha çox seçilirlər. Bunun əsas səbəbi nədir?

- Ərəblər və ingilislər qol sevincini bir az çılğınlıqla qeyd edirlər, ancaq siz dediyiniz millətlərin dilini bilmədiyimə görə çox vaxt fraqmentlərə baxmışam. Onların şərhi qulağa yatımlı gəlir. Hər nə qədər dillərini bilməsəm də, italyanların da şərhi insanda futbola maraq doğurur. Bildiyim dillər türk və rus dilləridir ki, bu ölkələrin şərhçilərinin ifasında olan oyunlara daha çox baxıram. 

- Gənclərə və yaxud bu sahədə özünü inkişaf etdirmək istəyənlərə məsləhətiniz nə olardı?

- İlk məsləhətim sırf pula görə bu sahəyə gəlirlərsə, gəlməsinlər. Peşman olacaqlar. Çünki Azərbaycanda bu sahədə böyük pullar yoxdur. Ancaq bunu da deməliyəm ki, mütləq öz üzərlərində işləməlidirlər. Məsələn, gənc futbol şərhçisi olacaqsa və yaxud futbola aid bir veriliş aparacaqsa, mütləq tematik bilgilərini inkişaf etdirməli, trendləri, manşetləri, gündəmi və s. izləməlidir. Yadıma gəlir, bir dəfə “Xəzər Lənkaran”ın Şəfa stadionunda oyunu var idi. Səhv etmirəmsə, baş məşqçi də Yunis Hüseynov idi. Matçda sol cinah yarımmüdafiəçisi olan Adrian Pit epizod səbəbilə mərkəz mövqeyinə düşdü. Hiss olunurdu ki, jurnalist oyuna diqqətlə baxmayıb və Piti mərkəzdə gördüyü üçün Yunis Hüseynova sual vermişdi ki: “Axı, Adrian cinah yarımmüdafiəçisdir, siz onu niyə dayaq yarımmüdafiəçi mövqeyində oynadırsınız?” Təbii ki, bir jurnalist futbolu məşqçi qədər dərindən bilə bilməz, çünki futbol bir elmdir. Amma ən azından müəyyən bir səviyyədə futbolu və aparılan idman oyununu izləmək və dərk eləmək lazımdır. Bu, çox önəmlidir. 

- İdmanın inkişaf etdiyi ölkəmizdə televiziya kanallarında çox az sayda idman verilişi var. Siz bu haqda nə düşünürsünüz?

- Əsas amil televiziya rəhbərliyinin maraq dairəsidir. Əgər rəhbərliyin idmana marağı varsa, həmin kanalda idman verilişi çox ola bilər. Əgər şou-biznesə marağı çoxdursa, proqramda bu tipli verilişlər üstünlük təşkil edəcək. Bizdə isə yalnız İTV və ATV kanalları idman kanalı olmasa da, idman verilişi yayımlanır. Digər amil isə kanallar istər-istəməz şou-biznes və digər mövzulu verilişlər vasitəsilə daha çox reklam əldə edə bilir. İdman mövzulu verilişlərdə isə reklam nadir hallarda olur. Əsas da bizdə idman verilişləri klubların, federasiyaların dəstəyi ilə həyata keçirilir. Məsələn, güləş və yaxud şahmat federasiyalarının eyniadlı idman növlərinin təbliğatı üçün televiziyalarla əməkdaşlıq etmələri vacibdir. Əgər bu əməkdaşlıq baş tutarsa, həmin verilişə efir vaxtını almaq kimi hansısa bir reklam yönündə maliyyə ayırsalar, daha yaxşı olar. Digər idman növlərinə baxışın az olmasının səbəbi isə bizdə həmin idman növləri böyük turnirlər, əsasən də Olimpiya oyunlarızamanı diqqət mərkəzində olur. O zaman sanki biz idmanı sevdiyimizə görə yox, sırf Azərbaycan adı olduğuna və öz idmançımıza görə izləyirik.

- Ölkəmizdə idman verilişlərinin reytinqi hansı səviyyədədir?

- Azərbaycanda futbol verilişləri yüksək reytinq qazanmır. Çünki buna müəyyən bir kütlə baxır. Məsələn, kriminal və yaxud kulinariya verilişlərinin reytinqi yüksək olur. Bunun səbəbi isə həmin verilişlərin 7-70 yaş arası cinsindən asılı olmayaraq, insanların maraq dairəsində olmasıdır. Əsasən də telviziya izləyicilərini böyük ölçüdə evdar qadınlar təşkil edir. Yəni boş zamanı çoxdur və bunu televiziya izləməklə keçirir. Əgər yüksək reytinq qazanmaq istəyirsənsə, mütləq evdar qadınların marağını nəzərə almaq lazımdır. Futbol haqqında olan verilişə evdar qadınlar çox az baxacaq. Çünki bizdə qadınlar böyük ölçüdə futbolu sevmirlər. Lakin “Futbolumuz” digər futbol mövzulu verilişlərlə müqayisədə, ürəkaçan reytinq qazanır və istər yutub, istərsə də digər sosial şəbəkələrdə kifayət qədər xoş reaksiyalar alır.

- Əməkdaşı olduğunuz ən sevimli kanalınız və verilişiniz hansı olub?

- Belə ki, mən işə başlayanda “Xəzər”in açılışına hələ iki həftə var idi. Həmkarım Emin Abbasovla, daha sonra isə Sənan Abdullayevlə birgə 10 il “Futbol Saatı” verilişini aparmışam. Bu kanal və bu verilişin mənim üçün mənəvi dəyəri çox böyükdür. 

- Şərhçi, aparıcı Ceyhun Rzayev hansı həmkarının şərhçiliyindən zövq alır?

- Bayaq qeyd etdiyim kimi, özümü futbol şərhçisi hesab etmirəm. Çünki indiyə kimi az oyunda mikrofon arxasına keçmişəm. Əgər bir işin qulpundan yapışıramsa, onu ya yaxşı görməliyəm, ya da heç görməməliyəm. Şərhçilik də mənim üçünbelədir. Bu gün özümü heç 10 ən yaxşı şərhçi arasında görmürəm. Bəlkə də vaxtında bu sahəyə fikir versəydim, uğurqazana bilərdim. Mənimki aparıcılıqdı. Şərhini ən çox bəyəndiyim həmkarıma gəlincə, Rüstəm Əfsərli!

- Bir vaxtlar sosial şəbəkələrdə aktiv olan, daha çox “dodaqqaçıran” statuslar paylaşan Ceyhun Rzayev son zamanlarxeyli passivləşib...

-  Düzü, sosial şəöəkələrə əyləncə gözü ilə baxıram. Ciddi məsələləri orada müzakirəyə çıxarmıram. Çətinliklərin, insanların çöhrəsində kədər çalarlarının daha çox olduğu vaxtlarda sosial şəbəkələrə “baş vuranda” və orada pozitiv, yumoristik statuslar görəndə xoşuma gəlir. Qanım qara olanda bir anlıq eynim açılır. Demək ki, təkcə mənə yox, digər insanlara da belə şeylər lazımdır. Doğrudur, son vaxtlar şəxsiproblemlər üzündən nadir hallarda status paylaşıram. Amma vaxt olub ki, duzlu-məzəli statuslar paylaşmışam və yazılanşərhlərdən, verilən reaksiyalardan bunun digər istifadəçilər tərəfindən bəyənildiyini görmüşəm.

- 17 illik televiziya həyatında ən kuryoz hadisə hansı olub?

- Belə hadisələr çox olub. Birini danışım. 2008-ci ildə Bakı “İnter”i UEFA Kubokunda oynayırdı. Rəqibin adını unutmuşam. Oyunu Emin Abbasovla mən şərh edirdim. Hərikimizin ilk şərhçiliyi idi və orada baş verən hadisə heç vaxt yadımdan çıxmaz. Deməli, “İnter” qol vurdu və özümüzdən asılıolmayaraq hər ikimiz ayağa qalxıb “qol” qışqırdıq. Bu zaman önümüzdəki masanı aşırdıq. Masanın aşmasının, mikrofonların yerə düşməsinin səs-küyü birbaşa efirə gedir. Arada qısa fasilə yarandı və səs rejissorları problemi həll etdikdən sonra şərhimizə davam etdik.

- 2 qızınız var. Fikrinizdən keçirmi ki, televiziya sahəsində çalışsınlar?

- Keçir. Sualı başqa yöndən cavablandırım. CBC kanalının daimi izləyicisiyəm. Maraqlı verilişləri çoxdur. Amma açıq-aydın görünür ki, kanalda ciddi kadr çatışmazlığı var. Bilmirəm bu, maliyyə vəziyyətinə görədir, yoxsa kadr çatışmazlığına var. Ümumiyyətlə, eyni zamanda rus, Azərbaycan və ingilis dillərini yaxşı bilən aparıcılarımız həddən artıq azdır. Bu mənada böyük qızımda o potensialı görürəm. Zəhra 8-ci sinifdə, rus dili bölməsində oxuyur. Buna baxmayaraq, dilimizi də yaxşı mənimsəyib. Alman dilində danışa bilir. İngilis dilində də hazırlığa gedir. Üstəlik, savadlı uşaqdır və xarici görkəmi də televiziya üçün uyğundu. Qızımı televiziya aparıcısı kimi görmək istəyirəm.

Məhəmməd Tağıyev

 





16.09.2022    çap et  çap et