525.Az

Müzəffər ordumuzun Şöhrəti


 

Müzəffər ordumuzun Şöhrəti <b style="color:red"></b>

44 günlük Vətən müharibəmizin şərəfli tarixini hər dəfə xatırladıqca qürurlanaraq, şəhidlərimizi yad edəcək, eyni zamanda  bütün müharibə iştirakçısı olan igidlərimizi unutmayacağıq. Çünki, bu gün dünyada qalib xalq kimi öyünməyimizə görə Ali baş komandanımıza və mərd oğullarımıza borcluyuq.   

Vətən harayı təkcə ölkəmizdə yaşayan igid oğullarımızı deyil, həmçinin ölkəmizdən kənarda yaşayan həmvətənlərimizi də qisas almağa, haqq davamızı aparmağa çağırdı. Belə bir deyim var ki, qürbət görməyən adam vətən qədri bilməz. İnsanın həqiqi gücü biləyində yox, diləyindədir! Vətən qədri bilən və xoş diləyi ilə arzusunda olduğu doğma diyarı Azərbaycanı bütöv görmək onun və ailəsinin arzusu idi. Qəhrəmanım ailəsindən uzaqda yaşayan, valideynləri ölkədən kənarda olduğundan burada öz sevincini, kədərini qohumlarla bölüşən və qələbə çaldığı torpağın üzərində qürurla dayanaraq silahdaşlarını yad edən vətənpərvər igid oğullarımızdan biri Şöhrət Eyvazovdur. 

Eyvazov Şöhrət Əziz oğlu 1995-ci ildə Saatlı rayonunda anadan olub. Üçüncü sinifə qədər Saatlı rayonunda orta məktəbdə təhsil alıb. 2002-ci ildən atası işləmək üçün ailəsi ilə birlikdə Rusiyanın Həştərxan vilayətinəyollanır. Şöhrət Həştərxanda orta məktəbi bitirdikdən sonra Dəniz akademiyasına qəbul olunur. Həmin ixtisas üzrə orada işləməyə başlayır. Vətənə borcunu qaytarmaq vaxtının çatdığını deyərək vətənə yollanır. 2019-cu ildə gedib hərbi komissarlığa əsgər getmək istədiyini bildirib. Hərbi xidmətdə olduğu zaman həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Şanlı qələbəmizin canlı şahidlərindən oldu Şöhrət. Arzularla gedib geri dönə bilməyən igidlərimizin mərdlik yadigarlarından oldu Şöhrət qardaşımız. Düşmən bizdən hələ çox qorxacaq. Hara getsək, harada yaşasaq vətənimizin dar günündə onun harayına gələrək vicdanla, ləyaqətlə qoruyacaq oğullarımız  olub və bundan sonra da çox olacaq. Vətənin dar günündə onu qorumaq üçün başının üzərini kəsdirəcək oğulları illər keçdikcə haqqımız olan ata baba torpaqlarımızın keşiyində daha da qürurla dayanacaq. Bu torpaqlar bizlərə müqəddəsdir, çünki neçə şəhid qanlarının axdığı və onların qoynunda uyuduğu yerlərdir. Belə deyim var ki, qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur. 

Hər dəfə söhbət düşəndə Şöhrət qürurla qeyd edir ki, necədə xoşbəxt adamam ki, müharibədə iştirak etmək mənə nəsib oldu. Prezidentimizin fərmanı ilə Suqovuşan uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə medalla təltif olunub. Hərbi xidmətdə olduğu zamandöyüş maşınları (DM) komandiri olub. Sonradan cavuş rütbəsi alıb. Əsgərlikdə olan zaman atası onkoloji xəstəliyə tutuldu. Hal-hazırda Rusiyada mualicə alır.

Valideynləri Şöhrətə görəhəm qürurlanır, həm də çox narahat olurdular. Bir tərəfdən də pandemiyaya görə sərhədlərin bağlı olması onların ölkəyə gəlməsi üçün də çətinlik yaradırdı. Ana duaları əzizlərindən ayrı olan və haqq davamızda öz mərdliyini və igidliyini göstərən Şöhrətin üzərində idi. 
Bu gün şəhidlərimizin yadigarlarını yaşatmaq üçün əlimizdən gələni edirik. Eyni zamanda qazilərimiz və Vətən müharibəsi iştirakçılarının problemlərini öz problemimiz kimi həll etməyimiz üçün birliyimizi daha möhkəm etməliyik. Bu gün Azərbaycan onların sayəsində ayaq üstə dayanıb. Yaşadığımız illər boyunca onların bizlər üçün etdiyi qəhrəmanlığı heç vaxt unutmayaraq daima onların çətinliklərinə dəstək olmalıyıq. O zaman bizlər mənəvi təsəlli taparaq ayaq üstə gəzdiyimiz torpaqlarımız və bütöv Azərbaycanımız üçün müzəffər Ali Baş komandanımıza və igid oğullarımıza borclu olduğumuzu dərk edirik. 

Şöhrətin atası onkoloji xəstədir və Rusiyada müalicə alır. Onun ailəsinin də maddi imkanı bu gün onun üçün hər hansı bir iş qurmaq üçün yetərli deyil. Aidiyyatı qurumlar ona kömək edərək bu gün mərd vətən oğlumuzu iş ilə təmin etsə onun da gələcək həyatını istədiyi kimi qurmasına şərait olar. Birlikdə dəstək olmaqla onlar üçün əlimizdən gələni etməli, gələcəyə örnək olan Şöhrət kimi oğullarmızın həyatımızda önəmli olduqlarını hər addımda vurğulamalıyıq. Onlara hər addımda uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Sizlərin xalqımız üçün etdiyiniz bütün fədakarlıqları və qəhrəmanlıqları heç vaxt yaddan çıxarmayacağıq.

Suma HÜSEYNOVA
Fizika üzrə fəlsəfə doktoru, dosent

 

 





16.09.2022    çap et  çap et