525.Az

Avropa İttifaqının regionlarda sahibkarlığın inkişafına dəstəyi: Benefisiarlar danışır


 

Avropa İttifaqının regionlarda sahibkarlığın inkişafına dəstəyi: <b style="color:red"> Benefisiarlar danışır</b>

Avropa İttifaqı Azərbaycanın bölgələrində kiçik sahibkarlığın qurulmasına, inkişafına öz dəstəyini göstərir. Bu məqsədlə bir sıra bölgələrdə layihələr həyata keçirilir. Belə regionlardan biri də Şəki-Zaqatala iqtisadi rayonudur. Bir neçə gün əvvəl Aİ-nin Azərbaycandakı Nümayəndəliyi həmin bölgəyə press-tur təşkil edib və regionda həyata keçirilən layihələrin icrası, onların nəticələri ilə tanışlıq, benefisiarlarla görüş olub.

DÜNYADA ÜÇÜNCÜ 

Səfər çərçivəsində Zaqatala şəhərində fındıq festivalı və "Yurdumun ləzzəti" stendinin açılışı olub. Tədbirin məqsədi insanları Zaqatalanın fındıqçılıq ənənələri ilə tanış etmək olub. Festivalda kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və digər rəsmi şəxslər iştirak ediblər. 

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib ki, illərdir öz populyarlığını qoruyub saxlayan fındıq festivalının Zaqatalada keçirilməsi təsadüfi deyil. Zaqatala ölkəmizin ən böyük fındıqçılıq rayonudur, Azərbaycandakı fındıq bağlarının 25%-i burada yerləşir, fındığın isə 45%-i Zaqatalada yetişdirilir. Bu mənada fındıq festivalı keçirmək Zaqatala rayonunun haqqıdır və rayon artıq neçə illərdir ki, bu gözəl festivala haqlı olaraq ev sahibliyi etməkdədir.

Nazir müavini qeyd edib ki, fındıq xarici ölkələrə ən çox ixrac olunan məhsullardandır: "Ölkəmizdə fındıqçılığın inkişafına dövlət dəstək verir. Fındıq əkinləri subsidiyalaşdırılır, yeni salınan intensiv fındıq bağlarına ilk dörd il ərzində hər hektara 730 manat subsidiya verilir. Eyni zamanda boş Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4 400 manat birdəfəlik əkin subsidiyası ödənilir. Fındıqçılığın inkişafına dövlət dəstəyi bununla yekunlaşmır, digər intensiv meyvə bağlarında olduğu kimi, fındıq bağlarında çəkilmiş müasir suvarma sistemlərinin dəyərinin 40%-ni dövlət ödəyir.

Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 80 min hektardan çoxdur. Bu isə 2015-ci illə müqayisədə 2,5 dəfə artım deməkdir. Dövlət dəstəyi fermerlərimizin bu sahəyə marağını kifayət qədər artırıb. Mövcud bağların 60%-dən çoxu bar verən yaşdadır. 2021-ci ildə fındıq istehsalı 2015-ci ilə nisbətən 2,1 dəfə, 2020-ci ilə nisbətən isə 36,6% çox olub. Təbii ki, bar verən bağların artması ölkənin ixrac potensialına da müsbət təsir göstərir.

S.Cəfərov vurğulayıb ki, ölkəmizdən ötən il 108,7 milyon ABŞ dolları, bu ilin 6 ayında isə 55 milyon ABŞ dolları dəyərində (ötən ilin eyni dvörünə nisbətən 15 milyon ABŞ dolları çox) qabığı təmizlənmiş fındıq ixrac olunub. Azərbaycan fındığının ixrac coğrafiyası genişlənir, məhsullar Rusiya, Qazaxıstan, İtaliya, Almaniya, İsveçrə və digər ölkələrə ixrac edilir. Qarşıdakı illərdə həm fındıq bağlarının sahəsinin, həm də fındıq ixracının həcminin artacağı, ixrac coğrafiyasının bir qədər də genişlənəcəyi proqnozlaşdırılır.

Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko bildirib ki, Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlıq genişlənib. Zaqatala rayonu istehsal etdiyi fındıq hesabına bu inkişafa öz töhfəsini  verməkdədir. Avropalılar burada yetişdirilən fındığın dadını bilir.

"Azərbaycan fındıq ixracı üçün dünyada 3-cü ölkəyə çevrilib. Avropada Zaqataladan fındıq tədarük edildiyini bilirlər. Bu, çox vacib amildir, Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlıqdan xəbər verir. Bu, həmçinin ölkədə yetişdirilən məhsulların Avropa bazarlarına çıxarılması baxımdan imkandır", - səfir qeyd edib.

Onun sözlərinə görə, Aİ Azərbaycandan məhsul, o cümlədən meyvə-tərəvəz idxalı ilə bağlı yerli istehsalçıları dəstəkləyir: "Bunun üçün Azərbaycan olan bir sıra tərəfdaşlarla birgə layihələr həyata keçiririk. Həmin tərəfdaşlardan biri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO). Layihələrdən birinin hesabına Zaqatalanı məşhur edən dədə-baba fındıq sortunu , həmçinin bu bölgədə yetişdirilən məhsulları qorunan məhsul irsi siyahısına daxil etmişik". 

Yarmarka Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə keçirilib. Sonra tədbir iştirakçıları sərgilənən məhsullar, tətbiqi sənət nümunələri və əl işləri ilə tanış olub, fındıq istehsalı və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlərlə görüşüblər. Görüşlərdə məhsul yığımının gedişi, məhsuldarlığın artırılması üçün görülən işlər, intensiv və superintensiv meyvə bağlarının salınmasında tətbiq olunan yeniliklər, fındıq məhsullarının emalı və ixracı ətrafında fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb.

İXRAC EDİLƏN FINDIQDA AFLATOKSIN AŞKARLANMA HALLARI KƏSKİN AZALIB

Bundan sonra  Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə birlikdə Zaqatala rayonunda fındıq ixracatçıları ilə görüşüb.

AQTA sədri Qoşqar Təhməzli Azərbaycandan Avropa İttifaqına ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma hallarının əvvəlki illərlə müqayisədə kəskin azaldığını deyib. O, hazırda ölkədən ixrac olunan bitkiçilik məhsulları arasında fındığın əhəmiyyətli yer tutduğunu qeyd edib.  Q. Təhməzli bildirib ki, ixrac olunan fındıq məhsullarına nəzarət daha da gücləndirilib və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.

Öz növbəsində son illər ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bitkiçilik məhsullarının istehsalı və ixracı ilə bağlı görülən işləri yüksək qiymətləndirən P.Mixalko isə bitkiçilik məhsullarının istehsalın, emalın və ixracının beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini sahibkarların diqqətinə çatdırıb. O, qeyd edib ki, Azərbaycan keyfiyyətli fındıq istehsalında dünyada seçilən ölkələrdən biridir. Səfirin sözlərinə görə, 2018-ci ildə aflatoksinlə bağlı daxil olan bildirişlərin sayı 18 olsa da, 2020-2021-ci illərdə cəmi 1 olub: "Bunun nəticəsidir ki, Azərbaycandan ixrac olunan fındığın həcmi artır və Avropanın iri şirkətləri Azərbaycan fındığını almaqda maraqlıdırlar”.

Xatırladaq ki, regionda Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində bir sıra qruplar da yaradılıb.

Leyla Bayramova Balakən rayonu Hənifə kəndindəndir və  “Aşıq Sənəm” qadın inkişaf qrupunun katibidir. 11 nəfərlik qrup əsasən meyvə və qaxac ət qurutma ilə məşğuldur. O, Aİ ilə əməkdaşlıq etdiklərini və dəstək aldıqlarını deyib. Qrupa böyük qurutma kamerası verilib, həmçinin meyvələrin qablaşdırılmasında lazımi avadanlıqla təmin edilib.

“Biz qrupa işsiz qadınları cəlb etdik. Kənd yerində meyvə çoxdur, qalıb xarab olurdu. Ona görə bu sahədən başladıq. Əvvəl bazara çıxışımız az idi, amma indi biznesi inkişaf etdiririk. Xalçaçılıqla da məşğul oluruq, amma bu, hələ o qədər də inkişaf etməyib”. 

O, xurma da qurutmağa başladıqlarını deyib. Əlavə edib ki, Aİ satışda onlara kömək edir: “Aİ sərgilər təşkil edir və bizim orda iştirakımızı maliyyələşdirir”

L.Bayramova bildirib ki, kənddə işsiz qadınlar çoxdur və gələcəkdə biznesi genişləndirib, onları cəlb etmək niyyətindədirlər. 

Türkan Bürcəliyeva Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilmiş Layihə Tədbirləri çərçivəsində biznes plan müsabiqəsinin qalibidir. Türkan biznesin qurulması sessiyalarında iştirak edib və biznes planını təqdim edib. Nəticədə həyətyanı sahəsində quşçuluqla məşğul olmaq üçün texniki dəstəklə təmin edilib, üç aylıq dövr üçün yemləmək və böyütmək məqsədilə 110 cücə alıb. Hazırda cücələrin sayının artırılması, yumurta satışının təşkili, təmizlınmiş toyuqların yaşadığı ərazidə müştərilərə, o cümldən kafe və restoranlara çatdırılması üzərində işləyir. Cücələrin sayını artırmaq üçün Layihə Tədbirləri sayəsində Zaqatalada pulsuz inkubator da təşkil edilib.

Balakın sakini Nəzakət Camalova isə bir vaxtlar vəsait qıtlığı ilə bağlı dayandırmaq istədiyi arıçılıq təsərrüfatı ilə məşğuldur. N.Camalova arı pətəklərinin daşınması məqəsdilə qoşqu alınması üçün biznes plan təklif edib və Seçim Komitəsi onun biznes planını bəyənib, maşın qoşqusu verib.

N. Camalova deyir ki, bu, daşıma xərclərini azaldıb.  Gələcəkdə brendləşmə, eyni zamanda məhsulun istehsalını artırmağı planlaşdırır.

Səfər çərçivəsində Şəkidə Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzində “Həssas icmalar üçün təcili startap dəstək” layihəsinin təqdimatı olub. Mərkəzin icraçı direktoru İlyas Səfərli bildirib ki, 1995-ci ildə yaradılan və Azərbaycanın rayonlarında effektiv proqramlar həyata keçirən təşkilatın əsas missiyası Azərbaycan rayonlarının sosial-iqtisadi inkişafına dəstək verməkdir.

Təqdim edilən layihənin əsas məqsədi pandemiyadan zərər çəkmiş əhalinin vəziyyətinin yaxşılaşdırılmasıdır. Onun sözlərinə görə, layihə 2020-ci ildə karantin vaxtı yazılıb, amma iki il sonra qeydiyyata alınıb: “İyul ayının 1-dən fəaliyyətə başlamışıq. Layihənin müddəti 6 aydır. Əsas məqsəd pandemiyadan zərər çəkən ailələrə, şəxslərə dəstək verməkdir ki, öz bizneslərini yaratsınlar. Ən azı 40 ailəyə dəstək nəzərdə tutulub. İkinci fəaliiyyətmiz isə onların arasından 16 ən uğurlu biznesi seçib inkişaf üçün əlavə dəstək verməkdir ki, bizneslərini daha da inkişaf etdirsinlər. Biz heç kimə maliyyə dəstəyi vermirik, texniki dəstək göstəririk. Ailələri müəyyən edirik, onların bilik və bacarıqlarına uyğun olaraq ideyalarını müəyyənləşdiririk və bunun əsasında qısa biznes planlar hazırlanır, siyahılar tutulur, texniki dəstək göstərilir. İki ay ərzində 20 layihəyə texniki dəstək verilib. əlavə beşi də müəyyən olunub, onlara hazırda dəstəyin göstərilməsi prosesi gedir”. Bundan əlavə inkişaf dəstəyi verilən oxşar layihlərin birləşdirilməsi də nəzərdə tutulur. Artıq bir belə ideya həyata keçirilib.   

İsmayıl Vəliyev də Aİ-nin maliyyələşdirdiyi “Uluçay”ın layihəsindən yararlanıb: “Avropa İttifaqına dəstəyə görə təşəkkür edirəm. Mənim heykəltəraşlıq sahəsində bacarığım var idi, amma heykəlin hazırlanması üçün bəzi qəlbləri çıxarmaq lazımdır. Qəlib çıxaran materiallar bahadır. Aİ dəstək verdi, rəng vurmaq üçün aparatlarla da təmin etdilər”.

İ.Vəliyev ayda 100 kiçik heykəl hazırlayır, bütün işlərinin satıldığını söyləyir. Gələcəkdə heykəllərin daha böyük formalarını hazırlamaq niyyətindədir.

Ruhin Əzizov işsiz anası və xalaları ilə birlikdə yaşayan, sağlamlıq imkanları məhdud olan gəncdir. Ailənin əlilliyi görə kiçik müavinətdən başqa digər gəlir mənbəyi yoxdur. Ruhin həmişə telefon təmirinə maraq göstərib və bu sahədə müəyyən bilik əldə edib. Maliyyə təminatı olmadığı üçün işə başlaya bilməyib. Layihə sayəsində ona öz işinə başlamaq, hərəkət məhdudiyyətlərini aradan qaldırmaq üçün zəruri avadanlıqlar və cihazlar verilib.

Elşad Abdullayev isə mebellərin restavrasiyası, çexol tikişi ilə məşğuldur: “Müasir maşına ehtiyacım var idi, amma almaq imkanım olmadığı üçün müraciət etdim. Mənə yeni tikiş maşını verildi. Bundan əvvəlki tikiş maşını köhnə olduğu üçün mebellər və maşınlar üçün çexollar tikmək mümkün olmurdu. İndi işim asanlaşıb”.

O sifarişlər aldığını və ailəsinin dolanışğını təmin etdiyini deyib. Həmsöhbətim həm də rəssamdır, gözəl əl işləri var, amma hazırladığı əl işlərinə rayonda çox təlabat olmadığı üçün bu işlə hələlik sıx məşğul olmur.  Gələcək planında isə bu sahədə də işini qurmaq var.

Məhbusə Babayeva dərzidir, pandemiya vaxtı iş dayanıb və ailənin vəziyyəti çox çətinləşib: “Oğlum, həyat yoldaşım da işsiz qaldı.  Evdə köhnə maşın var idi, amma demək olar ki, işləmirdi. Bura müraciət etdim, çox təşəkkür edirəm ki, müraciətim müsbət qiymətləndirildi və mənə tikiş maşını verildi. İndi evdə işləyirəm”.

M.Babayeva gələcəkdə tikiş sexi açmaq və dərzilərin bir yerdə çalışmasının daha yaxşı ola biləcəyini deyir.

Aİ nümayəndələri və jurnalistlər Şəki Gigiyena və Epidemiologiya Mərkəzində də olub. Qeyd edək ki, Aİ regionda immunizasiya prosesinə də dəstək verir. Belə ki, Mərkəzə vaksinlərin saxlanılması üçün soyuducular təqdim olunub.  

 





16.09.2022    çap et  çap et