525.Az

"Nuru Paşa dastanı"nın təqdimatı keçirilib


 

"Nuru Paşa dastanı"nın təqdimatı keçirilib<b style="color:red"></b>

Sentyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində tanınmış şair-publisist, Yazıçılar Birliyinin üzvü Güləmail Muradın "Nuru Paşa dastanı" kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən yazıçı, publisist, filologiya elmləri namizədi Məti Osmanoğlu kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, yaradıcılığında daim vətənpərvərlik mövzusuna xüsusi yer ayıran istedadlı şairə Güləmail Murad "Nuru Paşa dastanı"nda da vətəndaşlıq mövqeyindən çıxış edərək yenə də qiymətli bədii əsər ortaya qoyub. Özünün individual yanaşması ilə bu qəhrəman obrazının təbii, bədii boyalarla təqdimatını verən müəllif oxucuya sözünün qüdrətindən doğulan elə bir obrazı təqdim edir ki, oxucu bu obraz vasitəsilə tarixi keçmişinə dönür və doğma obrazın qəhrəmanlığını sevə-sevə göz önünə gətirir. Əsər boyu qəhrəmanına sevgi sərgiləyən müəllif sözün polisemantikasından istifadə edərək obrazının təqdimatını bədii ustalıqla verir.

Tədbirdə kitabın məziyyətlərindən danışılaraq diqqətə çatdırılıb ki, G.Muradın "Nuru Paşanın dastanı" kitabında qardaş Türkiyənin ölkəmizə əsl qardaş münasibəti sərgilədiyinin şahidi oluruq. Əsərdə işıqlandırılan əfsanəvi qəhrəman Nuru Paşa obrazı türkçülüyün qoruyucusu kimi yadda qalır, xalqımızın ağır günündə Azərbaycanın müdafiəsi naminə vuruşur.

G.Muradın yaradıcılığından söz açan çıxışçılar deyiblər ki, şair son otuz ildə qələmini süngüyə çevirib, hərbi mövzuda iyirmiyə yaxın kitab nəşr etdirib. "Qarabağ harayı" yalnız onun yox, bütün Azərbaycan xalqının fəryadı idi. Onun sonrakı kitablarında da qəhrəmanlarımızın döyüş yolları, torpaq uğrunda canından keçən oğulların şücaəti bədii boyalarla, həzin misralarla qələmə alınıb.

 





16.09.2022    çap et  çap et