525.Az

Şanxay Əməkdaşlıq Təşkilatı Avropa İttifaqına alternativ ola biləcək?


 

QABİL HÜSEYNLİ: "İNDİKİ ŞƏRAİTDƏ BU TƏŞKİLAT ÜZV VƏ MÜŞAHİDƏÇİ ÖLKƏLƏR ÜÇÜN DƏ MÜSBƏT ROL OYNAYIR"

Şanxay Əməkdaşlıq Təşkilatı Avropa İttifaqına alternativ ola biləcək?<b style="color:red"></b>

Sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin sammiti keçirilib. Məlumat üçün bildirək ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən, təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

ŞƏT-in iki daimi orqanı - Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı Baş katibi Çin nümayəndəsi Can Mindir. Hazırda ŞƏT-ə Özbəkistan sədrlik edir.

Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənd sammitində Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin, ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Bu gün ŞƏT-in beynəlxalq müstəvidə çəkisi artmaqdadır. Qarşıdakı illərdə təşkilatın üzvlərinin sayının artacağı da gözlənilir. Səmərqənd sammitinin gündəliyinə iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı da daxildir.

Politoloq Qabil Hüseynli "525"ə bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) on ildən artıqdır ki, fəaliyyət göstərir. İlk vaxtlar bu, Rusiyanın və Orta Asiyanın - Qazaxıstan Özbəkistan və Qırğızıstan respublikalarının, eləcə də Belarusun daxil olduğu bir təşkilat idi. Daha sonra Çin Xalq Respublikası da təşkilata üzv oldu: "Beləliklə, bu təşkilatın nüfuzu yavaş-yavaş artmağa başladı. ŞƏT-in əsas məqsədi Avrasiya qitəsində, xüsusilə Asiyada ölkələr arasında ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək, daha yüksək səviyyətə çatdırmaq, hardasa Avropa İttifaqındakı ortaq bir bazara bənzər ortaq bazarın formalaşdırılmasına nail olmaqdır. İndi ŞƏT-də daha çox Çinin səsi eşidilir, çünki Çin öz iqtisadi qüdrətinə, eyni zamanda, digər ölkələrlə iqtisadi əlaqələrinə görə öncül yerlərdən birini tutur".

Politoloqa görə, Çinin bu öncül mövqeyi getdikcə daha da möhkəmlənir: "ŞƏT-lə digər dövlətlər, o cümlədən, Azərbaycan, Ermənistan, eləcə də İran da maraqlanır. Bu üç dövlət ŞƏT-in üzvü olmasalar da, sammitlərə müşahidəçi dövlət kimi dəvət olunurlar. Gələcəkdə müşahidəçi olan dövlətlər arzu etsələr, yəqin ki, onları ŞƏT-ə qəbul edərlər. Azərbaycan bu təşkilatla maraqlanır, onun üzvləri ilə iqtisadi əlaqələrini genişləndirir, son zamanlar Azərbaycan-Çin münasibətləri daha çox strateji xarakter almağa başlayıbdır. Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Q.Hüseynli xatırladıb ki, sentyabrın 15-də Çin lideri Si Cinpin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış etdi: "Səmərqənddə  Azərbaycan Prezidentin İlham Əliyevlə görüşən Cinpin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirdi və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi. Sədr Si Cinpin bildirdi ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.

Prezident İlham Əliyev Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini, Çinin də ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyini həmişə yüksək qiymətləndirdiyini vurğuladı, buna görə Si Cinpinə təşəkkürünü bildirdi. Qeyd olundu ki,  Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir".

Politoloq Türkiyənin də Çinlə əlaqələrinin getdikcə genişləndiyini vurğulayıb: "Amma bir faktı qeyd etmək lazımdır ki, ŞƏT hələ tam strukturlaşmayıb, onun rəhbər orqanlar, müxtəlif yan orqanları hələ tam formalaşdırılıb fəaliyyət göstərmir. Üstəlik, müxtəlif dövlətlərin fərqli maraqları olduğu üçün bunu vahid bir orqanizmə, tutaq ki, Avropa İttifaqı kimi kimi təşkilata çevirmək xeyli çətin olur. Əlbəttə, Rusiya, Çin istəyir ki, təşkilatı Aİ-yə alternativ kimi formalaşdırsınlar. Bu istiqamətdə müəyyən addımlar atmağa çalışırlar. Amma bu təşkilat Aİ-nin alternativi olması üçün hələ xeyli məsafə qət etməsi, dövlətlər arasında iqtisadi siyasi və digər əlaqələr inkişaf edib ən yüksək mərhələyə qalxması lazımdır. Amma hər halda indiki şəraitdə bu təşkilat ora üzv olan ölkələr üçün də, müşahidəçi qismində qatılan ölkələr üçün də müsbət rol oynayır".

 

 





17.09.2022    çap et  çap et