525.Az

Azad edilmiş ərazilərimizdə təhsil mühiti canlanır


 

ZƏNGİLANIN AĞALI KƏND TAM ORTA MƏKTƏBİNİN ARDINCA QARABAĞDAKI DİGƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ DƏ TEZLİKLƏ FƏALİYYƏTƏ BAŞLAYACAQ

Azad edilmiş ərazilərimizdə təhsil mühiti canlanır<b style="color:red"></b>

Sentyabrın 15-də Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başlayıb. 360 şagird yerlik ikimərtəbəli məktəbdə 65 şagird təhsilə cəlb olunub.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, uzun müddətdən sonra ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindəki tam orta məktəbdə zəng çalınıb. Bu, böyük prosesin başlanğıcıdır, həm qürurverici, həm də ümid artıran hadisədir.

Təhsil nazirinin sözlərinə əsasən, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Ağalı sakini olan 14 müəllim məktəbdə dərs deyəcək: "Sevindirici hal idi ki, burada işləmək üçün təxminən 800-ə yaxın müəllim müraciət etmişdi. Sakinlərin köçü davam etdiyindən yaxın həftələrdə şagird sayının artması gözlənilir. Kompleksdə, həmçinin, məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərəcək. Əminəm ki, Ağalı kənd tam orta məktəb təhsil sisteminin ən üzdə olan məktəblərindən biri olacaq".

Emin Əmrullayevin dediyinə görə, hazırda Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə, işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun qurulması üçün işlərə başlanılıb: "Şuşa və Ağdam məktəbi bu tədris ilinin sonu artıq tam hazır olacaq, bəlkə də bir az daha tez. Növbəti tədris ilindən o məktəblərdə də ilk zəng çalınacaq. Bunlar böyük - 960 nəfərlik məktəblərdir. Cəbrayıl və Füzuli bölgələrində məktəblərdə tikinti işləri başlanılıb. Suqovuşan qəsəbəsindəki məktəb təmirdən sonra hazır vəziyyətdədir. Füzuli peşə liseyinin hazırlıq prosesi bitmək üzrədir. Şuşa Real məktəbinin də artıq layihələndirilməsi bitib. Bütün bu layihələr özlüyündə 10 minlərlə şagirdi əhatə edəcək".

Nazir əlavə edib ki, şəhərsalma-proqnozlaşdırma baxımından köçürüləcək əhalinin planlaşdırılması, hazırda müxtəlif bölgələrdə fəaliyyətdə olan məktəblərin düzgün şəkildə köçürülməsi, o cümlədən, müəllimlərin işlə təmin olunması, bu bölgələrdə keyfiyyətli tədrisin təmin edilməsi kimi layihələr üzərində işlənilir.

Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin təməli qoyulub. Bu il mayın 27-də "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var.

Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova deyib ki, rəhbəri olduğu məktəbin ən əsas məqsədi Azərbaycan dövləti üçün yararlı olan müasir düşüncəli, yüksək əxlaqa mənsub, savadlı və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir: "Qeyd edim ki, Ağalı kənd sakinlərinin ilk qrupu bu ilin iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də doğma yurda qayıdıb. Bu hadisə, əlbəttə ki, Azərbaycan xalqı üçün qələbədən sonra yaşadığı ikinci böyük sevinc idi. Bu gün Ağalıda əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Otuz il bundan əvvəl öz ata-baba yurdundan didərgin düşmüş kənd sakinləri yenidən bu torpağa qayıdır, öz doğma nəfəsləri ilə torpağa can verirlər. İllərlə yetim qalıb, boynu bükük şəkildə əsl sakinlərini gözləyən kənd öz qollarını əzizləri üçün açır. Burada həyat yenidən canlanır".

Direktorun sözlərinə əsasən, ilk pilot layihənin məhz Zəngilanda icra edilməsi, əlbəttə ki, ağalılılar üçün böyük sevindirici haldır: "İşğaldan azad olunmuş bölgələrimiz ən müasir texnologiyaların tətbiqi əsasında yenidən qurulur. Zəngilan rayonunun Ağalı kəndi də belə yaşayış məntəqələrimizdən biridir. Ağalıya "ağıllı kənd" layihəsi çərçivəsində yeni nəfəs verilir. "Ağıllı kənd" layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə başa çatdırılıb".

N.Həsənova bildirib ki, kənddə yaradılan "ağıllı məktəb"də distant təhsilin aparılması üçün bütün imkanlar mövcuddur: "Burada müasir şəhərsalma standartları tətbiq olunub. Kənddə piyada və velosiped yolları çəkilib. Ağalıda kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görülüb. "Ağıllı kənd təsərrüfatı"nda müasir suvarma sistemlərindən istifadə olunur. Bundan əlavə, "Ağıllı kənd" layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər görülüb. "Ağıllı kənd"də xüsusi layihə çərçivəsində ictimai ferma qurulmuş­dur. Fermada 250 baş qaramal və 600 baş davarın saxlanması mümkündür. Burada "ağıllı idarəetmə sistemi" məlumat və təhlil mərkəzindən həyata keçirilir.

Rəhbərlik etdiyim məktəb müasir təlim texnologiyalarının tətbiq olunduğu və innovativ yenilikləri özündə əks etdirən bir məktəbdir, təhsil ocağıdır. Əlbəttə ki, məktəbimizin birinci məqsədi ölkəmizə yararlı olan müasir düşüncəli, yüksək əxlaqa mənsub, savadlı və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir. Məlumdur ki, təlim-tərbiyə işi böyük zəhmət və səbr tələb edən prosesdir. Bu yolda mənimlə çiyin-çiyinə işləyəcək bütün pedaqoji heyətə uğurlar arzu edirəm. Ümid edirəm ki, kollektivimizlə qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq".

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu tamamilə dağıdılıb. Hazırda işğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülür. Qarabağda həyata keçirilən infrastruktur layihələrinin başında məhz təhsil müəssisələrinin yenidən qurulması, məktəblərin və ali təhsil ocaqlarının bərpası dayanır. Düşmənin məhv etdiyi tarixi məktəb binalarını geri qaytara bilməsək də, orada müasir tələblərə tam cavab verəcək, Azərbaycan təhsilinə əhəmiyyətli töhfə vəd edən təhsil ocaqlarının tikintisi planlaşdırılır. Şagirdlərin təhsil prosesinə cəlb edilməsi, onların işğaldan azad olunan ərazilərdə standartlara uyğun ümumtəhsil  məktəblərində təhsil alması üçün artıq Ağdam, Şuşa, Füzulidə bir neçə orta məktəbin tikintisinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib ki, artıq ikinci ildir ki, yeni tədris ilinə Zəfər tarixinin yaratdığı qürur hissi ilə qədəm qoyuruq: "Bu gün hamılıqla Qarabağa böyük Qayıdışın həyəcan və sevincini yaşayırıq. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi, kiçik bir həyat nişanəsi belə tapmaq mümkün olmayan doğma yurd yerlərimizdə yeni həyat qurulur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə erməni işğalından azad olunmuş torpaqlarda çoxşaxəli silsilə layihələrin uğurlu həllinə şahidlik edirik. 29 ildən sonra Zəngilanda ilk məktəb zənginin çalınması, bu zəngin sevincini yaşayan məktəblilərin xoşbəxt anlarını görmək hər kəs üçün böyük bir bəxtiyarlıqdır. İşğal nəticəsində xarabalığa çevrilən məktəblərimizdə çalınacaq zənglər övladlarımızı elmin sirlərini öyrənməyə səsləyəcək. Əminik ki, azad olunmuş torpaqlarımızda həyata keçirilən böyük quruculuq işlərinə təhsil sisteminin yetişdirdiyi vətəndaşlar öz layiqli töhfələrini verəcəklər".

İdarə müdiri qeyd edib ki, ötən tədris ilində olduğu kimi, Azərbaycan Ordusunun Vətən müharibəsində Zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası yeni dərs ilində də qarşıya qoyulan hədəflərdəndir. Növbəti tədris ilində də bu tendensiyanı davam etdirəcəyik, çünki Vətənimizə qalibiyyəti qazandıranlara ehtiram, vəfa borcumuz var.

Sevinc QARAYEVA

 

 





17.09.2022    çap et  çap et