525.Az

Şərəfli ömür yolu


 

Şərəfli ömür yolu<b style="color:red"></b>

Savaş üçün doğulmuş insanlar  var. Onlar  üçün  Vətən sevgisindən  ali hansısa bir hiss ola bilməz. Canını öz torpağına qurban edən igidlərimiz heç də az deyil. Günəş kimi işıq saçan oğullarımız  bir bütöv hilal uğrunda sönməyə hazırdılar.  Cavan  ömrünü doğma vətənə qurban edən igidlərdən biri də Məzahir Bayramovdur.

Məzahir Bayramov 1963-cü ildə Ağdamda anadan olub.  Məzahir könüllü olaraq Şirin Mirzəyevin komandanlıq etdiyi batalyona yazılmışdı. Əlbəttə, bu şərəfli yolu seçən insanlar ölümü özlərindən kiçik hesab edirlər.

Həyat üçün doğulub, Vətən üçün ölməyə hazır olan  Məzahirin döyüş yolu  Naxçıvanikdən başlayıb, Əsgərana, Ağdərəyə qədər uzanırdı. O,  Birinci Qarabağ savaşında  yaralı əsgərləri çiynində daşıyıb, sinəsini vətən uğrunda sipər edən döyüş yoldaşları meydanda şəhid olanda  onların  nəşini düşmən caynağından  alıb.

Məzahir Bayramov  Əsgəranda, Xocavənddə, Ağdərədə gedən döyüşlərdə  yaxından iştirak edib. Naxçıvanik döyüşlərində böyük şücaət göstərib. Elə həmin döyüşlərdə alnından yaralanır. 1992-ci ilin iyun ayında  Bakıya hospital gətirilir. Burada üç ay müalicə olunsa da, bir gözünü itirir. Ağır yaralanmağına baxmayaraq, müalicəni yarımçıq dayandırıb yenidən cəbhəyə qayıdır və  845 saylı batalyonda döyüşlərə qatılır.

Vətəni, xalqı üçün şücaətlə vuruşan Məzahir çalışırdı ki, mənfur ermənilərə  öz hünərini göstərsin. Onu yaxından tanıyan insanlar deyirlər ki, Məzahir sadə, təvazökar insan idi. Həmişə haqq uğrunda mübarizə aparırdı.

Əlbəttə, Azərbaycanın  belə çətin anlarda Məzahir kimi igidlərə çox ehtiyacı vardı. Vətəni düşməndən müdaifə etmək lazım idi. Sovetlər Birliyinin əsarətindən  təzəcə  xilas olmuş  bir ölkənin təbii ki, hərbi bazası o qədər də güclü deyildi.  Ancaq Məzahir və onun kimi igidlər çox az silah-sursatla düşmən qarşısına çıxırdılar.

Düşmən doğma torpaqlarımıza göz dikəndə silaha sarılan Məzahir Bayramov dünyasını çox erkən dəyişdi. O, son nəfəsinə kimi igidliklə vuruşdu.  23 iyun 1992-ci ildə Pircamal uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu, öz, ölümü ilə əbədiyyətin ən uca məqamına yüksəldi.

Deyirlər, Məzahir təbiətə bağlı insan olub. O,  hər dəfə döyüşə gedəndə əkdiyi çiçəkləri anasına tapşırarmış. O çiçəklər 1992-ci ildən sonra  neçə-neçə baharda açdılar, neçə-neçə payızda soldular. Amma Məzahir geri dönmədi.

Tarix öz sözünü dedi. Məzahirin şəhid olmasından 28 il sonra -  2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Qarabağı mənfur düşmən tapdağından azad etdi. Məzahirin, uğrunda canının fəda etdiyi Qarabağ torpağında indi çiçəklər açır.

Əntiqə KƏRİMZADƏ

 

 





17.09.2022    çap et  çap et