525.Az

Niderland ekzotikası barədə xoş təəssüratlar - Telman Orucov yazır


 

Niderland ekzotikası barədə xoş təəssüratlar - <b style="color:red"> Telman Orucov yazır</b>

Əvvəli ötən şənbə sayımızda

 Hadisədən üç gün sonra səhər yeməyi vaxtı Naxçıvandan olan üzümçülük briqadiri, Sosialist Əməyi Qəhrəmanı İsa Əliyev mənə yaxınlaşdı, sakit, intizamlı olan bu adam sözlü görünürdü. Mənə müraciətlə dedi: "Axı mənim sizə nə pisliyim keçib?"  Sualı anlamadım, sonra əlavə etdi: "Niyə siz mənim uşaqlarımı yetim qoymaq istəyirsiniz?" Heç nə ayırd edə bilmədiyimi görüb, bildirdi ki, ona bu gecə latışla bir otaqda yatmağın növbəsi olduğunu çatdırmışlar. Bacardıqca onu sakitləşdirdim və tapşırdım ki, onun yerinə başqa birisini təyin etsinlər.

Amsterdamda "Niderland-SSRİ" cəmiyyəti noyabrın 4-də iki min nəfərlik konsert zalında Oktyabr inqilabının ildönümü ilə bağlı böyük tədbir keçirdi. Rəsmi hissədən sonra konsert başlandı və mərhum bəstəkar Tofiq Quliyevin başçılıq etdiyi musiqiçilər və müğənnilər qrupu çıxış etdi. Tarzən Ramiz Quliyev milli musiqi alətimizdə iki holland mahnısını ifa edəndə, bütün zal xorla oxumağa başladı və onu sürəkli alqışlarla yola saldı.

Musiqiçilər hər gün bir şəhərdə konsert verirdilər. Tofiq Quliyev razılaşdırmışdı ki, onlar şam yeməyindən imtina etdiklərinə görə, ona çəkilən xərc nəğd şəkildə musiqiçilərə ödənsin. Bu kiçik məbləğə onlar uşaqlarına və özlərinə nəsə ala bilərdilər. Turist qrupunun üzvlərinə də cəmi 120 qulden (30 dollar) cib xərcliyi verilmişdi.

Amsterdamda liman yaxınlığındakı küçə əxlaqsız qadınların məskəni olduğundan "Qırmızı fənərlər" küçəsi adlanır. Sosial məsuliyyəti aşağı olan bu qızlar binanın ikinci mərtəbəsində, pərdəsiz pəncərənin yanında kresloda əyləşib müştəri gözləyirlər. Parisdəki Plas Piqalda isə gənc, olduqca gözəl qızlar küçə boyu gəzişib, özlərinə müştəri axtarırlar. "Qırmızı fənərlər" küçəsinin sakinlərinin xidmətindən, adətən, dənizçilər və maddi imkanı yüksək olan şəhərin qonaqları istifadə edirlər. Niderland əxlaq pozğunluğu məsələsində Avropaya nümunə ola bilərdi. Burada hələ o vaxtlar seks şoplar olduqca çox idi. Pornoqrafik açıqcalar, jurnallar açıq satışda idi. Belə açıqcaların bir qismi guya bilavasitə zoofiliya ilə məşğul olma prosesində Rusiya çariçası II Yekaterinanı təsvir edirdi. Ortodoks xristian (provaslav) dininə sitayiş edən Yunanıstanda isə pornoqrafik kağız vasitələrin satışı qadağan olunmuşdu və intim yaxınlıq təcrübəsində istifadə olunan şeyləri satan mağazalar da burada yox idi.

Niderlandda ət xörəkləri, xüsusən donuz əti çox istehlak olunur, Amsterdamın küçələrində qızardılmış donuz ətinin iyi ətrafa yayılır. Marinad edilmiş siyənək isə çox dadlıdır, "herrinq" adlandırılan bu balıq - ruslar onu selyodka kimi tanıyırlar - çox dadlı olmaqla, küçələrdəki köşklərdə satılır və selyodka onunla müqayisə oluna bilməz. Herrinq ağızda dondurma kimi əriyir.

Hollandlar çoxlu pivə içirlər. "Hayneken" pivəsi bütün dünyaya yayılmışdır. Amsterdamdakı köhnə iri binadakı zavodda bişirilən eyni pivə rəqabət naminə iki adda - "Hayneken" və "Amstel" kimi satılır. Axırıncı Amsterdamdakı çayın adını daşıyır.

Başqa ölkələrdə olduğu kimi, Niderlandda da ənənələr daha çox kənd yerlərində yoxa çıxmamaqla yaşayır, qorunub saxlanır. Kəndlər isə, əsasən, xutor xarakteri daşıyır. Bu yaşayış forması fermerlik fəaliyyəti üçün yaxşı şərait yaradır. Kənd yerlərindəki çox sayda olan külək dəyirmanları orta əsrlərdən mövcud olduğundan, təsəvvürdə həmin dövrü xatırladır. Uzun müddət onlardan un üyütmək, kanallardakı suyu dənizə tökmək üçün istifadə olunmuşdu. İndi isə holland peyzajının ekzotik bir hissəsinə çevrilmişdir. İspaniyadan fərqli olaraq, bu dəyirmanların şöhrətini yaymaq üçün elə bir yerli Don Kixot uydurulmamışdır. Böyük ispan yazıçısı Migel Servantes isə 1605-ci ildə yazdığı öz əsərində təsvir etdiyi hiyləgər idalqo obrazı ilə təkcə nəhənglər timsalındakı dəyirmanları deyil, doğma İspaniyasının şöhrətini bütün dünyaya yaymaqla, ispan xalqını da incə yumorla bəşəriyyətə tanıtdırmışdı.

Kənd yerlərində indiyədək adamlar qədim milli ayaqqabıda - klamp adlanan və bütöv ağac materialından yonulmuş başmaqda gəzirlər. Qonaq olduğumuz fermada da həm fermer, həm də onun arvadı və qızı geyindikləri klampda rahat hərəkət edirdilər.

Hollandlar soyutma kartofa, tərəvəzə öz pəhrizlərində xüsusi yer ayırırlar. Restoranda hər ət xörəyinə dörd növ qarnir - soyutma kartof püresi, sparja, yaşıl noxud və digər bir tərəvəz soyutması əlavə olunur. Ölkədə balıq xörəkləri və dəniz məhsulları da dəbdədir.

Niderlandda bizə qəribə görünən müəyyən münasibət halları ilə də rastlaşdıq.  Bunnlardan biri bu xalqa məxsus olan tolerantlığın geniş yayılmasıdır. Onlar ölkədə yaşayan özgə xalqlara yaxşı yanaşırlar, heç bir ayrı-seçkilik nümayiş etdirmirlər. Bu sahədə onları ingilislərlə, fransızlarla müqayisə etmək olar. Burada Niderlandın keçmiş müstəmləkələrindən gəlmiş çox sayda insan yaşayır, onların arasında indoneziyalılar daha böyük diasporanı təşkil edirlər. Cənubi Amerika ölkəsi olan Surinamdan da buraya xeyli sayda adam gəlmişdir. Digər xaqlar içərisində xidmət sahəsində çalışan ərəbləri və türkləri göstərmək olar. Axırıncılar Belçikada, paytaxt Brüsseldə daha böyük saydadır.

Niderlandda  bizdə mövcud olan qadağaların bəziləri yox idi. Narkotiklərdən istifadədəki sərt tədbirlər də xeyli yumşaldılmışdır, müəyyən məhdudiyyətlər nəzərə alınmaqla onların tətbiqinə icazə verilir. SSRİ-nin şəhərlərində parkların çəmənliyində gəzməyə icazə verilmədiyi halda, orada tam başqa qayda hökm sürürdü. Narkomanlara nisbətən loyal münasibət hippilərə burada sığınacaq verilməsində də öz əksini tapmışdı. 1960-cı illərdə ABŞ-da geniş hippilər hərəkatı meydana gəlmişdi. Onlar öz ölkələrində müəyyən çətinliklərlə üzləşdiklərinə və ya şıltaqlıqlarına görə, Avropaya axışmışdılar. Amsterdamda onlar küçələrdə məskunlaşmışdılar, orada yatır və öz eybəcər "sərbəstliklərini" açıq nümayiş etdirməkdən də çəkinmirdilər. Hökumət bunun qarşısını almaq üçün boş mənzilləri yaşamaq üçün onlara verdi, lakin hippilər bunu öz həmrəyliklərinin, "azadlıqlarının" ləğvi kimi qiymətləndirib, şəhəri tərk etdilər və uzaq Hindistana yollandılar.

SSRİ-də isə adamlara çox sayda fobiya təlqin edilirdi, onları imperializm və dünya müharibəsi təhlükəsi ilə qorxududular. Mülki Müdafə ordusunun generalları istilik-nüvə müharibəsinin dəhşətləri barədə mühazirələr oxuyur, dərin zirzəmilərdə isə paytaxt şəhərlərinin öz fəaliyyətini davam etdirməsi üçün uri mərkəzlər yaradılırdı. Paradoks orasında idi ki, qeyri-real qorxutmalarla yanaşı, real təhlükələr nəzərə alınmırdı, misal üçün, respublikamızın titul xalqına - azərbaycanlılara yuxarıdan, başqasının torpağını zəbt etmək iddiasını tərgitməyən azlıq olan ermənilərə xüsusi münasbət göstərilməsi təzyiqləri edilirdi. Doğma torpağında yaşayan ilana, əqrəbə əlahiddə qayğı bəsləmək tələb edilirdi. Onların keçmiş düşmənçilik əməlləri büsbütün yaddan çıxarılmalı idi. Bu, gələcək üçün qoyulan bir mina idi və onun partlaması ilə həmin əhali qrupunun kənardan da vəhşiliklər şəklində kömək alması ilə gələcəkdə daha böyük miqyasda faciələr, fəlakət yaratması üçün möhkəm zəmin yaranırdı. Bədbəxtlikdən, elə bil ki, biz hamımız somnabulada idik, mənfur düşmənin hiyləsinə əhəmiyyət vermirdik. Ona görə də Azərbaycan xalqı öz taleyində olduqca dəhşətli hadisələri yaşamalı oldu. Lakin 2020-ci ilin sentyabr-noyabrındakı 44 günlük müharibədə qəti qələbə çalıb, torpaqlarını işğaldan azad etməklə, ölkəsinin ərazi bütövlüyünü bütünlüklə bərpa etdi. Vaxtilə doğma Şuşamızın Cıdır düzündə, faktiki iyrənc torpaq oğruları olan  Ermənistanın lovğa dövlət və hərbi "xadimləri" cəzasız qalacaqlarına arxayın olub, həm də işğalçı məğrurluğlarından başlarını itirib, sərxoş halda rəqs edirdilər. Bu özündən razılıq onlara baha başa gəldi. Hindu tayfa başçısının onlara qarşı vuruşan Amerikan generalı Protektorun davranışını oxşatdığı kimi, adətən özünə çox güvənən it quyruğunu dik tutur, daha heybətli güc qarşısında isə qorxuya düşdükdə, müti qaydada onu qılçalarının arasına salıb, qaçmağa, özünü haqlayan ölümcül təhlükədən uzaqlaşmağa çalışır. Misal fauna növünə aid olsa da, bu xüsusiyyəti bəzi siyasətçilərdə və hərbçilərdə də tapmaq çətin deyildir. Bilavasitə xəyanətkar ermənilər, birinci növbədə isə işğal siyasəti ilə öyünən Ermənistan qısa müddətdə gözləmədikləri ağır zərbəyə məruz qaldılar. Göründüyü kimi, bu zərbənin təkcə real deyil, fantom ağrıları da onlara hələ uzun müddət layiq olduqları əzabı verəcəkdir. Bədbəxtlikdən onlar tarixlərində üzləşdikləri acı dərslərdən heç vaxt nəticə çıxarmamışlar. Son ağır dərs onları qonşu xalqlara düşmənçilikdən birdəfəlik uzaqlaşdırmalıdır, bunu isə başqalarının deyil, məhz onların özlərinin ümdə milli mənafeyi təlqin edir.

Latışın macərasına gəldikdə, sonradan məlum oldu ki, bu, SSRİ DTK-sının oyunudur. İki ay sonra həmin latış SSRİ-yə qayıtmışdı. Mənim hesabatımda onun itməsi faktı vurğulandığına görə, qrup rəhbəri kimi mənə qarşı heç bir narazlıq eyhamı da edilmədi, lakin DTK-nın bu oyunu bizim səfərimizə müəyyən zəhər də qatmamış deyildi. Qədim romalılar həbi də zəhər hesab edirdilər, lakin onun dozasına fikir verirdilər. KQB-nin də bu dəfə heç bir dozaya məhəl qoymaması səfər təəssüratımıza öz mənfi təsirini göstərmişdi.

Bütövlükdə isə iki həftəyə yaxın Niderlandda olmağımız, bu ölkəyə qarşı bizdə müsbət hisslər yaratdı. Böyük filosof Volterdən fərqli olaraq biz bu kanallar və zəhmətkeş insanlar ölkəsindən, Rembrandtın və van Qoqun vətənindən xoş təəssüratlarla ayrıldıq.

Bu qəribə ölkədə bizim təəccübümüzə səbəb olan çox şeyləri gördük, onlar əvvəllər bizə tanış deyildilər. Müşahidə etdiyimiz bir mənzərə vasitəsilə isə bu xalqın minnətdarlığının nəyə ünvanladığını gördükdə, sitayiş obyektinin özü bizi heyrətə gətirdi. Yaxşı məlumdur ki, Niderland maldarlıqla yüksək qaydada məşğul olur, Frislandiya əyaləti isə ölkənin özünün də südçülük heyvandarlığında nümunə sayıla bilər. Dünyada geniş yayılmış və yüksək süd məhsuldarlığı ilə seçilən holland qara-alabula cinsi burada yetişdirilmişdir. Əyalətin mərkəzi Leuvardeledə inəyin təbii ölçüdə təsvir edildiyi tunc bir heykəlin pyedestalında friz dilində "Us mem" - "Bizim anamız" sözləri nəqş edilmişdir. Özləri üçün çörək ağacı olan inəyi "ana" adlandırmaqla, ona öz minnətdarlığını bildirən xalqa yalnız hörmət bəsləmək olar. Əsrlərlə əsasən heyvandarlıq məhsulları ilə qidalanan köçəri xalqlara, onların bəzilərinə hətta bitkiçilik, heç buğda çörəyinin özü də tanış deyildi, özlərinin oxşar ən vacib qida mənbələrinə də heç vaxt elə bir sitayiş bəsləməmişdilər. Hollandlar isə heç vaxt nə köçəri, nomad bir xalq olmamışdı, əkinçiliyi də yaxşı bacarırdı.

Bu xalq heç kəsin torpağına göz dikməmiş, heç bir ərazi işğal etməmiş, öz zəhməti ilə dənizdən xeyli yaşayış zonası qoparıb əldə edə bilməklə göstərmişdir ki, təbiətin sərvətləri olduqca boldur və bacardıqca ondan qənaətlə və səmərəli istifadə etmək böyük fayda verir. Hitlerin başçılıq etdiyi quduz alman nasistləri və ya bədnam qonşularımız kimi əlavə yaşayış məkanına sahib olmaq naminə, izafi ərazi qəsb etmək istəyənlər isə öz işğal siyasətlərinin puç olduğuna hökmən şahid olur, bu hərəkətlərindən böyük uduş gözlədikləri halda, nəticə etibarilə çox pis uduzmaqla, əks və olduqca ağır nəticənin sahibinə və acınacaqlı şahidinə çevrilməkdən qaça bilmirlər.

SON

 

 





18.09.2022    çap et  çap et