525.Az

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan


 

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan<b style="color:red"></b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor

 

 

 

 

Məşədi Əlimədəd Qazi oğlu Qurtlar

 

Məşədi Əlimədəd təqribən 1818-ci ildə Şuşa şəhərində anadan olub. Sabit bir peşə sahibi olmayan Məşədi Əlimədəd cavanlığında yasavulluq edər, şadlıq məclislərində tənbur çalmaq, bədahətən şeir, meyxana deməklə güzəranını keçirər, ömrünün axırlarında isə dərviş olub küçə və bazarlarda öz şeirlərini oxuyarmış. Şeirlərini "Mədəd" imzası ilə yazıb. O, təqribən 1878-ci ildə Şuşada vəfat edib.

Buradakı şeir nümunələri Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" əsərindən götürülüb.

 

Qoşmalar

 

Yenə ziyafətdir xublar evində,

Mahvəşlər bir yığnağa düşübdür.

Eyham edər, bir-birinə naz edər,

Qaş-gözləri oynamağa düşübdür.

 

Şirinlər söhbəti, hekayətləri,

Var işvəsi, nazü nəzakətləri,

Vacibdir Kəbətək ziyarətləri,

Əlim yetmir, min iraqə düşübdür.

 

Əlvan olub gül hənadən əlləri,

Qucmalıdır gərdənləri, belləri,

Sona çığasıtək sərdən telləri

Əfşan olub, gül yanağə düşübdür.

 

Gözəllərin padşahı, sərvəri,

Fələyin istəkli mahi-ənvəri,

Mədəd sevib bir Leylivəş dilbəri,

Məcnunsifət dağdan dağə düşübdür.

 

Vəsfin edim boyun qonaqlarının,

Ağ gül kimi bədən, buxaqlarının,

Həsrətindən şəkər dodaqlarının

Lalə dağə, qönçə bağə düşübdür.

 

lll

 

Sevgili sultanım, istəkli xanım,

Yadlarınan aşinalıq eyləmə.

Dön başına könül sevən aşiqin,

Hər nakəsə ilticalıq eyləmə.

 

Qoynun içi qızıl gülün çəməni,

Dodaqların ləlü mərcani-Yəməni,

Aşiqinəm, hər dəm yada sal məni,

Vəfalı yar, bivəfalıq eyləmə.

 

Nə müddətdir həsrətini çəkərəm,

Gözlərimdən qanlı yaşlar tökərəm,

Vəfalı qulunam, sənə nökərəm,

Padşahım, gəl gədalıq eyləmə.

 

Hüsnün düşüb Dağıstanə, Dərbəndə,

Dodaqların bənzər nabata, qəndə.

Bir busə lütf eylə mən dərdiməndə,

Ağrın alım, nakəsalıq eyləmə.

 

Müxəmməs

 

Nə xoşdur bir güləndamın başın almaq qucaq üstə,

Müsəlsəl zülfünə etmək tamaşa gül yanaq üstə,

Etmək şirin təkəllüm hər dəm, bir xoş səyaq üstə,

Öpüb məstanə çeşmindən, qoymaq dodaq dodaq üstə,

Verər çox nəşə damağə qoşa gəzmək ayaq üstə.

 

Götürüb tellərin hər dəm ruyindən kənar etmək,

Heyrət gözüylə baxıb, camalına güzar etmək,

İçirdib badeyi-gülgun, qılıb məstü xumar etmək,

Açılsa sinədən bəndi necə olur namuslar etmək,

Görüncə iki şamamə yetişmiş tazə tağ üstə.

 

Edib yüz nazilə əfşan, açıb geysulərin ölçmək,

Gəhi işvə, gəhi qəmzə, gəhi vəqt oynayıb gülmək,

Gəhi öpmək, gəhi qucmaq, gəhi dəm oynayıb gülmək,

Durub min şövqilə baği-vüsalından gülün dərmək,

Üz üz üstə, qolu boynunda ola yatmaq damağ üstə.

 

Girib səhni-gülüstanə dolanmaq nazilən bağı,

Tutub nazik əlin gəzmək gəhi solu, gəhi sağı,

Görəndə ağlaya yüz qan ləbində qönçə yaprağı,

Urubdur bənzi-zəncirə siyəh xal əhli-üşşaqi,

Qurib dəstə, çəkib ləşkər getmək şəhri-əraq üstə.

 

Çəkib bir künci-pünhanə, edəsən eyş ilə işrət,

Yanınca mütribi-xoşhal edə şamü səhər söhbət,

Sevəsən bir gülüzarı, görəsən dünyada ləzzət,

Mədədi öldürür, yaran, belə dərdü, belə möhnət,

Görübdür bivəfa gülün bu gün bu xarı zağ üstə.

 

Mirzə Hüseyn Salar

 

Mirzə Hüseyn Məmmədağa oğlu Salar Şuşada anadan olmuş və təhsilini də orada almışdı. Fars, ərəb və rus dillərini mükəmməl bilən Mirzə Hüseyn müasirləri arasında istedadlı şair və savadlı mirzə kimi tanınıb. Bu qabiliyyətinə görə ilk "Qarabağnamə" müəllifi Mirzə Adıgözəl bəy onu əməkdaşlığa cəlb edib. Salar onun şifahi şəkildə diktə etdiklərini mirzə kimi qələmə almış və sırası gəldikcə təsvir olunan hadisələrlə səsləşən özünə məxsus şeir nümunələri də əsərə əlavə etmişdi.

Şair haqqında dövrün mənbələri az da olsa məlumat vermişlər. O, əsərlərini klassik üslubda "Salar" və "Hüseyn" təxəllüsləri ilə yazmış, "Məclisi-fəramuşan"ın üzvlərindən olmuşdu. Şair 1878-ci ildə Şuşa şəhərində vəba xəstəliyindən vəfat edib. Aşağıda verilmiş şeir nümunələri "Təzkireyi-Nəvvab", "Riyazül-aşiqin" və AMEA ƏYİ-də saxlanılan mənbələrdən götürülüb.

                                  

Qəzəllər

 

Mari-siyahi-zülfün edib xanə könlümü,

Qıldı məhəlli-gənc bu viranə könlümü.

 

Tiri-bəlayə etdi hədəf aqibət məni,

Ya Rəb ki, seydvəş görüm oxlanə könlümü.

 

Qəmzən çəkib xədəng, qaşın tir ilə kəman,

Qanlı kimi çəkər hərə bir yanə könlümü.

 

Qoyma ki, şanə dil uzada tari-zülfünə,

Allaha bax, batırmagilən qanə könlümü.

 

Xalın həvasilə könül qondu zülfünə,

Axır əsiri-dam elədi danə könlümü.

 

Hər sübhdəm əsiri-dilxəstə eyləyir,

Gahi nəsimi-sübh, gəhi şanə könlümü.

 

Salarını qoyub qəmi-hicranda mübtəla,

Rəhm eyləməz, edər yenə viranə könlümü.

 

lll

 

Ləbin sormağa ağzından, könül, yarın cavab istər,

Əcəb aşüftə qafildir ki, yox yerdən xitab istər.

 

Əl vurma zülfünə, şanə, dolaşma ol pərişanə,

Belə zəncirəfşanə əsir olmağa tab istər.

 

Xalın sirrin məni-müztər sorardım, söylədi ləblər,

Bunu təfsir qılsam gər, bu nüktə min kitab istər.

 

Ümidim vardı ol həmdəm edə zəxmi-dilə mərhəm,

Necə ki, qazidən hər dəm vəkil tez-tez cavab istər.

 

Hüseynin qanın ol dilbər içib canə salıb əxgər,

Bəli, mey nuş edən kəslər, bu adətdir, kabab istər.

Son

 





18.09.2022    çap et  çap et