525.Az

Rusiyanın strateji məğlubiyyəti - Xaqani Cəfərli yazır


 

Rusiyanın strateji məğlubiyyəti - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Prezident Vladimir Putinin iyirmi ildən artıq müddətdə 1.1 trilyon dollar sərf edərək qurduğu və dünyanın ikinci ordusu kimi təqdim olunan Rusiya ordusu Ukraynada demək olar ki, məhv edilib. ABŞ-dakı Müharibə Tədqiqat İnstitutunun (ISW) hərbi analitiki Corc Barrosa görə, Rusiya öz silahlı qüvvələrini yenidən qurmalı olacaq: "Kremlin müasir ordu yaratmaq üçün son iyirmi ildə qurduğu quru qoşunları Ukraynadakı müharibənin son altı ayında böyük ölçüdə məhv edilib".

Corc Barrosun və Rusiya ordusunun Ukraynada böyük ölçüdə məhv edildiyini iddia edən digər ekspertlərin fikirləri son günlərə qədər şübhə altına alınırdısa, Xarkov ətrafındakı döyüşdən sonra bu fikir aparıcılıq qazanıb. Böyük Britaniya kəşfiyyatının yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində Rusiyanın NATO ilə müharibəyə hazırladığı ordu birliyini darmadağın edib. Söhbət Rusiyanın ən yüksək döyüş qabiliyyətinə malik hərbi birləşməsi hesab olunan 1-ci Qvardiya Tank Ordusundan gedir.

Bu ordu NATO-ya qarşı müharibə üçün hazırlanmışdı və La-Manşa qədər gedib çıxacağı iddia olunurdu. Avropada təhdid mənbəyi kimi qəbul olunan bu birləşmə 2016-cı ilin əvvəlində yaradılıb. Krımın ilhaqından sonra Qərblə münasibətlərin gərginləşməsi fonunda yaranan 1-ci Qvardiya Tank Ordusuna Rusiyanın məşhur Kantemirov tank diviziyası və Tamansk qvardiya motoatıcı diviziyası daxil edilmişdi. Yaradıldığı zaman 1-ci Qvardiya Tank Ordusu T-72B3, T-80 əsas döyüş tankları, BMP-2 piyadaların döyüş maşınları, həmçinin, 130-dan çox digər növ və modifikasiyalı hərbi texnika ilə silahlandırılmışdı. NATO ilə müharibə üçün hazırlanmış ordunun tərkibinə artilleriya, zenit bölmələri və raket qoşunları daxil edilmişdi. "Çox böyük döyüş potensialına malik" ordu kimi xarakterizə edilən və Avropada qorxu yaradan bu hərbi birləşmə Xarkov vilayətində, İzüm şəhəri ətrafında darmadağın edilib.

Ukrayna Silahlı Qüvvələrinin güclü əks-hücumu nəticəsində avqustun 29-dan sentyabrın 12-dək Xarkov vilayətində Rusiya ordusunun 442 ədəd texnika itirməsi vizual olaraq təsdiqlənib. Ən çox itkiyə isə 1-ci Qvardiya Tank Ordusu məruz qalıb. Rusiya ordusunun itirdiyi hərbi texnikanın 237-sini, yəni 54 faizini Ukrayna ordusu qənimət olaraq ələ keçirib. Ukrayna ordusunun döyüş meydanında ələ keçirdiyi texnikanın siyahısına 79 ədəd piyadaların döyüş maşını, 45 ədəd tank, 41 ədəd yük avtomobili, 11 ədəd özüyeriyən artilleriya qurğusu, 15 ədəd zirehli texnika, 7 ədəd hərbi mühəndis qurğusu, 5 ədəd yaylım atəşli raket sistemi, 5 ədəd qoşqu artilleriya qurğusu, 5 ədəd pilotsuz uçuş aparatı, 6 ədəd komanda və rabitə məntəqəsi, 2 ədəd tank əleyhinə özüyeriyən raket sistemi və digər hərbi texnika daxildir. Rusiya ordusunun itkisi o qədər böyükdür ki, rəsmi şəxsləri qeyri-ciddi açıqlamalar verməyə vadar edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynanın ələ keçirdiyi Rusiya tanklarını, artilleriyasını, zirehli transportyorlarını, hava hücumundan müdafiə sistemlərini, radar stansiyalarını və yüzlərlə ton sursatı geri qaytarması üçün BMT Təhlükəsizlik Şurasında məsələ qaldıracaqları ilə bağlı gülüş doğuran açıqlama ilə çıxış edib.

Xarkov vilayətində Rusiya ordusunun məruz qaldığı məğlubiyyət fevralın 24-dən ötən müddətdə ikinci uğursuzluğu olsa da, bu hadisənin strateji əhəmiyyətini artıran 1-ci Qvardiya Tank Ordusunun məğlub olmasıdır. Çünki bu hərbi birləşmə Avropa üçün əsas təhdid olmaqla yanaşı, Rusiya hücuma məruz qalacağı halda Moskvanın müdafiəsi üçün hazırlamışdı. Eyni zamanda, bu ordu rejimin əsas müdafiə gücü idi. Belə fikirlər var ki, əsas qüvvələri Moskva vilayətində yerləşdirilən 1-ci Qvardiya Tank Ordusu rejimə qarşı kütləvi çıxışların qarşısını almaq üçün də yaradılmışdı. İndi isə Moskva müdafiəsiz qaldığı kimi, rejim də əsas güclərindən birindən məhrum olub. Hərbi ekspertlər hesab edir ki, 1-ci Qvardiya Tank Ordusunu bərpa etmək üçün ən azı bir il vaxt lazımdır. Rusiyanın itirdiyi nəhəng hərbi texnikanı ələ keçirən Ukrayna ordusu isə daha da güclənib.

Rusiya Müdafiə Nazirliyinin "İzüm-Balakley qoşun qrupunun mütəşəkkil köçürülməsi əməliyyatı" adını verdiyi bu hadisənin Rusiya üçün nəticəsi həqiqətən strateji məğlubiyyətdir. Çünki Rusiya ordusu qorxunc miqdarda hərbi texnika ilə yanaşı, çox böyük sayda da canlı qüvvə itirib. Gürcüstanın üçüncü prezidenti, Ukrayna Prezidenti yanında İslahatlar üzrə Komitənin rəhbəri Mixail Saakaşvilinin açıqladığı məlumata görə, Rusiya ordusunun 150 nəfərə yaxın zabiti, 800 nəfərdən çox əsgəri əsir düşüb. Ukrayna mənbələri isə ölən və yaralananların sayının minlərlə olduğunu bildirir. Mixail Saakaşvili hesab edir ki, Rusiya ordusununXarkov ətrafında məruz qaldığı məğlubiyyət 1856-cı il Krım müharibəsindən sonra ən böyük uğursuzluqdur.

Hərbi ekspertlər "Orlan-10" Pilotsuz Uçuş Aparatının sənədlərin tam dəstinin Ukrayna hərbçilərinin əlinə keçməsini də uğur adlandırırlar. Ekspertlər hesab edir ki, bu olay Rusiya dronlarına qarşı sistemləri hazırlayan mütəxəssislər üçün böyük qənimətdir.

Xarkovdan sonra Rusiya ordusunun Xersonda da ağır məğlubiyyətlə üzləşməsi ehtimalı var. Hətta bəzi ekspertlər Xersonda, Dnepr çayının sağ sahilində "tələyə düşmüş" hərbi hissələrin məğlubiyyətinin Xarkov ətrafındakı çöküşdən daha qorxunc ola biləcəyini ehtimal edirlər.

Xarkov ətrafında 1-ci Qvardiya Tank Ordusunun dəhşətli məğlubiyyəti hərbi nəticələrlə yanaşı, siyasi nəticələr də doğurmağa başlayıb. Ukrayna işğal altındakı bütün torpaqlar azad olunmadan Rusiya ilə danışıqlar aparmaqdan imtina edir. Rusiyanın hərbi gücü haqqında yaranmış əfsanə də sürətlə dağılır. Corc Vaşinqton Universitetinin professoru Robert Orttunq bildirib ki, Rusiyanın Ukraynada üzləşdiyi dəhşətli məğlubiyyət Rusiyanın hərbi gücünün qiymətləndirilməsini kəskin şəkildə dəyişdirəcək: "Rusiya ordusu bizim düşündüyümüz qədər güclü deyil".  Professor Robert Orttunq hesab edir ki, Suriyadakı müharibədə Rusiyanın qalib gəldiyi və Qərb strategiyasının məğlub olduğu qənaəti yaranmışdı. Bu isə Moskvanın hərbi qüdrətinə dair təbliğata böyük təkan vermişdi. İndi isə həmin əfsanə dağılıb.

Xarkov ətrafında Rusiya ordusunun ağır məğlubiyyətinin doğuracağı siyasi nəticələr bununla bitməyəcək. Əksinə, hərb meydanında məruz qaldığı strateji məğlubiyyət Rusiyanın siyasətdə də strateji məğlubiyyətini qaçılmaz edəcək.

 

 

 





18.09.2022    çap et  çap et