525.Az

İqtisadçı ekspert: "Dövlət illərdir inhisarçılığa qarşı mübarizə aparsa da Rəqabət Məcəlləsi hələ də mövcud deyil"


 

Rəqabət Məcəlləsi payız sessiyasında Milli Məclisə daxil olacaq

İqtisadçı ekspert: "Dövlət illərdir inhisarçılığa qarşı mübarizə aparsa da Rəqabət Məcəlləsi hələ də mövcud deyil"<b style="color:red"></b>

"Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi Milli Məclisə payız sessiyasında daxil olacaq". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib. 

Məsələ ilə bağlı 525.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Rəqabət Məcəlləsi qəbulu ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək:

"Rəqabət Məcəlləsi uzun illərdir ki, müzakirə mövzusudur. Amma həmin məcəllənin qanunvericilik aktının parlamentdə qəbulu hələ də yubanır. Bazar iqtisadiyyatının əsas hərəkətverici cəhətlərindən birini rəqabət amili təşkil edir. Bilirsiniz ki, bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatdan dövlət nəzarəti götürüldüyü üçün dövlət sadəcə olaraq əlindəki tənzimləyici vasitələrlə iqtisadiyyatı idarə edir. Amma bu sahənin inkişafında bilavasitə özü şəxsən iştirak etmir. Bazar amilinin məğzı ondan ibarətdir ki, iqtisadiyyatda rəqabət olur və bu da inkişaf üçün bir növ katalizator rolunu oynayır. Ölkə iqtisadiyyatı addım-addım inkişaf edir, ötən illər ərzində çox böyük nailiyyətlər əldə olunub. Bununla belə bizdə rəqabət amilinin olmaması müəyyən buxovlar yaradır. Əgər biz indiyə qədər normal bir rəqabət şəraiti təmin etmiş olsaydıq, inkişafımız indikindən daha yüksək ola bilərdi. Onsuz da bu məcəllə xeyli yubanıb, ancaq indi parlamentdə qəbulu ölkə iqtisadiyyatının inkişafına çox mühüm töhfə verəcək. Nəhayət ki, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq belə bir məcəllənin olması nəticəsində təbii iqtisadi qanunların normal fəaliyyət göstərməsinin şahidi ola biləcəyik. Ölkədə inhisarçılığa qarşı hökumət tərəfindən daim mübarizə aparılıb. Ancaq bu özü də paradoksal hallardan biridir ki, dövlət illərdir inhisarçılığa qarşı mübarizə aparsa da Rəqabət Məcəlləsi hələ də mövcud deyil. Bu paradoksallığı aradan götürmək üçün məcəllənin məhz bu il ərzində qəbulu fövqəladə bir hadisə olardı. Bir şeyi də vurğulamaq istərdim ki, şərt təkcə o məcəlləni qəbul etmək deyil, həm də məcəllənin normal icrasıdır".

Aytac SƏHƏD

 





19.09.2022    çap et  çap et