525.Az

Sülhə zərbə vuran səfər


 

Sülhə zərbə vuran səfər<b style="color:red"></b>

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalar regionda onsuz da kövrək olan vəziyyətin daha da gərginləşməsinə hesablanmaqla yanaşı, sülh prosesinə də zərbə vurdu. Pelosi daim ermənipərəst mövqe tutub, illərlə Azərbaycan torpaqlarının işğalına, bütün hüquqları tapdanan qaçqın və məcburi köçkün probleminə göz yumaraq, işğalçıya haqq qazandırıb.

Ondan bundan sonra ədalətli mövqe gözləmək sadəlöhvlük olardı. Lakin ən azı İrəvana səfərini indiki vaxtda etməyə bilərdi. Çünki Ermənistanın 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatdan sonra vəziyyət tam sabitləşməyib. Onun baş vermiş hadisələrə qeyri-obyektiv, birtərəfli yanaşması isə sülhə deyil, pozuculuğa xidmət edir. Məlumdur ki, onun ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfəri ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biridir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı, politoloq Sergey Markedonov səfərin nəticələri ilə bağlı feysbukda yazıb ki, hətta ABŞ-a skeptik yanaşan bəzi Teleqram kanalları (məsələn, erməni vendettası) Vaşinqtonun nəhayət Ermənistanın tərəfini tutduğunu yazır. Guya bu, Pelosinin Azərbaycanın "ölümcül hücumlarını" pisləməklə bağlı bəyanatlarından irəli gəlir: "Amma bu, belə deyil və hadisələrin inkişafı tezliklə bu qənaətin doğruluğunu göstərəcək".

O xatırladıb ki, ABŞ Türkiyə ilə (NATO-nun üzvü, blokun ikinci hərbi qüvvəsi) əməkdaşlıqdan imtina etməyəcək: "Birləşmiş Ştatlar, xüsusən də strateji müttəfiqi olan Avropa İttifaqında enerji problemləri fonunda Azərbaycan və Ermənistan arasında seçim etməyəcəklər. Və təbii ki, onlar Bakının ən mühüm tərəfdaşı olan İsraili buraxmayacaqlar. Onlar üçün İranı cilovlamaq, Türkiyəni "geosiyasi ekzotik"dən uzaq tutmaq və Rusiyanı Qafqazdan sıxışdırmaq üç əsas məqsəddir. Super vəzifə isə ümumilikdə kiminsə, konkret olaraq isə Moskva, Ankara və Tehranın Avrasiya İttifaqında müttəfiqliyinə mane olmaqdır. Bu, açardır. Ermənistan sürətli şəkildə NATO-ya qəbul edilməyəcək, hətta Gürcüstan və Ukraynanın hələ orada Üzvlük üzrə Fəaliyyət Planı yoxdur, Rusiyanın yerinə sülhməramlılar da göndərməyəcəklər".

Politoloq əlavə edib ki, "Artsax"ın qaytarılmasından söhbət belə gedə bilməz, Bakıya və ya Ankaraya qarşı "səlib yürüşü" olmayacaq: "Nöqtə və beş nida! Son olaraq Moskvanın bugünkü mövqeyi daha aydın olsaydı, bütün bu yüksək gözləntilərdən, "Amerikanofili" partlayışlarından qaçmaq olardı".

Erməni analitik Arqişti Kiviryan isə hesab edir ki, Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə cəbhəyə cəlb etməkdir: "Nensi Pelosi Qafesçiyan İncəsənət Mərkəzinə gedib, Avarayr döyüşünü əks etdirən tablonun qarşısında dayanıb və burada ermənilərin farslara qarşı müharibəsinin təsvir olunduğunu izah etməyə başlayıb. Birbaşa mətnlə yalnız beyinsizlərə demək olar ki, o, həqiqətən Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir: hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır.

"Vilsonun yetimləri" isə düşıünürlər

ki, Pelosi onları xilas etməyə gəlib. Və bu Pelosinin günahı deyil. Adam düşünür: əgər bu insanlar Vilsonun makulaturasına kütləvi şəkildə inanırlarsa, bu xalqı hər şeyə inandırmaq olar".

 Deputat Rasim Musabəyov düşünür ki, Pelosinin Ermənistana səfəri ərəfəsində hava limanından İrəvana gedən magistral yolda prezident Vladimir Putinin rus və erməni bayraqları fonunda "Əbədi birlikdə" yazılmış fotosu olan nəhəng lövhə sökülüb. Ermənistan parlamentinin spikeri Alen Simonyanın, eləcə də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son sərhəd toqquşmalarına qeyri-qənaətbəxş reaksiya vermələrinə görə Moskva və KTMT-yə qarşı ictimai narazılığı nəzərə alaraq, bu, Paşinyan hökumətinin Moskvadan Fransa və ABŞ-a müttəfiq vektorunu kəskin şəkildə dəyişmək niyyətlərinin xəbərçisi ola bilər. Maraqlıdır ki, sərhədlərini Rusiya sərhədçiləri qoruyan, təhlükəsizliyi RF Silahlı Qüvvələrinin 102-ci bazası, orduları Rusiyadan pulsuz alınan hərbi texnika ilə silahlanan və zabitlər tamamilə Rusiya akademiyalarının məzunları olan bu dar düşüncəli, lakin "çox qətiyyətli" siyasətçilər Ermənistanın kursunda kəskin dəyişiklik etməyi necə düşünürlər? Ölkədə bütün strateji infrastruktur (elektrik şəbəkələri, qaz kəmərləri, telefon və mobil rabitə, dəmir yolları, atom elektrik stansiyaları və s.) Rusiya şirkətlərinin idarəçiliyinə keçib və ya mülkiyyətindədir. Ermənistanın əhalisinin və büdcəsinin gəlirləri Rusiyaya ixrac və bu ölkədən pul köçürmələri ilə bağlıdır. Bu asılılıq səviyyəsi ilə Ermənistanın suverenliyi şərti olmasa da, çox məhduddur. Fransa prezidenti Makronun və ya Pelosinin gözəl sözləri öhdəlik deyil və bu güclərin Ermənistanın təhlükəsizliyi üçün maliyyə yükünü və məsuliyyətini öz çiyninə götürməyə hazır olduğunu göstərmir. O yan bu yana yellənmək dövlət siyasətində təhlükəli diletantlığın əlamətidir. Ermənistan üçün geosiyasi koordinatların real həyat sistemində bu, ekzistensial təhlükələrlə doludur. Deməli, dövlət gəmisinin sükanı arxasında duran siyasətçilərin sözləri və hərəkətləri ölkəni xoşbəxt sahilə aparmaya bilər".

 

 





20.09.2022    çap et  çap et