525.Az

Fransadakı səfirliyimizə qarşı vandalizm aktı


 

PARİS NİYƏ SUSUR?

Fransadakı səfirliyimizə qarşı vandalizm aktı<b style="color:red"></b>

Ermənistan ordusunun 12-13 sentyabrda Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatdan sonra radikal ermənilər bir sıra ölkələrdəki səfirliklərimizə hücum etməyə başlayıblar. Ermənilər Livan, Gürcüstan, ABŞ, Fransa, Yunanıstan və bir sıra digər ölkələrdə Azərbaycan əleyhinə aksiyalar təşkil edir, radikal hərəkətlər edir və səfirliklərimizə hücuma cəhd göstərirlər.

Livan, Gürcüstanda polis radikalların səfirliklərə hücumuna imkan verməsə də, Fransa da bunun əksini gördük. Təəssüf doğuran hal budur ki, özünü demokratiyanın mərkəzi hesab edən Fransa beynəlxalq Vyana Konvensiyasını pozaraq diplomatik korpusun təhlükəsizliyinin təmini üçün heç bir addım atmadı. Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Yayılmış görüntülərdə azğınlaşmış ermənilər Azərbaycanın diplomatik korpusunun binasına daxil olmağa çalışır, binanı qarşısındakı dəmir maneələri qırır, giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışırlar. Səfirliyin bir əməkdaşı qırılmış qapını saxlayaraq, radikalların binaya daxil olmasına imkan vermir. Fransız polisi isə nəzərə çarpmır, erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmür.

Bununla bağlı ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev Tvitterdə yazıb: "Fransada yaşayan erməni radikallar Azərbaycanın Parisdəki səfirliyinin binasına hücum edib. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumadığına və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymadığına görə Fransaya ayıb olsun".

Azərbaycanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat verib. Qeyd olunub ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir: "Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyatı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir".

Baş Prokurorluqda isə Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa illərdir ki, Ermənistana verdiyi dəstəklə həm də işğala, separatizmə dəstək verib. Bu özünü 30 ilə yaxın ATƏT-in Minsk qrupunda həmsədr olduğu illərdə də, 44 günlük Vətən müharibəsində də göstərib. Fransa müharibə günlərində açıq şəkildə işğala, bir ölkənin ərazi bütövlüyünün pozulmasına, onun ərazisində separatizmin yuva salmasına haqq qazandırıb. Müharibədən sonra münasibətlərin normala düşəcəyini gözləmək olardı. Çünki ən azı Azərbaycanla olan iqtisadi əlaqələr Fransa üçün də vacibdir. Digər tərəfdən, Avropa İttifaqının əsas ölkələrindən olan Fransa qurumun Azərbaycanla münasibətlərini, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu qiymətləndirməli idi. Baş Prokurorluğun açıqladığı və görüntülərdə də əks olunduğu kimi, radikallar əllərində silah qismində istifadə etdikləri əşyalarla inzibati binaya və ətraf əraziyə maddi ziyan vurublar. Fransanın susqunluğu, təhlükəsizlik qüvvələrinin hadisəyə müdaxilə etməməsinə rəğmən bütün dünyanın gözü qarşısında baş verən bu təcavüz aktı "demokratiya, ədalət çarçısı" üçün heç də müsbət imic yaratmır. Nəzərə almaq lazımdır ki, bu gün Fransa və onun lideri artıq əvvəlki nüfuza da malik deyil.

Deputat Vüqar Bayramov hadisə ilə bağlı feysbukda yazıb: "Parisdə beynəlxalq tədbirdə iştirak edərkən ermənilər bu şəhərdəki səfirliyimizə hücum edir, güc tətbiq edərək səfirlik binasına daxil olmağa çalışırlar. Demokratiya qonşu dövlətin torpağını 30 il işğal altında saxlayıb, şəhər və kəndləri xarabalığa çevirib, 700 mindən çox insanı öz dogma torpaqlarından didərgin salıb onun xarici səfirliklərinə barbarcasına hucum etməkdirmi? İrəvanda əsassız bəyanatlar verənlər bu haqda da düşünməlidirlər".

 

 





20.09.2022    çap et  çap et